Siyasi partiyaların maliyyələşməsi ilə bağlı seminar keçirilib Siyasət

Siyasi partiyaların maliyyələşməsi ilə bağlı seminar keçirilib

Dünən Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi" mövzusunda seminar keçirilib. Seminarda MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak edib.
MSK sədri Məzahir Pənahov çıxış edərək deyib ki, Azərbaycanın müstəqillik qazanması ilə siyasi partiyalar fəaliyyətə başlayıb və ölkədə çoxpartiyalılıq bərqərar olub: "Hazırda Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyalarla qarşılıqlı əlaqə sahəsində MSK əsas qurumlardan biridir. Hazırda siyasi partiyaların fəaliyyətində irəliləyişlər var. Ölkələrdə hakimiyyət seçkilər yolu ilə formalaşmalıdır. Bu baxımdan siyasi partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik qazanandan sonra Qərb sivilizasiyasının bir hissəsi olduğunu bəyan edib və qanunvericiliyini buna uyğunlaşdırıb. Hakimiyyət uğrunda mübarizə xalqa xidmət məqsədii güdür və buna görə də siyasi partiyaların fəaliyyət şəffaf olmalıdır".
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri D. Filipoviç deyib ki, layihə Şərq Tərəfdaşlığı Proqrammı çərçivəsində həyata keçirilir və məqsəd partiyaların fəaliyyətində şəffaflığa nail olmaqdır: "Bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmirlər. İnanırıq ki, bir müddət sonra bütün partiyalar MSK-ya maliyyə hesabatlarını təqdim edəcəklər. MSK partiyaları maliyyə hesabatlarını vaxtında təqdim etməyə dəvət edib. Bununla əlaqədar MSK-ya əlavə işçilər cəlb olunub. Partiyaların maliyyə fəaliyyətinin şəffaflığı Avropa Şurası tövsiyələrində əksini tapır. Maliyyə hesabatlarının təqdim olunmasının əhəmiyyəti odur ki, kiçik partiyalar təzyiqlərə məruz qalmasın".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri M. Mard diqqətə çatdırıb ki, müasir, demokratik dövlət quruculuğunda siyasi partiyaların rolu böyük əhəmiyyətə malikdir. Cinayət, korrupsiya yolu ilə qazanılmış pulların partiyaların maliyyələşməsinə daxil olmasının qarşısının alınması üçün müxtəlif yollar var. Bəzi ölkələrdə bu sahədə problemlər var. Ümumi siyasi dəyərlərin formalaşmasında şəffaflığın böyük rolu var".
MSK sədrinin müavini Natiq Məmmədov 2 ildir ki, MSK-nın partiyaların maliyyə hesabatlarını qəbul etdiyini, bununla əlaqədar MSK-da 2 sektor yaradıldığını, bu işlə ümumilikdə 10 nəfərin məşğul olduğunu bildirib: "Ölkəmizdə korrupsiyaya qarşı mübarizə proqramları həyata keçirilir və tədbirlərimiz də bu sahədə bir töhfədir".
Qurum rəsmisi partiyaların maliyyə hesabatı ilə bağlı qanunvericilik barədə geniş məlumat verib.
Seminar iştirakçıların çıxışları ilə davam edib.