Parlamentin Xocalı soyqırımına dair qərarı... Siyasət

Parlamentin Xocalı soyqırımına dair qərarı...

Arzu Şirinova

Erməni və rus silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində qəddarcasına həyata keçirdikləri soyqırımın 22-ci ili ərəfəsindəyik. Hər il olduğu kimi çox güman bu il də XX əsrin faciəsi kimi qəbul olunan bu hadisənin öz dəqiq hüquqi-siyasi qiymətini alıb-almaması ətrafında müzakirələr başlayacaq. Yola saldığımız illərin hər birində belə olub-bu barədə fikir bildirənlərin əksəriyyəti Xocalı soyqırımının hələ də dəqiq qiymətini almadığını düşünür və bu mövqelərini əsaslandırmağa çalışırlar. Onların fikrincə, Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün bu haqda xüsusi qanunun qəbulu çox zəruridir. Amma əksini düşünənlər də tapılır. Və deyirlər ki, belə bir qanuna ehtiyac yoxdur. Onların qənaətincə, Milli Məclis Xocalı soyqırımına tam hüquqi qiymət verib, konkret hadisə ilə bağlı qanun qəbul edilmir. Yəni qanunların əsas funksiyası konkret sahələr üzrə fəaliyyətin tənzimlənməsidir.
Ancaq hüquqşünaslar başqa fikirdədirlər. Onlar qəti olaraq hesab edirlər ki, faciəyə qəti hüquqi-siyasi verilməlidir. Təbii ki, Azərbaycan xalqının yaşadığı ən ağır faciələrdən biri olan Xocalı soyqırımı öz dəqiq qiymətini almalıdır. Fikir verin, ermənilər 1915-16-cı illərdə "soyqırım"a məruz qaldıqlarını iddia edərək, öz qondarma faciələrini bütün dünyada tanıtdırmaqdan ötrü necə səylər göstərirlər. Bu baxımdan, Azərbaycan da Xocalı faciəsinə dəqiq hüquqi-siyasi qiymət verməli və bunun dünyada tanınıb-qəbul edilməsinə çalışmalıdır. Üç il bundan əvvəl Türkiyədə olarkən, qardaş ölkənin jurnalistlərilə Xocalı soyqırımı haqda söhbətimiz oldu. Onlar bizə irad tutdu ki, siz Türkiyəni qınayırsınız, amma Azərbaycan parlamenti Xocalı hadisələrini hələ də soyqırım kimi tanımayıb. Əlbəttə, belə iradlar bizim üçün ürəkağrıdıcıdır. Düzdür, parlamentin bu haqda müəyyən qərarları var. Amma etiraf olunmalıdır ki, parlamentin Xocalı faciəsinə dair qərarlarında bir natamamlıq özünü göstərir. Bunu da təbii qarşılamaq lazımdır. Yəni o dönəmdə hakimiyyət dəyişikliyi yeni baş vermişdi, ölkənin ictimai-siyasi durumu kifayət qədər mürəkkəb idi va s. Lakin artıq vəziyyət tam fərqlidir. Ona görə də, Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı geniş müzakirələr təşkil olunmalı, hadisəyə qəti, hüquqi-siyasi qiymət verilməlidir. Digər tərəfdənsə, bu hadisələrin səbəbləri haqda danışarkən, "daxildə düşmən axtarmaq" tendensiyasından da imtina olunmalıdır. Çünki bizim düşmənimiz bəllidir-bu, ermənilərdir.
Xocalı soyqırımına dair qanunun qəbul olunmasına ehtiyac görməyən və tərəddüd edənlərin nəzərinə-bu günə qədər dünyanın onlarla ölkəsinin parlamentləri və nüfuzlu beynəlxalq qurumlar səviyyəsində qondarma erməni soyqırımını tanıyan hüquqi sənədlər, o cümlədən də, qanun qəbul olunub. Daha dəqiq təsəvvür yaramaq üçün həmin xronologiyanı xatırlatmaq yerinə düşər:

* 1965-ci il aprelin 20-də Uruqvay parlamenti "Erməni soyqırımını anma" gününün təsis olunması haqda qərar qəbul edib.
* 1965-ci il iyulun 15-də Helsinkidə təşkil olunmuş Sülh Tərəfdarlarının Konqresində qondarma erməni soyqırımı pislənilib.
* 1975-ci il aprelin 24-də Cənubi Kiprin Hümayəndələr Palatası "erməni soyqırımını anma" gününün təsis olunması haqda qətnamə çıxarıb.
* 1982-ci il aprelin 29-da Cənubi Kiprin Hümayəndələr Palatası "erməni soyqırımı"nın tanınmasına qərar verib.
* 1983-cü il avqustun 10-da Ümumdünya Kilsələr Şurası "erməni soyqırımı"nı pisləyib.
* 1984-cü il aprelin 16-da Xalqların Daimi Tribunalının xüsusi sessiyasında "erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edilib.
* 1985-ci il aprelin 23-də Argentina Milli Konqresi "erməni soyqırımı"nı pisləyən qərar qəbul edib.
* 1985-ci il iyulun 2-də BMT-nin azlıqların müdafiəsi Alt Komitəsi "erməni qırğını"nı "soyqırım" kimi tanıyıb.
* 1987-ci il iyunun 18-də Avropa Parlamenti "erməni soyqırımı"nın pislənilməsi haqda xüsusi qətnamə qəbul edib. Həmin sənəd 28 fevral 2002 və 24 aprel 2004-cü illərdə təkrar qəbul olunub.
* 1988-ci il noyabrın 22-də Ermənistan SSR Ali Soveti "erməni soyqırımı"nı pisləyən qanun qəbul edib.
* 1990-cı il aprelin 19-da Cənubi Kipr parlamenti "erməni soyqırımı"nı pisləyən xüsusi qətnamə qəbul edib və aprelin 24-nü "erməni soyqırımı" qurbanlarının milli anım günü" elan edib.
* 1995-ci il aprelin 14-də Rusiyanın Dövlət Duması 1915-22-ci illərdə "baş vermiş" "erməni qırğınları"nın təşkilatçılarını pisləyən qətnamə çıxarıb, bu olaydan məyus olduqlarını bildirib və 24 apreli "erməni soyqırımı qurbanları"nın anım günü kimi tanıyıb.
* 1996-cı il aprelin 23-də Kanada parlamentinin Hümayəndələr Palatası hər il aprelin 20-27-ni "erməni soyqırımı qurbanlarının anım günü" kimi tanınması haqda qərar çıxarıb.
* 1996-cı il aprelin 25-də Yunanıstan parlamenti "erməni soyqırımının anım günü haqqında" qanun qəbul edib.
* 1997-ci il aprelin 17-də Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamenti "erməni soyqırımı"nı pisləyən qərar çıxarıb və aprelin 24-nü "erməni soyqırımı" qurbanlarının anım günü kimi tanıyıb".
* 1998-ci il martın 26-da Belçika Senatı "erməni soyqırımı"nın tanınması haqda qətnamə qəbul edib.
* 1998-ci il aprelin 24-də Avropa Şurasının parlament məclisi "erməni soyqırımı"nı XX əsrin "ilk soyqırımı" kimi tanıyıb.
* 2000-ci il martın 29-da İsveç Parlamenti "erməni soyıqırımı"nı tanıyan qətnamə qəbul edib.
* 2000-ci il noyabrın 10-da Vatikan "1915-ci il erməni soyqırımı"nın "XX əsrin digər dəhşətlərinin başlanğıcı" olması haqda bəyanat yayıb.
* 2000-ci il noyabrın 17-də İtaliya parlamentinin aşağı palatası "erməni soyqırımı" haqda qətnamə çıxarıb.
* 2001-ci il yanvarın 18-də Fransa Milli Məclisi və Senatı birgə olaraq, "erməni soyqırımı"nın tanınması haqqında" qanun qəbul edib.
* 2001-ci il dekabrın 10-da İsveçrənin Cenevrə Kantonunun Dövlət Şurası "erməni soyqırımı"nın tanınması haqda bəyannamə qəbul edib.
* 2003-cü il dekabrın 15-də İsveçrə Milli Məclisi "erməni soyqırımı"nı tanıyıb.
* 2004-cü il aprelin 21-də Kanada parlamenti "erməni soyqırımı"nın tanınmasına qərar verib.
* 2004-cü il noyabrın 30-da Slovakiya, 2004-cü il dekabrın 21-də Hollandiya parlamentinin aşağı palatası, 2005-ci ilin aprelində Polşa Seymi, daha sonra Venesuela parlamenti, Almaniya Bundestaqı Argentina parlamenti, Baskoniya parlamenti (İspaniya), Çili Senatı, ABŞ-ın 42 ştatının qanunvericilik orqanları "erməni soyqırımı"nı tanıyan və pisləyən qərar qəbul edib.
* 2005-ci il aprelin 24-də Belçika Senatı "erməni soyqırımı"nın inkarına görə məhkəmə məsuliyyəti haqda qərar çıxarıb. Bunun ardınca, Fransada "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutan qanun təsdiqlənib.
Göründüyü kimi, Ermənistan da daxil olmaqla, bir neçə ölkənin parlamentində "erməni soyqırımı" ilə bağlı məhz qanun hazırlanıb və qəbul olunub. Bəs Xocalı soyqırımı haqda qanunun qəbuluna mane olan nədir və kimlərdir?