“Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının fəaliyyəti nominal xarakter daşıyır” Siyasət

“Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının fəaliyyəti nominal xarakter daşıyır”

Elxan Şahinoğlu: "Halbuki, təşkilat 1992-ci ildə təsis olunduqda qarşısına böyük hədəflər qoymuşdu"

İyunun 29-30-u tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının 47-ci toplantısı keçiriləcək. Təşkilata sədrliyi müddətində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Moskvada bir araya gətirən Rusiya toplantıya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya və Türkiyəni dəvət edib. Toplantı zamanı iqtisadi, ticarət və mədəni əlaqələrinə dair hüquqi baza formalaşmalıdır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinıə görə, Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının 47-ci toplantısına dəvət olunan ölkələrin siyahısından da görünür ki, Moskva toplantısında ciddi nəticə əldə olunmayacaq: "Birincisi, rəsmi Bakının mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan işğalçı Ermənistanla heç bir inteqrasiya layihəsində iştirak etməyəcək. Doğrudur, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, ancaq bu üzvlük simvolik xarakter daşıyır. İkincisi, toplantıda Ukrayna iştirak etməyəcək. Moskva bir tərəfdən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq yollarını genişləndirmək haqqında danışır, eyni zamanda, təşkilata üzv olan Ukraynanın ərazisi Krımı işğal edib. Belə olan halda Ukrayna da təşkilat çərçivəsində Rusiya ilə inteqrasiya proseslərində iştirak etməyəcək. Təsadüfi deyil ki, Kreml Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının toplantısına Krım administrasiyasının nümayəndələrini dəvət etməyi planlaşdırır. Kreml belə bir addım atarsa bununla toplantıya qatılan digər ölkələri də pis vəziyyətdə qoyacaq. Üçüncüsü, təşkilata üzv olan Gürcüstanın da Rusiyanın siyasətinə iradları var. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etdiyinə görə iki ölkə arasında diplomatik münasibətlər yoxdur. Buna görə də rəsmi Tiflis Moskva toplantısına aşağı səviyyəli nümayəndə heyəti göndərə bilər. Bu baxımdan Ukrayna kimi Gürcüstanın da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməsi problematikdir. Dördünçüsü, Rusiyanın Ukrayna və Gürcüstanla yanaşı Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatına üzv olan digər ölkələrlə - Türkiyə, Moldova, Rumıniya və Bolqarıstanla da münasibətləri normal deyil. Rusiya Türkiyə ilə siyasi əlaqələri dondurub, iqtisadi əməkdaşlığı minimuma endirib, Moldovanın Qərb yönümlü siyasətini tənqid edir, Rumıniyada ABŞ-ın raketlərdən müdafiə sistemlərini özünə təhlükə sayır, Bolqarıstanın isə Qara dənizin dibi ilə boru xəttindən imtina etməsi qərarından narazıdır". Politoloq bildirib ki, bütün bunları nəzərə alaraq indiki halda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının fəaliyyəti nominal xarakter daşıyır: "Halbuki, təşkilat 1992-ci ildə təsis olunduqda qarşısına böyük hədəflər qoymuşdu. Ancaq bu illərdə Rusiyanın təşkilata üzv olan dövlətlərin bir çoxu ilə münasibətləri gərginləşdi və bu səbəbdən regional əməkdaşlıq imkanları minimuma endi. Qara Dənizə çıxışı olan ölkələr ikitərəfli və üçtərəfli əməkdaşlığıa üstünlük verirlər".