Azərbaycan lideri ermənilərin “Qarabağ oyunu”nu necə pozdu? Siyasət

Azərbaycan lideri ermənilərin “Qarabağ oyunu”nu necə pozdu?

Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü. Azərbaycanın dövlət maraqlarında bu prinsiplər ön planda dayanır və təəssüf ki, ya tarixi ədalətsizlikdən, ya geosiyasi oyunlardan, ya da dünyanın haqsız üzünün gerçək sifəti olmasından irəli gələn səbəblərə görə, bu gün ərazi bütövlüyümüz pozulmuş vəziyyətdədir.

"Tarix həmişə hər şeyi öz yerinə qoyur".

Ümummilli lider Heydər Əliyevin bu ifadələri hazırki siyasi mənzərədə tədricən həyata keçməkdədir.

20 il sonra tarix hər şeyi – bütün daşları bir-bir yerinə qoymaqdadır. Məhz bu siyasi mənzərədə Azərbaycan lideri İlham Əliyevin dövlətin əsas marağı olan, əslində var olmasının əsas prinsipi hesab olunan ərazi bütövlüyümüzün bərpası istiqamətində addımları daşları yerinə oturdur.

***

Hazırda müşahidə oluna diplomatik trafik Dağlıq Qarabağ münaqişəsi ətrafında son 20 ildə olmayan situasiyanın formalaşdığını göstərir. Proseslərin analizi prinsip etibarilə bu situasiyanın Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu deməyə əsas verir. Lakin bu situasiyanın yetişməsi prosesi necə oldu, nə baş verdi ki, dünya, həmişə ədalətsizliyi ilə üzləşdiyimiz beynəlxalq ictimaiyyət münaqişənin həll olunması üçün səylərini birləşdirmək, məsələni "ölü nöqtədən" tərpətmək qərarına gəldi?

Təbii ki, Azərbaycan dövləti ərazi bütövlüyünün pozulduğu I Qarabağ müharibəsi dövründən başlayaraq, bu siyasəti daim prioritet tutmuşdu. Amma son dövrlər proses tamamilə dayandırılmışdı. Xüsusilə son 5 ildə Ermənistan qeyri-konstruktiv mövqeyini daha da möhkəmləndirmiş, münbit cəzasızlıq mühiti ona işğalçılıq siyasətini davam etdirməyə şərait yaratmışdı. Beynəlxalq ictimaiyyətin sükutla müşahidə olunan mövqeyi Azərbaycan dövlət maraqlarının zərbə altında qalmasına imkan verirdi. Azərbaycan Prezidenti İlham Əliyev isə bütün beynəlxalq platformalarda bununla barışmayacağını bəyan edir, bu istiqamətdə siyasi manevrlərinin trayektoriyasını daha da genişləndirirdi. Məhz Azərbaycan liderinin bu barışmaz mövqeyi erməni havadarlarının dövriyyə girməsinə və Qarabağ məsələsində Bakının mövqelərini zəiflətmək planlarını tətbiq etmək cəhdlərinin çoxalmasına səbəb oldu.

***

Ötən ilin dekabrında ABŞ Helsinki Komissiyasının üzvü, amerikalı konqresmen Kristofer Smitin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək layihəsi gündəmə gəldi. Beynəlxalq media korporasiyaları bu sanksiyaların Azərbaycan xalqına qarşı deyil, hökumətə qarşı olduğu haqda ictimai rəy yaratmaq üçün yarışa girmişdi.

İrəli sürülən aktda əksini tapan müddəalar isə başqa mətləblərdən xəbər verirdi.

- Azərbaycanda yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə viza verilməsi qadağan edilsin.
- Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələr, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dayandırılsın.
- ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Azərbaycandakı fəaliyyətinə qadağan edilsin.
- Azərbaycanın beynəlxalq maliyyə-kredit institularındakı (BMV, Dünya Bankı və digər) bütün maliyyə layihələrinə veto qoyulsun.
- Azərbaycanın yüksək çinli şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ danışıqları aparmaq üçün gedə bilərlər.

Məhz sonuncu müddəa bütün prosesin son hədəfinin nə olduğunu aydınlaşdırırdı. "Təslimçi sülh". Azərbaycanı buna məcbur etməyə cəhd göstərilirdi.
Bunu daha aydın təsəvvür etmək üçün K. Smitin kimliyinə baxmaq kifayət edirdi: Nyu-Cersidən seçilən bu konqresmen 34 ildir postunu təhvil verməyib. ABŞ demokratiyasında bir şəxsin üç onillik boyunca eyni postda qalması istər-istəməz şübhələr yaradır. Amerikalı mütəxəssislərin fikrincə, Smitin arxasında böyük maliyyə qaynaqları var. Onlar həmin qaynaqları konkret göstərməsə də, Nyu-Cersi ştatında ermənilərin kompakt şəkildə yaşaması maliyyə qaynağı haqda ilkin fikir yaradır. Smitin siyasi fəaliyyəti isə onun erməni lobbisi ilə əlaqələrinə şübhə yeri qoymur. O, 1992-ci ildə erməni lobbisini təşəbbüsü ilə qəbul olunan və ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan "907-ci düzəliş"in (azadlığa dəstək aktı) əsas müəlliflərindəndir. İndiyə qədər qondarma "DQR"-in müstəqilliyinin tanınması üçün əlindən gələni edir. Bu, konqresmen həmçinin, qondarma "erməni soyqırımı"nın tanınması üçün fəal iş aparır. Təkcə 2015-ci il ərzində məlum məsələ ilə bağlı beş bəyanat verib.

Smitin ABŞ-dakı erməni lobbisi ilə isti əlaqələrini sübut edən fotofakt isə Amerika erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanın "Twitter" səhifəsində yer aldı. Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K. Smitlə birgə paylaşdığı fotonu "Kristofer Smitin işini dəstəkləmək üçün onunla görüş" deyə təqdim edirdi.

Ermənistanın bacarmadığını erməni lobbisi öz üzərində götürmüşdü və məhz hədəfdə Qarabağ məsələsində heç vaxt güzəştə getməyəcək Azərbaycan lideri idi.

Erməni lobbisinin "Smit həmləsi"ninin sirri bir az gec olsa da, açıldı. "Dördgünlük müharibə"də məğlub olan Ermənistanın özündə bunu etiraf etdilər.

"Armenianreport" saytı, 19 aprel tarixi: "Zərbə arxasınca zərbə: indi də ABŞ-dan" adlı məqalə.

"Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat şəkildə silah alaraq ordusunu gücləndirdi. Amma bizim hakimiyyətimiz buna qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdular. Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?! Onlar yoxdur".

Məhz bu ifadələr "Smit layihəsi"nin Azərbaycanı Qarabağ məsələsində təslim etmək və Bakının qollarını qandallamaq hədəfinə hesablandığına şübhə yeri qoymadı.

Lakin bu qüvvələrin hesablaya bilmədikləri bircə məsələ var idi: Azərbaycan lideri İlham Əliyev dövlətin əsas marağı olan ərazi bütövlüyündə heç vaxt heç kimə güzəştə getməyib və getməyəcək.

Rəsmi Bakının anti-Azərbaycan layihələrinə qarşı diplomatik manevrləri bunu bir daha sübut etdi.

Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizlik Sammitinə dəvət alan Prezident İlham Əliyev okeanın o tayında erməni lobbisinin bütün planlarını alt-üst etdi. Azərbaycan liderinin Amerika torpaqlarına səfəri günündə erməni lobbisi və ona bağlı konqresmenlər Qarabağ təxribatına əl atdı. Konqresmenlər Ed Roys və Eliot Engel (hər iki konqresmen erməni lobbisinin əsas fiqurlarındandır) prezident Barak Obamaya müraciət edərək, Dağlıq Qarabağla bağlı Roys-Engel ideyasını qəbul etməsi üçün onun Azərbaycan Prezidenti ilə danışıq aparmasına çağırış etdilər.

Roys-Engel ideyası: Bu ideyaya görə, qoşunların təmas xəttində snayperlər geri çəkilir, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorları və səs avadanlıqları yerləşdirilir, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçiləri cəlb edilir. Hansı ki, bu ideyanın qəbul edilməsi hər şeydən öncə Ermənistana sərf edir. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, bu ideyaların məqsədi Ermənistanın işğalçı siyasətini davam etdirməsi üçün münbit şəraitin yaradılması məqsədi daşıyır.

Obama erməni lobbisinin arzusunu gözündə qoydu. Azərbaycan lideri ABŞ-da qələbə çalmışdı. Erməni lobbisinin "Smit həmləsi" dəf edilmiş, "Roys-Engel" ideyası arxa plana atılmışdı. Bakı və Vaşinqton yeni münasibətlər pəncərəsi açmış, dövlət maraqlarının siyasi sferada qorunması istiqamətində daha bir əsaslı addım atılmışdı.

Aprelin 2-də Ermənistan təmas xəttində təxribata əl atdı. Bu ABŞ məğlubiyyətinin acısını çıxarmaq, həmçinin, Dövlət katibi Con Kerrinin Serj Sarkisyan olmadan Prezident İlham Əliyevlə görüşməsinə, yəni münaqişədə Azərbaycanın mövqeyinin okeanın o tayında da qəbul edilməsinə cavab vermək məqsədi daşıyırdı. Müharibə başladı və dörd gün davam edən döyüşlərdə Azərbaycan ordusu düşməni yerində oturdu. 24 il sonra işğal altında olan ərazilərin 2 min hektara qədərini - "Lalə ilahi təpə" yüksəkliyi, Talış və ətrafdakı bütün yüksəkliklər azad edərək, Azərbaycan bayrağını dalğalandırdı.

Azərbaycan sübut etdi ki, "ədalətli müharibə təhqiramiz sülhdən yaxşıdır". Hansı ki, biz hücum etməmişdik, hansı ki, indiyə qədər sülh danışıqlarına sadiq qalmışdıq. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, "Düşmən hücum etdi və yerində oturduldu".

Azərbaycan əsgəri sübut etdi ki; İşğal olunmuş torpaqlardan vaz keçməyib; münaqişə "dondurulmuş" deyil; hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər; o, müharibə istəmir, amma işğalın davam etməsinə icazə verə bilməz və işğala son qoymaq üçün atılacaq hər addıma görə məsuliyyəti işğalçı ölkə və onun arxasındakı güclər daşıyır.

Azərbaycan əsgəri sübut etdi ki; "Sülhə qurban kəsərəm, mən də qan istəmirəm, təzə-tər qərənfilli Xiyaban istəmirəm. Tükənir səbrim fəqət, sazişlər, qətnamələr, bəyanatlar kifayət, ziyafətlər kifayət, ziyafət dumanında nəzakətlər kifayət".

...Bu, Prezident İlham Əliyevin başlatdığı siyasi reformasiyanın Ali Baş Komandan İlham Əliyevin yumruğu ilə tamamlanması demək idi...

***

Aprelin 5-də yeni atəşkəs sazişi imzalandı. Bu, 1994-cü ildə Bişkek protokolunun yenilənməsi, bölgədə status-kvonun yerindən oynadılması və Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni reallığın yaradılması idi.

Mayın 16-da Vyanada ABŞ, Fransa və Rusiyanın iştirakı ilə prezidentlərin görüşü keçirildi. Görüşün bəyanatları protokola uyğun olsa da, bağlı qapılar arxasında münaqişənin həll planının müzakirə olunduğu şübhəsiz idi. Bu yeni reallıqda ilk görüşü idi və davamı olacaqdı. İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə prezidentlər Sankt-Peterburqda görüşdülər. Görüşdən sonra məlum oldu ki, münaqişənin "mərhələli həll" planına uyğun nizamlanması ilə bağlı razılığa gəlinib. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir. Prinsip etibarilə bu, münaqişənin Azərbaycanın dövlət maraqları çərçivəsində həlli deməkdir.

Ermənistan tərəfi bunu dərhal təkzib etməyə çalışsa da, əslində rəsmi İrəvanın təkziblərinin daxili ictimaiyyətə hesablandığı məlum idi. Artıq proses başlanıb deyə bilərik.

Bütün bu proseslər Azərbaycanın dövlət maraqlarının heç nəyə qurban verilmədiyini, Prezident İlham Əliyevin bu məsələdə barışmaz mövqedə dayandığını göstərir. "Tarix həmişə hər şeyi öz yerinə qoyur".
İndi hər kəsin, işğalçı Ermənistanın da, onun havadarlarının da tarixin gerçək üzü ilə qarşılaşması zamanıdır.

Asif Nərimanlı


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.