Qarabağın taleyi həll olunub Siyasət

Qarabağın taleyi həll olunub

Sərkisyan ölkəni dağıdır!

Cavid

Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir. Görüşün hansı nəticələr verə biləcəyi bu gün aktual mövzulardan biridir.

Politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanda süni surətdə qızışdırılan qarşıdurmalar uydurulmuş məsələlərdir. Sərkisyan ölkəni məhz Qarabağa görə bir-birinə qatır. Ermənistanda belə bir fikir formalaşıb ki, guya danışıqlar prosesində Rusiyanın təklif etdiyi yol xəritəsi Azərbaycan üçün xeyli güzəştlər vəd edir. Ancaq sözügedən güzəştlərin nədən ibarət olduğunu açıqlaya bilmirlər.

Sabiq dövlət müşaviri bildirib ki, Dağlıq Qarabağın həlli çoxdan tapılıb:

"NATO-nun son sammitində qeyd edildi ki, postsovet dövlətlərinin ərazi bütövlüyü Helsinki yekun aktının müddəalarına uyğun surətdə həyata keçirilməlidir. Yəni hər hansı bir ərazi, sərhəd dəyişikliyinə gedilə bilməz. Beləliklə, Dağlıq Qarabağın taleyi də öz həllini tapmış olur. Güman edirəm ki, prezidentlərin Paris görüşündə Qarabağ məsələsi daha ciddi və sərt şəkildə qoyulacaq. Çünki Fransa nə qədər ermənipərəst dövlət olsa da, NATO-nun üzvüdür və sammitdə qəbul edilmiş qərarlara tabe olmaq məcburiyyətindədir. Helsinki yekun aktının müddəalarının nizamlanma prosesinə tətbiq edilməsi üçün həmsədr ölkə kimi Fransa da səy göstərməlidir".

Politoloqun sözlərinə görə, Azərbaycan dünya siyasətində baş verən pozitiv dəyişiklikləri nəzərə almaqla inadla ərazi bütövlüyünün bərpasını tələb edəcək:

"Danışıqlar prosesinin əsas məğzini erməni qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistan ətrafında yaradılmış blokadanın götürülməsi, yəni kommunikasiya vasitələri, dəmir yolu və qaz kəmərlərinin açılması, həmçinin Türkiyə tərəfdən də blokadanın qaldırılması, Sürix protokollarının işə düşməsi təşkil edəcək. Hətta danışıqlar uğurlu gedərsə, Ermənistanla diplomatik münasibətlər də yaradılacaq. Əgər Sərkisyan bütün bu müddəalara əməl etsə və sülhyaratma prosesində müəyyən kompromislərə getsə, Ermənistan bölgədəki irimiqyaslı layihələrə qoşula, iki ölkə arasında düşmənçilik aradan qalxa bilər. Bu, hər iki ölkəyə sərf edən ən yaxşı variantdır. Hazırda Ermənistana təzyiq böyükdür, İrəvanın qarşısına beynəlxalq hüquq normalarına əsaslanan faktlar qoyulub və Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsi tələb olunur".

Politoloq Arzu Nağıyevin fikrincə isə, prezidentlərin Paris görüşü hazırkı geosiyasi şəraitdə labüddür və müsbət hadisə olaraq qiymətləndirilməlidir.

Politoloq deyib ki, ATƏT-in Minsk Qrupu tezliklə Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsində olduqca maraqlıdırlar:

"İndiyə qədər olan məsələlərdən müəyyən nəticələr çıxarmaqla artıq konkret addımların atılmasının vaxtı gəlib çatacaq. Ona görə də ATƏT-in Minsk Qrupu bu görüşün daha tez baş tutmasına çalışır. Bunun da öz səbəbləri var. Türkiyədə baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir edir. Rusiya-Türkiyə yaxınlaşması, Rusiyanın regiondakı rolunu artırmaq təşəbbüsü, Ermənistanla sərhədlərin açılması məsələsi, NATO-Türkiyə münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya biləcək amillərdəndir".

Politoloq bildirib ki, hazırda Ermənistanda baş verən hadisələr Sərkisyanın öz hakimiyyətini saxlamaq üçün atdığı müvafiq siyasi gedişlərdir:

"Bu gün Serj Sərkisyan hakimiyyətdən getsə, başqa biri ilə danışıqlara yenidən başlamalı olacağıq. Sərkisyan kimi zəif birinin Ermənistanda hakimiyyətdə qalması Azərbaycana sərf edir. Fransa görüşü nə qədər tez baş tutsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün o qədər müsbətə doğru addımlar atıla bilər. Paris görüşü hazırkı geosiyasi şəraitdə labüddür və müsbət hadisə olaraq qiymətləndirilməlidir. Bunu Qərb də, Rusiya və digər maraqlı dövlətlər də çox yaxşı başa düşürlər".

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.