Təcavüzkarı öz adı ilə çağırmaq qorxusu Siyasət

Təcavüzkarı öz adı ilə çağırmaq qorxusu

Beynəlxalq təşkilatların ikili standartları beynəlxalq hüquq normalarına açıq-aşkar hörmətsizlikdir

Cavid

Azərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç bir sıra rəsmi qəbullarda və media mənsublarına verdiyi açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub.
Parlamentin spikeri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır: "Təəssüf ki, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir".
Ranko Krivokapiç ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həlli istiqamətində vasitəçilik səylərinin daha da fəal olmasına çalışdıqlarını söyləyib: "Qafqazda sabitliyin bərqərar olması üçün birgə səylər göstərəcəyik. Münaqişələrin həlli bizim vəzifələrimiz arasında prioritet məsələ olmalıdır".
ATƏT Parlament Assambleyasının prezidenti, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlərə açıqlamasında isə bildirib ki, ATƏT PA Minsk qrupu ilə birgə çalışır ki, hər dəfə bu məsələni öz gündəliyinə daxil etsin, prosesə yenidən start verilməsi üçün əlavə təşəbbüslər irəli sürsün: "Çünki proses həqiqətən də bir qədər dondurulub".
ATƏT Parlament Assambleyasının prezidenti münaqişənin həll olunmamasında Azərbaycan və Ermənistanı birgə günahlandırıb. Ranko Krivokapiç Minsk qrupunun faydasız vasitəçiliyini ört-basdır etməsilə bağlı iradları cavabsız qoyub: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var. ATƏT də bu prinsipləri izləyir və onu yerinə yetirməyə çalışır".
R.Krivokapiç bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri ilə Minsk qrupunun fəaliyyətinin canlandırılmasına və münaqişənin həll yollarını tapmağa çalışırlar: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var. ATƏT də bu prinsipləri izləyir və onu yerinə yetirməyə çalışır".
R.Krivokapiç Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olmaq üçün ATƏT-in sədri ilə birlikdə çalışdıqlarını deyib: "Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməli, tezliklə nəticə əldə etməliyik".
O, bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: "ATƏT-in, digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır".
ATƏT PA prezidenti Dağlıq Qarabağla bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: "Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir".
Millət vəkili Zahid Oruc Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana səfərini uğurlu hesab etdiyini deyib.
Millət vəkili bildirib ki, belə bir mötəbər qurumun rəhbərinin Azərbaycan gəlməsi və gələcək dönəm üçün əlaqələrin müəyyənləşdirməsi hər iki tərəfin maraqlarına cavab verir: "Görüşlərdə əlaqələrin ümumi vəziyyəti, həmin təsisatın ölkəmizdəki ictimai-siyasi proseslərə, o cümlədən hüquqi islahatlara və digər məsələlərə münasibətlər bildirildi. Məhz bu nöqtədən yanaşanda əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilməlidir".
Z.Oruc hesab edir ki, həmin təşkilatın müxtəlif təsisatlarını, daxilindəki hər hansı strukturları tənqid etmək olar və lazımdır: "Sanki, ATƏT-in Minsk qrupu formatı birbaşa həmin təşkilatın içərisindən kənara çıxıb və avtonom səlahiyyətlər əldə edib. Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda ATƏT Parlament Assambleyasına qiymət verməli deyilik. Azərbaycan uzun illərdir ki, həmin təşkilatda təmsil olunur, müxtəlif beynəlxalq məsələlərə özünün fəal münasibətini bildirir".
Politoloq Vəfa Quluzadə isə deyib ki, çox təəssüflər olsun ki, bütün rəsmi görüşlərdə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri qorxusundan dilə gətirmədi. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın günahı ucbatındandır.
Millət vəkili Asim Mollazadə isə bildirib ki, Ermənistana qarşı təzyiqlərin, sanksiyaların olmadığı təqdirdə işğalçı ölkə heç bir halda danışıqlar istiqamətində addım atmayacaq. Çünki beynəlxalq hüquq normaları bərqərar olunmalıdır. Parlament üzvünün sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) hər zaman Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı müvafiq qətnamələri qəbul edib: "Amma biz bir məsələ ilə bağlı çox narazıyıq. Belə ki, qonşu ölkənin ərazisini işğal etmiş Ermənistan (nə danışıqlar yolu ilə, nə də hansısa bir təzyiqlərlə üzləşmədiyinə görə) bu istiqamətdə heç bir addım atmır. Beynəlxalq təşkilatlar məsələn, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin icrası üçün təcavüz etmiş ölkəyə qarşı sanksiyaları müəyyənləşdirməlidir. Təbii ki, biz bunu ATƏT-dən də gözləyirik. Çünki Ermənistan ATƏT-in bütün təməl sənədlərini kobud surətdə pozub: "Biz 20 ildən artıqdır ki, ancaq beynəlxalq təşkilatların boş söhbətlərini eşidirik. Bu beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Hazırda bir sıra keçmiş SSRİ ölkələrinin əraziləri işğal olunub. Məsələn, Krım hadisələrindən sonra Rusiyaya qarşı müvafiq sanksiyalar tətbiq olundu. Axı nə üçün bu gün həmin təzyiq mexanizmləri Ermənistana qarşı yoxdur? Nə üçün Ermənistan BMT TŞ-nın qərarlarını yerinə yetirmədiyinə görə, cəzasız qalıb? Bu mənada prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın və beynəlxalq təşkilatların ünvanına söylədiyi fikirlər reallığı əks etdirirdi. Biz həm ATƏT-i, həm BMT-ni, həm də digər təşkilatları müvafiq sənədlərə, beynəlxalq hüquq normalarının prinsiplərinə riayət etməyə çağırırıq".
Yeri gəlmişkən, ATƏT PA bu yay - 28 iyunda baş tutacaq 23-cü sessiyasını Azərbaycanda keçirməyə qərar verməklə erməniləri təşvişə salıb.
Ermənistan tərəfi artıq bundan narahat olmağa başlayıb. Onlar artıq sözügedən sessiyada iştirak edib-etməyəcəklərini müzakirəsinə başlayıblar.
Ermənistanın ATƏT PA nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyan məsələyə münasibətini belə bildirib: "28 iyuna hələ çox zaman var. Erməni tərəfi olaraq biz azərbaycanlı parlamentarilərin addımlarını və bəyanatlarını, prezident İlham Əliyevin çıxışlarını izləyəcəyik".
Artaşes Qeqamyan deyib ki, məsələyə Ermənistan prezidentinin mövqeyi ilə tutuşdurularaq siyasi məqsədəuyğunluqla nəticə çıxarılaraq qərar veriləcək.
Qeyd edək ki, Milli Məclisin spikeri Oqtay Əsədov və Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ATƏT Parlament Asambleyasının bu yay baş tutacaq 23-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı razılaşma imzalanıb.