“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir” Siyasət

“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir”

"Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir. İlk növbədə bu, texnologiyalara çıxışın məhdudlaşdırılmasında özünü göstərir".
Bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya çağırır" Forumunun plenar iclasında çıxışında bildirib.
"Biz tez-tez təkrar edirik ki, sanksiyalar bizə heç də təsir etmir. Ancaq təsir edir. Hər şeydən öncə mən texnologiyaların ötürülməsinin məhdudlaşdırılmasında təhlükə görürəm. Onu da deyim ki, bu, təkcə Rusiya iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına ziyan vurur. Çünki Rusiya iqtisadiyyatı ümumdünya iqtisadiyyatı üçün vacib sektordur. Ona görə də, bunu kim edirsə, yekunda özünə də ziyan vurur. Lakin hesab edirəm ki, biz bununla bacaracağıq", - deyə Rusiya dövlət başçısı qeyd edib.
Vladimir Putin Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahat olduğunu da dilə gətirib: "Biz ABŞ-la münasibətlərimizin korlanmasından narahatıq. Bu, bizim seçimimiz deyil, heç vaxt buna səy göstərməmişik. Əksinə, belə böyük, dünya iqtisadiyyatının aparıcı ölkəsi ilə dostluq münasibətlərinə malik olmaq istəyirik".
Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: "Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə..."
Putin həmçinin bəyan edib ki, Rusiya Suriyada BMT-nin humanitar karvanına kim tərəfindən zərbə endirildiyini bilir: "Rusiya bilir ki, Hələb yaxınlığında BMT-nin humanitar karvanına terrorçu təşkilatlardan biri zərbə endirib. Biz nələrin baş verdiyini bilirik. Bilirik ki, ABŞ da bu barədə bilir, lakin başqa mövqe tutur, Rusiyanı günahlandırır. Bu, işə kömək etməyəcək".