Türkiyəyə ümid qapısı kimi baxırlar Siyasət

Türkiyəyə ümid qapısı kimi baxırlar

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında "Türkiyədə vəziyyət dövlət çevrilişinə cəhd kontekstində" mövzusunda debatlarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxış edib.
Deputat Türkiyə ilə bağlı əsassız iradların təəssüf doğurduğunu bildirərək qeyd edib ki, belə yanaşmalar Türkiyə reallığı barədə məhdud məlumatların olmasından və xalqın hisslərinin nəzərə alınmamasından yaranır. O, Türkiyədə baş vermiş dəhşətli hadisələr zamanı tankların dinc insanların üzərinə getdiyini, demokratik institutların təmsil olunduğu inzibati binaların bombardman edildiyini, bu hadisələrə müqavimət göstərən mülki şəxslərin qətlə yetirildiyini xatırladıb.
Vüsal Hüseynov xalqın əzmi nəticəsində həmin gecə dövlət çevrilişinə cəhdin uğursuzluğa düçar olduğunu diqqətə çatdırıb. Bildirib ki, milyonlarla insanın öz həyatını təhlükəyə ataraq küçələrə axışması onların öz dövlətlərinə olan inamını əks etdirir. Hadisələrdən dərhal sonra milyonlarla insanın küçələrə çıxması türk xalqının demokratik yolla seçilmiş Prezidentini dəstəklədiyini və hökumətə inandığını sübut etdi.
Milli Məclisin deputatı bildirib ki, AŞPA-da aparılan müzakirələr, eləcə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qurumdakı çıxışı bu ölkənin demokratiya və insan hüquqları kimi dəyərlərlə bağlı öhdəliklərinə sadiq qaldığını göstərir.
Nümayəndə heyətinin üzvü qeyd edib ki, Türkiyə hadisələrini qiymətləndirərkən ölkənin hansı proseslərlə əhatə olunması və onun makro mühiti də nəzərə alınmalıdır. O, Türkiyənin çoxsaylı terror aktları ilə üzləşdiyini, orada bir yox, bir neçə terror təşkilatının fəaliyyətindən söhbət getdiyini diqqətə çatdırıb. Qonşu ölkələrdə müharibədən əziyyət çəkən insanların Türkiyəyə ümid qapısı kimi baxdıqlarının təkzibedilməz reallıq olduğunu xatırladıb. Türkiyənin milyonlarla qaçqının yerləşdirilməsində mühüm rolunu vurğulayıb.
"Ümid edirəm ki, bu plenar iclasda aparılan debatlar həmkarlarımızın Türkiyə ilə bağlı məlumatlarının artmasına əhəmiyyətli töhfə verəcək. Türkiyəyə dəstəyimizi verməyə səsləyən həmkarlarıma qoşulur və hər birinizi bu prosesin fəal iştirakçısı olmağa çağırıram", - deyə Vüsal Hüseynov avropalı parlamentarilərə müraciət edib.