“Müharibədən çıxmış xalqın öz liderini bu qədər yüksək qiymətləndirməsi həm keçmişin hesabatıdır, həm gələcəyə inamdır” Siyasət

“Müharibədən çıxmış xalqın öz liderini bu qədər yüksək qiymətləndirməsi həm keçmişin hesabatıdır, həm gələcəyə inamdır”

“Liderlik fenomenini anlamağın ən etibarlı yolu onu iki istiqamətdən qiymətləndirməkdir: öz xalqının gözündə və dünya arenasında necə dəyərləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev bu iki qiymətləndirmənin hər birindən yüksək rəylər alan liderdir. Medianın İnkişafı Agentliyinin (MEDİA) üzbəüz müsahibə metodu ilə keçirdiyi geniş miqyaslı ictimai rəy sorğusu, həmçinin ABŞ-dan Avropaya və Mərkəzi Asiyaya uzanan coğrafiyada nüfuzlu dövlət başçıları və diplomatların açıq etirafları Prezident İlham Əliyevin dünya miqyaslı dövlət xadimi olduğunu bir daha sübut edir. Məlum olduğu kimi, MEDİA 2026-cı ilin mayın 20-dən 30-dək 1.210 respondentlə üzbəüz müsahibə keçirib. Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir. Bu parametrlər sorğunun elmi dəqiqliyini və nəticələrinin obyektiv etibarlılığını göstərir”.

Bu sözləri xalqxebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Z.Şükürov qeyd edib ki, respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir: “Bu rəqəm praktiki olaraq o deməkdir ki, ölkədə hər 10 vətəndaşdan 9-u dövlət başçısına etimad göstərir. Sorğu edilənlərin 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir. Bu göstərici etimad indeksindən 5,9 faiz yüksəkdir. Fərq təsadüfi deyil: vətəndaş bəzən şəxsən etimad etdiyi liderə, konkret bir məsələ üzrə fərqli fikirdə olsa belə, ümumi mənzərəni müsbət dəyərləndirə bilir. 93,6 faizlik müsbət qiymətləndirmə isə şəxsi etimadla, ölkə başçısının fəaliyyətinin konkret nəticələrinə razılığın üst-üstə düşdüyünü sübut edir. Sorğuda iştirak edənlərin 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu, bəlkə də, sorğunun ən çox düşündürən rəqəmidir. "Alternativsizlik" yalnız seçim çatışmazlığının deyil, siyasi konsensusun ifadəsidir. Bu nəticə vətəndaşların dövlət başçısına olan inamını simvolizə edən faktordur. Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi. Sosioloji metodologiyada "hipotetik seçki" sualı ictimai iradənin birbaşa ölçüsüdür. 91,5 faizlik nəticə yalnız cari məmnunluğu deyil, gələcəyə dair kifayət qədər möhkəm inamı əks etdirir. Sorğu nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də ölkənin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb. Artım dinamikasının bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunması xüsusi əhəmiyyət kəsb edir. Bu, dəstəyin müəyyən bir yaş kateqoriyasına, bölgəyə və ya gəlir qrupuna bağlı olmadığını, əksinə, cəmiyyətin geniş kəsimini əhatə etdiyini göstərir. Prezident İlham Əliyevin fəaliyyətinə etimadın davamlı yüksək olmasının birinci səbəbi onun müdrik və uzaqgörən siyasət yürütməsidir. Bu uzaqgörənlik özünü xüsusilə Azərbaycanın enerji strategiyasında, çoxvektorlu xarici siyasətdə və milli maraqların qlobal platformalarda prinsipial müdafiəsində göstərir. Azərbaycan bu gün nə Şərqə, nə Qərbə sadiq "vassal" deyil, özünün gündəliyini müstəqil şəkildə formalaşdıran geosiyasi oyunçu və orta gücdür. Bu müstəqillik vətəndaş gözündə liderliyin ən bariz əlamətidir”.

Deputatın sözlərinə görə, dəstəyin ikinci sütunu liderlik legitimliyinin mənbəyi ilə bağlıdır: “Prezident İlham Əliyev xalqına güvənən, onun iradəsini ifadə edən, gücünü xalqdan alan bir lider kimi qəbul edilir. Bu, son dərəcə vacibdir: güvənilən lider yalnız rəsmi statusa deyil, mənəvi üstünlüyə də sahibdir. Məhz bu faktorların nəticəsində inam və etibar davamlı olur. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər vətəndaş dəstəyinin üçüncü əsas səbəbidir. Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi — bu, onilliklər boyunca xalqın səbirsizliklə gözlədiyi tarixi ədalətin bərpası demək idi. Bu tarixi Zəfərin memarı olaraq qəbul edilən lider milli yaddaşda silinməz iz buraxır. Dünyada münaqişələrin, iqtisadi çətinliklərin və siyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanda daxili sabitliyin yüksək səviyyədə qorunması vətəndaş üçün ən mühüm dəyərdir. Qonşu regionlardakı çaxnaşmalar fonunda vətəndaş öz ölkəsindəki sabitliyə, bu sabitliyin arxasında duran idarəetmə modelinə daha yüksək qiymət verir. Heç şübhəsiz, beynəlxalq arenada dövlətimizin nüfuzunun davamlı olaraq artması, məhz Prezident Əliyevin yüksək liderlik məharətinin, milli maraqlara cavab verən, son dərəcə uğurlu, balanslı və praqmatik xarici siyasət kursunun nəticəsində mümkün olmuşdur. Dünya liderlərinin və nüfuzlu siyasi xadimlərin, diplomatların Prezidentimiz haqqında fikirləri bunun sübutudur”.

O eləcə də bildirib ki, keçən ilin avqust ayında Vaşinqtonda baş tutan görüş, habelə sonrakı təmaslar zamanı və diplomatik yazışmalarda ABŞ Prezidentinin Prezident İlham Əliyevin dünya səviyyəli liderlik məharəti barədə yüksək fikirlər ifadə etməsi xüsusilə qeyd edilməlidir: “Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Uitkofun Fox News televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev haqqındakı müsbət qiymətləndirmə çox mühüm geosiyasi kontekstdə qəbul edilməlidir. Rəsmi Vaşinqtonun bölgəyə bilavasitə məsul olan nümayəndəsinin geniş izlənən Amerikan kanallarından birində Azərbaycan liderini müsbət qiymətləndirməsi müxtəlif mesajlar daşıyır: bölgəyə Amerikanın marağı var, Azərbaycan bu maraqda müstəqil aktyor kimi yer tutur və Prezident Əliyev şəxsən etibarlı tərəfdaş hesab edilir. Həmçinin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizə səfəri çərçivəsində iyulun 1-də mətbuata bəyanatında Prezident İlham Əliyev haqqında: “Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır”, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin “Qazaxıstanda Prezident İlham Əliyevi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər. Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, ölkənin dinamik şəkildə dəyişməsində öz əksini tapır”, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin “Prezident İlham Əliyevin idarəçilik sahəsindəki zəngin bilik və təcrübəsi, uzaqgörən, müdrik və səmərəli siyasəti nəticəsində doğma Azərbaycanın təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən mühüm regional və qlobal təşəbbüslər dünya ictimaiyyəti tərəfindən geniş dəstək görür” ifadələrinin səsləndirməsi Prezident İlham Əliyevin beynəlxalq arenada nüfuzunun davamlı olaraq artmasının göstəricisidir”.

Z.Şükürovun fikirlərinə görə, analitik nəticə isə ondan ibarətdir ki, daxili ictimai rəy göstəriciləri ilə beynəlxalq liderlərin qiymətləndirmələri arasında paralellik və oxşar yanaşma müşahidə edilir: “Belə ki, daxili sabitlik xarici etibarlılığın əsasını formalaşdırır. Ölkənin daxilindən güclü dəstək alan lider, beynəlxalq arenada da siyasi kapitalını daha inamla istifadə edə bilir. Digər tərədən, beynəlxalq miqyasda artan nüfuz daxili legitimliyi daha da möhkəmləndirir. Vətəndaş dünya liderlərinin öz prezidentini necə qiymətləndirdiyini görür, bu da milli qürur hissi yaradaraq etimad göstəricilərinə müsbət töhfə verir. MEDİA-nın həyata keçirdiyi sorğunun nəticələri - 87,7%, 93,6%, 81,9%, 91,5% - sadəcə bir statistika deyil. Bu rəqəmlərinin hər biri arxasında insanların real həyat təcrübəsi, gördükləri dəyişikliklər, hiss etdikləri sabitlik, yaşadıqları tarixi anlar dayanır. Müharibədən çıxmış bir xalqın öz liderini bu qədər yüksək qiymətləndirməsi həm keçmişin hesabatıdır, həm gələcəyə dair inamdır”.

Röya İsrafilova