
Müasir dövrdə dövlətlərin siyasi dayanıqlığı artıq yalnız hüquqi legitimlik və seçki institutları ilə qiymətləndirilmir. Dünyada geosiyasi qarşıdurmaların, regional münaqişələrin, iqtisadi qeyri-müəyyənliyin və təhlükəsizlik risklərinin artdığı bir şəraitdə hakimiyyətin ən mühüm siyasi resurslarından biri ictimai etimad hesab olunur. Güclü ictimai dəstək dövlətə yalnız effektiv idarəetmə imkanı yaratmır, həm də böhran dövrlərində çevik qərarlar qəbul etməyə, uzunmüddətli inkişaf strategiyalarını həyata keçirməyə və cəmiyyətdə həmrəyliyi qorumağa şərait yaradır.
Məhz buna görə ictimai rəy sorğuları təkcə siyasi reytinq deyil, cəmiyyətin dövlət idarəçiliyinə, siyasi kursa və ölkənin gələcək inkişaf istiqamətlərinə münasibətini göstərən mühüm analitik göstərici kimi qiymətləndirilir.
Son ictimai rəy sorğusunun nəticələri də bu baxımdan diqqət çəkir. Respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirməsi, 91,5 faizinin növbəti prezident seçkiləri keçiriləcəyi təqdirdə, ona səs verəcəyini bildirməsi, 81,9 faizinin isə Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab etməsi müxtəlif indikatorlar olsa da, birlikdə Azərbaycanda formalaşmış siyasi legitimliyin xarakterini ortaya qoyur.
Sorğunun metodologiyası da nəticələrin analitik əhəmiyyətini artırır. Araşdırma 20–30 may 2026-cı il tarixlərində 18 yaşdan yuxarı 1210 respondent arasında üzbəüz müsahibə üsulu ilə keçirilib. Respondentlər cins, yaş, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə rəsmi statistik göstəricilərə uyğun seçilib, nəticələrin reprezentativliyi təmin olunub. Bu isə əldə olunan nəticələrin ayrı-ayrı sosial qrupların mövqeyini deyil, ümumilikdə cəmiyyətin siyasi münasibətlər sisteminə baxışını əks etdirdiyini göstərir.
Sorğunun nəticələrini şərh edən politoloq Zaur İbrahimli hesab edir ki, ortaya çıxan göstəricilər Azərbaycanda dövlət başçısı ətrafında formalaşmış ictimai konsensusun və siyasi legitimliyin mühüm indikatorları kimi qiymətləndirilə bilər.

“İctimai rəy sorğusunun nəticələri Azərbaycanda dövlət başçısı ətrafında formalaşmış geniş ictimai konsensusun göstəricisidir. Sorğuda əks olunan yüksək etimad və dəstək göstəriciləri siyasi hakimiyyətin cəmiyyətin gözləntilərini qarşıladığını, vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa davamlı inam və rəğbət bəslədiyini nümayiş etdirir”, - o bildirib.
Politoloqun sözlərinə görə, bu göstəricilər təkcə statistik rəqəmlər kimi deyil, siyasi nəzəriyyə baxımından da təhlil edilməlidir: “Bu mənzərəni siyasi fəlsəfə kontekstində də qiymətləndirmək mümkündür. Jan-Jak Russonun legitimlik konsepsiyasında əsas meyar yalnız təhlükəsizliyin təmin olunması deyil, xalqın ümumi iradəsinin ifadəsidir. Sorğunun nəticələri də məhz bu baxımdan cəmiyyətin ümumi iradəsinin və dövlət başçısına verilən ictimai mandatın göstəricisi kimi dəyərləndirilə bilər”.
Bu baxımdan sorğunun nəticələri yalnız ictimai rəyin cari vəziyyətini əks etdirmir, həm də dövlətlə cəmiyyət arasında formalaşmış qarşılıqlı etimadın, siyasi legitimliyin və hakimiyyətin həyata keçirdiyi strateji kursun ictimai qəbul səviyyəsinin mühüm göstəricisi kimi çıxış edir.
Milli maraqların müdafiəsi ictimai etimadın əsas siyasi dayaqlarından biri kimi çıxış edir
Sorğunun nəticələrinin təhlili göstərir ki, respondentlər Prezident İlham Əliyevə yüksək etimadın əsas səbəblərindən biri kimi onun milli maraqları ardıcıl və prinsipial şəkildə müdafiə etməsini göstərirlər. Bu yanaşma təsadüfi deyil. Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda dövlətlərin xarici siyasətində milli maraqların qorunması daha da ön plana çıxıb.
Azərbaycanın da bu dövrdə yürüdüyü siyasət məhz müstəqil qərarvermə, balanslaşdırılmış xarici siyasət və milli maraqların prioritet hesab olunması üzərində qurulub. Respondentlərin ölkədə hər on nəfərdən təxminən doqquzunun Prezidentə etimad göstərməsi yalnız şəxsi nüfuza deyil, həyata keçirilən siyasi kursun qəbul olunmasına da işarə edir.
Sorğuda diqqət çəkən məqamlardan biri odur ki, bu yanaşma müxtəlif sosial-demoqrafik qruplarda da müşahidə olunur. Bu isə göstərir ki, milli maraqların müdafiəsi cəmiyyəti birləşdirən əsas siyasi amillərdən birinə çevrilib.

Sorğunun ortaya qoyduğu mənzərə göstərir ki, respondentlərin böyük hissəsi milli maraqların müdafiəsini yalnız xarici siyasətin elementi kimi deyil, dövlətin ümumi inkişaf modelinin əsas istiqamətlərindən biri kimi qəbul edir. Bu isə siyasi legitimliyin yalnız hüquqi əsaslarla deyil, həm də ictimai razılıq və siyasi konsensus üzərində formalaşdığını göstərən mühüm göstəricidir.
Fəaliyyətə verilən yüksək qiymət həyata keçirilən siyasətin nəticələrinin qəbul olunduğunu göstərir
Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirənlərin payının 93,6 faiz təşkil etməsi ayrıca diqqət çəkir. Bu göstərici etimad səviyyəsindən də yüksəkdir və siyasi baxımdan maraqlı tendensiyanı ortaya qoyur.
Siyasi nəzəriyyədə etimad və fəaliyyətə verilən qiymət fərqli anlayışlardır. İnsan hər hansı siyasi liderə etibar edə bilər, lakin onun fəaliyyətini tam dəstəkləməyə də bilər. Bu sorğuda isə fəaliyyətə verilən müsbət qiymətin etimaddan daha yüksək olması respondentlərin həyata keçirilən siyasətin nəticələrini də müsbət qiymətləndirdiyini göstərir.
Bu yanaşmanın formalaşmasına təsir edən amillər sırasında respondentlər Azərbaycanın iqtisadi inkişafını, güclü dövlət və güclü ordu modelinin formalaşmasını, infrastruktur layihələrinin həyata keçirilməsini, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və ölkənin özünü təmin edən iqtisadi modelə doğru irəliləməsini qeyd edirlər.
Başqa sözlə, sorğunun nəticələri göstərir ki, ictimai dəstək yalnız siyasi bəyanatlara deyil, konkret nəticələrə əsaslanır.
![]()
Bu kontekstdə politoloq Zaur İbrahimli bildirir ki, vətəndaşların dövlət başçısının fəaliyyətinə verdiyi yüksək qiymət son illərdə əldə olunan real nəticələrin cəmiyyət tərəfindən qəbul edilməsinin göstəricisidir:“Azərbaycanın beynəlxalq nüfuzunun artması, regional lider mövqeyinin möhkəmlənməsi, enerji, nəqliyyat və digər strateji sahələrdə əldə olunan uğurlar da vətəndaşların siyasi qiymətləndirməsində mühüm rol oynayır. Cəmiyyət bu nəticələri Prezident İlham Əliyevin liderliyi ilə əlaqələndirir və həyata keçirilən siyasətin real nəticəsi kimi dəyərləndirir”.
Ekspertin fikrincə, siyasi qiymətləndirmə yalnız verilən vədlər və siyasi bəyanatlar əsasında formalaşmır. Əldə olunan konkret nəticələr, ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsi, iqtisadi və infrastruktur layihələrinin reallaşdırılması, eləcə də milli maraqların təmin olunması vətəndaşların dövlət siyasətinə münasibətini müəyyənləşdirən əsas amillər sırasında yer alır.
Eyni zamanda fəaliyyətə verilən yüksək qiymət onu göstərir ki, cəmiyyət dövlət siyasətini ayrı-ayrı istiqamətlər üzrə deyil, kompleks şəkildə qiymətləndirir. İqtisadi inkişaf, təhlükəsizlik, sosial rifah, infrastrukturun yenilənməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə davam etməsi və dövlət idarəçiliyində ardıcıllıq respondentlərin ümumi siyasi qiymətləndirməsini formalaşdıran əsas amillər kimi çıxış edir. Məhz buna görə fəaliyyətə verilən müsbət qiymət etimad göstəricisindən daha yüksək səviyyədə qərarlaşıb.
Seçki davranışı siyasi legitimliyin ən güclü göstəricilərindən biridir
Sorğunun siyasi baxımdan ən mühüm nəticələrindən biri respondentlərin 91,5 faizinin növbəti prezident seçkiləri keçiriləcəyi halda Prezident İlham Əliyevə səs verəcəyini bildirməsidir.

Siyasi elmdə seçki davranışı ictimai etimadın ən obyektiv indikatorlarından biri hesab olunur. Çünki bu göstərici insanların yalnız mövcud vəziyyəti necə qiymətləndirdiyini deyil, gələcəkdə hansı siyasi kursu dəstəkləməyə hazır olduqlarını da göstərir.
Diqqət çəkən digər məqam fəaliyyətə müsbət qiymətlə seçki dəstəyi arasında cəmi 2,1 faiz fərqin olmasıdır. Bu isə Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirən respondentlərin böyük əksəriyyətinin həmin siyasi kursun davam etdirilməsini də məqsədəuyğun hesab etdiyini göstərir.
Belə uyğunluq siyasi legitimliyin təkcə cari idarəetməyə deyil, gələcək inkişaf modelinə də şamil olunduğunu göstərən mühüm göstəricidir. Sorğunun nəticələri onu deməyə əsas verir ki, respondentlərin böyük əksəriyyəti dövlət başçısının fəaliyyətini yalnız ötən dövrün nəticələri prizmasından deyil, qarşıdakı dövrdə də ölkənin inkişafına rəhbərlik edə biləcək siyasi lider kimi qiymətləndirir.
Bu mənada seçki dəstəyi göstəricisi ictimai etimadın ən praktik ifadəsi hesab olunur. Çünki siyasi simpatiya ilə seçki davranışı hər zaman üst-üstə düşmür. Mövcud sorğuda isə bu iki göstəricinin yüksək səviyyədə uyğunluq təşkil etməsi cəmiyyətin mövcud siyasi kursun davam etdirilməsinə üstünlük verdiyini göstərir.
Lider amili ictimai rəyin formalaşmasında hələ də əsas faktordur
Sorğuda respondentlərin 81,9 faizinin Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab etməsi də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu göstərici yalnız yüksək şəxsi nüfuzu ifadə etmir. Sorğunun təhlili göstərir ki, respondentlər bu yanaşmanı ölkədə sabitliyin qorunması, dövlət idarəçiliyində ardıcıllığın təmin olunması və Prezident İlham Əliyevin liderlik keyfiyyətləri ilə əlaqələndirirlər.
Maraqlıdır ki, bu göstərici bütün sosial-demoqrafik qruplarda müşahidə olunub və əvvəlki dövrlərlə müqayisədə artım dinamikası nümayiş etdirib. Bu isə lider amilinin cəmiyyətin müxtəlif təbəqələri tərəfindən oxşar şəkildə qiymətləndirildiyini göstərir.
Respondentlər Prezident İlham Əliyevin qətiyyətli lider obrazını, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə formalaşdırdığı siyasi nüfuzu yüksək etimadın əsas səbəblərindən biri kimi dəyərləndirirlər.
Politoloq Zaur İbrahimli hesab edir ki, sorğuda alternativsiz lider göstəricisinin yüksək olması cəmiyyətin dövlət başçısını yalnız siyasi rəhbər kimi deyil, həm də milli birliyin təminatçısı kimi qəbul etdiyini göstərir: “Dövlət başçısına münasibət yalnız siyasi dəstəkdən ibarət deyil. Prezident İlham Əliyev cəmiyyət tərəfindən xalqı birləşdirən, səfərbər edən və milli həmrəyliyi gücləndirən lider kimi qəbul edilir. Bu səbəbdən dövlət başçısına olan münasibətdə siyasi etimadla yanaşı, emosional və mənəvi bağlılıq elementləri də mühüm yer tutur”.
Ekspertin fikrincə, bu amil siyasi legitimliyin sosial əsaslarını daha da gücləndirir. Çünki cəmiyyət dövlət başçısını yalnız idarəetmə funksiyasını həyata keçirən siyasi fiqur kimi deyil, milli maraqlar ətrafında birləşdirici lider kimi qiymətləndirir. Bu yanaşma sorğuda alternativsiz lider göstəricisinin yüksək olması ilə də öz təsdiqini tapır.
44 günlük Vətən müharibəsi və tam suverenliyin bərpası siyasi qiymətləndirmənin əsas istiqamətlərindən biri olaraq qalır

Sorğunun nəticələrində respondentlərin yüksək etimadının əsas səbəblərindən biri kimi 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə və Azərbaycanın ərazi bütövlüyü ilə tam suverenliyinin təmin olunması xüsusi vurğulanır.
Bu hadisələr müasir Azərbaycan tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Dövlətin qarşısında duran əsas strateji məqsədlərdən birinin reallaşması ictimai yaddaşda Prezident İlham Əliyevin liderliyi ilə ən çox əlaqələndirilən hadisələrdən biri olaraq qalır.
Bu baxımdan sorğunun nəticələri göstərir ki, respondentlər üçün dövlət başçısının fəaliyyəti yalnız cari idarəetmə ilə deyil, ölkənin ən mühüm siyasi və tarixi nəticələri ilə də qiymətləndirilir.
Politoloq Zaur İbrahimli hesab edir ki, Azərbaycanın müasir tarixində əldə olunan bu nəticələr ictimai rəyin formalaşmasına ən güclü təsir göstərən amillərdəndir: “Azərbaycanın müasir tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ictimai rəyin formalaşmasına təsir edən əsas amillərdən biridir. Son üç əsrlik tarixə nəzər saldıqda, Nadir Şahdan sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə rəhbərlik edən və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam bərpa edən lider kimi Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyətdə xüsusi qiymətləndirilir”.
Ekspert qeyd edir ki, uzun illər davam edən işğalın sona çatması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması cəmiyyətin siyasi şüurunda mühüm dönüş nöqtəsi yaradıb: “Təxminən 35 il davam edən işğal dövrü və Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda keçdiyi mürəkkəb mərhələ cəmiyyətin milli yaddaşında dərin iz buraxmışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, dövlət suverenliyinin tam bərpası, Azərbaycanın qlobal layihələrin təşəbbüskarı kimi çıxış etməsi və Türk dünyasının inteqrasiyasında aparıcı rol oynaması vətəndaşlarda güclü qürur hissi formalaşdırıb”.
Politoloqun sözlərinə görə, cəmiyyət bu uğurları təkcə hərbi və diplomatik nailiyyət kimi deyil, həm də dövlətçilik tarixinin mühüm mərhələsi kimi qiymətləndirir:“Azərbaycanın müasir tarixdə öz torpaqlarını hərbi-siyasi yolla tam azad edən, eyni zamanda sülh sazişinin hazırlanması və paraflanmasına nail olan ölkə kimi əldə etdiyi nəticələr cəmiyyət tərəfindən tarixi nailiyyət kimi qiymətləndirilir. Sadə vətəndaşlar bu uğurları ilk növbədə Prezident İlham Əliyevin şəxsiyyəti, siyasi iradəsi və liderlik keyfiyyətləri ilə əlaqələndirirlər”.
Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsi ictimai dəstəyi tamamlayan amillərdəndir

Sorğuda respondentlər yüksək etimadın səbəbləri sırasında Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsini, müstəqil xarici siyasət yürütməsini və beynəlxalq nüfuzunun artmasını da qeyd edirlər.
Son illərdə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, regional əməkdaşlıq formatları və beynəlxalq təşəbbüslərdə fəallığı ölkənin geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşlarından birinə çevrilməsi, Orta Dəhlizin inkişafında oynadığı rol, COP29-a ev sahibliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi və çoxtərəfli diplomatiyada fəallığı Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib.
Bu isə onu göstərir ki, respondentlər üçün xarici siyasətdə əldə olunan nəticələr daxili siyasi qiymətləndirmənin ayrılmaz hissəsinə çevrilib. Dövlətin beynəlxalq nüfuzunun yüksəlməsi ölkə daxilində də siyasi etimadı gücləndirən amillərdən biri kimi qəbul olunur.
Sabitlik amili qlobal qeyri-müəyyənlik fonunda daha böyük əhəmiyyət qazanır
Sorğunun təhlili göstərir ki, respondentlər Prezident İlham Əliyevə yüksək etimadın əsas səbəblərindən biri kimi ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasını qiymətləndirirlər.
Bu yanaşma hazırkı beynəlxalq şəraitdə xüsusi aktuallıq kəsb edir. Dünyanın müxtəlif regionlarında silahlı münaqişələrin, siyasi böhranların və iqtisadi qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə daxili sabitlik dövlətlərin ən mühüm üstünlüklərindən biri hesab olunur.
Respondentlər üçün təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Buraya siyasi sabitlik, dövlət institutlarının dayanıqlılığı, iqtisadi təhlükəsizlik, sosial sabitlik və uzunmüddətli inkişaf üçün əlverişli mühitin qorunması da daxildir.
Sorğuda alternativsiz lider göstəricisinin məhz sabitlik amili ilə əlaqələndirilməsi də ictimai rəyin bu istiqamətdə formalaşdığını göstərən mühüm siyasi siqnaldır.

Nəticə
Sorğunun nəticələri göstərir ki, Azərbaycanda formalaşmış yüksək ictimai etimad tək bir amillə izah olunmur. Təhlil göstərir ki, respondentlərin siyasi qiymətləndirməsində milli maraqların ardıcıl müdafiəsi, dövlətlə cəmiyyət arasında qarşılıqlı etimad, qətiyyətli liderlik, iqtisadi inkişaf, Azərbaycanın regional və beynəlxalq nüfuzunun artması, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, tam suverenliyin təmin olunması və ölkədə sabitliyin qorunması bir-birini tamamlayan əsas faktorlar kimi çıxış edir.
Politoloq Zaur İbrahimli də hesab edir ki, sorğunun ortaya qoyduğu nəticələr məhz bu amillərin cəmiyyət tərəfindən vahid siyasi qiymətləndirmə kimi qəbul edildiyini göstərir: “Sorğuda əks olunan yüksək etimad və dəstək göstəriciləri siyasi hakimiyyətin cəmiyyətin gözləntilərini qarşıladığını, vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa davamlı inam və rəğbət bəslədiyini nümayiş etdirir. Sorğunun nəticələri cəmiyyətin ümumi iradəsinin və dövlət başçısına verilən ictimai mandatın göstəricisi kimi qiymətləndirilə bilər”.
Bu baxımdan sorğuda əks olunan 87,7 faizlik etimad, 93,6 faizlik fəaliyyətə müsbət qiymət, 91,5 faizlik seçki dəstəyi və 81,9 faizlik alternativsiz lider göstəricisi ayrı-ayrı statistik rəqəmlərdən daha çox, Azərbaycanda siyasi legitimliyin hansı amillər üzərində formalaşdığını göstərən mühüm siyasi indikatorlar kimi qiymətləndirilə bilər.
Sorğunun ortaya qoyduğu mənzərə cəmiyyətin yalnız mövcud idarəetməyə münasibətini deyil, eyni zamanda dövlətin seçdiyi inkişaf modelinə, uzunmüddətli strateji kursuna və gələcək inkişaf istiqamətlərinə verdiyi dəstəyi də əks etdirir. Bu isə göstərir ki, ictimai etimad müasir dövrdə siyasi legitimliyin əsas dayaqlarından biri olaraq qalır və dövlətin daxili dayanıqlılığı ilə beynəlxalq mövqeyini tamamlayan mühüm siyasi resurs kimi çıxış edir.