İtaliya mediası Azərbaycandan yazıb Siyasət

İtaliya mediası Azərbaycandan yazıb

Məmməd Əhmədzadə: "Azərbaycanla Vatikan arasında ənənəvi sıx əlaqələrin mövcuddur"


İtaliyanın nüfuzlu "Il Libero" qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin jurnalist Miska Rucceriyə (Miska Ruggeri) verdiyi müsahibə dərc olunyb. Səfirlikdən verilən məlumata görə, jurnalistin "Papa Fransiskin Azərbaycana səfərini necə qiymətləndirirsiniz" sualını cavablandıran M.Əhmədzadə, səfərin ölkəmizin multikonfessional ölkə kimi təsbit olunması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Diplomat, Azərbaycanla Vatikan arasında ənənəvi sıx əlaqələrin mövcud olduğunu, hələ 2002-ci ildə Papa II İohann Pavelin ölkəmizə səfəri zamanı Azərbaycan hökumətinin Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayırması və hal-hazırda burada fəaliyyət göstərən kilsənin ölkə katoliklərinin mərkəzi olduğunu qeyd edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun katolik mədəni irsinin bərpası istiqamətində fəaliyyətinin Azərbaycanla Vatikan arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Jurnalistin əhalisinin tam əksəriyyətini müsəlmanlar təşkil edən və azsaylı katolik icması olan Azərbaycanın multikuluturalizm və multikonfessional model ölkə kimi təqdim edilməsinin nə ilə bağlı olması sualına cavab olaraq M.Əhmədzadə ölkəmizin tarixən multikonfessional, çox mədəniyyətli və multietnik dövlət olmasını bildirib, Konstitutiyamızın etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin etdiyini vurğulayıb. Ölkəmizdə ictimai və özəl həyatın bərabərlik prinsipinə əsaslandığını, müxtəlif dinlərin harmoniya içində mövcudluğunu, Bakı və əhalisi çox olan digər şəhərlərimizdə məscidlər, kilsələr və sinaqoqların fəaliyyət göstərdiyini, dövlət rəsmilərinin müxtəlif dini icmaların bayramlarında heç bir fərq qoymadan iştirak etdiyini deyib. Azərbaycanın bu xüsusiyyətlərə malik olmasını nəzərə alaraq cari ilin aprel ayında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirib.
Dini "soyuq müharibə" kimi təqdim edilən Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığına dair suala cavab olaraq M.Əhmədzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə kimi təqdim edilməsinin gülünc olduğunu, Bakının mərkəzində yerləşən erməni kilsəsisinin dövlət tərəfindən bərpa edildiyini və orada erməni dilində 5 min kitabın saxlanıldığını deyib. Diplomat əlavə edib ki, Ermənistan bilərəkdən münaqişəni dini zəmində təqdim edərək xristian aləmində ictimai fikri öz tərəfinə çəkməyə çalışır. Bu münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzrərində qurulduğunu, SSRİ-nin süqutu ilə Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ini, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonu işğal etdiyini, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, əhalisinin sayına nisbətdə qaçqın və məcburi köçkünlərinə görə Azərbaycanın dünyada birinci yerdə olduğunu deyib.
Jurnalistin münaqişənin törətdiyi yaraların nə vaxt sağalacağı ilə bağlı sualını cavablandıran M.Əhmədzadə vurğulayıb ki, nə vaxta qədər ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmayacaq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT TŞ-nin 4 qətnaməsi icra olunmayacaq, yaraların sağalması mümkün deyildir. Dağlıq Qarabağ münaqişəsinin tarixin ağrılı səhifələrindən olduğunu, 2017-ci ildə erməni vəhşiliyinin simvolu olan Xocalı soyqırımının anılmasının 25-ci ildönümünün qeyd ediləcəyini vurğulayan diplomat bu soyqırımının acı nəticələri barədə məlumat verib və bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyini deyib. Bundan əlavə, Ermənistanın aprel ayında ölkəmizə qarşı törətdiyi yeni hərbi təcavüzü barədə məlumat verib, erməni tərəfinin ölkəmizə qarşı yalan və gülünc iddialarına cavab olaraq Ermənistan qoşunlarının tərkibində ASALA erməni terrorist təşkilatının üzvlərinin olduğunu, Azərbaycana qarşı erməni hərbi qüvvələrinin kimyəvi silahlardan istifadə etdiyini və ölkəmizin nüvə silahı ilə təhdid edildiyini bildirib.
Rəsmi Moskvanın son dövrlərdə vasitəçilik səylərini artırmasının münaqişənin həllinə töhfə verə biləcəyi sualına cavab olaraq M.Əhmədzadə, bunun əlbəttə ki, sülh prosesinə kömək edə biləcəyini deyib, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu, lakin sülhün ancaq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxacağı halında mümkün olacağını bildirib. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin yerinə yetirilməsi üçün dünya ictimaiyyətinin dəstəyinin vacibliyini vurğulayan diplomat Ermənistanın status-kvonun dəyişməli olduğunu qəbul etməsi, danışıqlarda imitasiya etməyi dayandırması, substantiv danışıqlara başlamaq üçün konstruktivlik nümayiş etdirməsi vaxtının gəlib çatdığını deyib.