“Azərbaycan İstanbul Prosesində iştirak edən tərəfdaş dövlətlərlə birlikdə 2017-ci ildə bu prosesə uğurla sədrlik edəcək” Siyasət

“Azərbaycan İstanbul Prosesində iştirak edən tərəfdaş dövlətlərlə birlikdə 2017-ci ildə bu prosesə uğurla sədrlik edəcək”

Hikmət Hacıyev: "Və Nazirlər toplantısına ev sahibliyi edəcək"

Azərbaycan 2017-ci ildə Əfqanıstana dəstək məqsədilə yaradılmış İstanbul prosesinə ev sahibliyi edəcək. Prosesin detalları ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik.

- "Asiyanın Ürəyi - İstanbul Prosesi" nədir və Hindistanda keçirilmiş nazirlər toplantısında hansı qərar qəbul edilib?
- Dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş "Asiyanın Ürəyi – İstanbul Prosesi"nin 6-cı Nazirlər Konfransının yekun Amritsar Bəyannaməsində Azərbaycanın İstanbul prosesinin həmsədr ölkəsi kimi 2017-ci ildə "Asiyanın Ürəyi – İstanbul Prosesi"nin növbəti Nazirlər Konfransına ev sahibliyi etməsinə dair təklifi alqışlanıb və qəbul edilib.
İstanbul Prosesi 2011-ci ilin 2 noyabr tarixində İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu Proses "Asiyanın ürəyi" ("Heart of Asia") adlanan bölgənin dövlətləri tərəfindən Əfqanıstan və onun qonşuları arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərin müzakirə edilməsi üçün əlverişli platformadır. İstanbul Prosesi Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə vermək məqsədini daşıyır.
- Bu Prosesdə hansı ölkələr iştirak edir və İstanbul Prosesinin fəaliyyət mexanizmi necədir?
- Hazırda Azərbaycan da daxil olmaqla, "Asiyanın ürəyi" regionuna aid olan 14 ölkə (Azərbaycan, Əfqanıstan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri) bu prosesin tamhüquqlu iştirakçısıdır. Bundan əlavə, Avstraliya İttifaqı, Kanada, Danimarka, Misir, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Norveç, İspaniya, İsveç, Birləşmiş Krallıq, İraq, ABŞ, BMT, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası, Avropa İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ağa Xan İnkişaf Şəbəkəsi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı kimi dövlət və beynəlxalq təşkilatlar İstanbul prosesində dəstəkləyici rolunda çıxış edirlər.
İstanbul Prosesinin qərar qəbul etmə orqanları xarici işlər nazirlərinin konfransları, yüksək vəzifəli şəxslərin iclasları və xüsusi işçi qrupların görüşləridir. Xarici işlər nazirlərinin Konfransı ildə bir dəfə olmaqla, növbəti sədrlik funksiyasını öz üzərinə götürən ölkə tərəfindən təşkil edilir. İstanbul Prosesinin ilk nazirlər görüşü 2 noyabr 2011-ci il tarixində İstanbulda, ikinci nazirlər görüşü 14 iyun 2012-ci ildə Kabildə, üçüncü nazirlər görüşü 26 aprel 2013-cü ildə Almatıda, dördüncü nazirlər görüşü 31 oktyabr 2014-cü ildə Pekində, beşinci nazirlər görüşü 2015-ci ilin 9 dekabr tarixində İslamabadda keçirilib. Sonuncu nazirlər toplantısı isə Hindistanın Amritsar şəhərində baş tutub.
İstanbul Prosesi çərçivəsində nazirlər səviyyəsində qəbul olunan yekun sənədlərdə, o cümlədən Amritsar bəyanatında İstanbul prosesində iştirak və ona dəstək verən 30 dövlət və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndələri tərəfindən dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək bildirilir, separatizm, terrorizm, ekstremizm, eləcə də onlar arasında bağlantının regiondakı dövlətlərə təhdid yaratmasından narahatlıq ifadə edilir.
- Azərbaycan İstanbul Prosesi çərçivəsində Əfqanıstanın sabitliyi və inkişafı üçün nə kimi tədbirlər görür və prosesə hansı töhfələri verir?
- Azərbaycan Əfqanıstanın regional iqtisadiyyata inteqrasiya olunması və qonşuları ilə ticarətin inkişaf etdirilməsi, həmçinin regional əlaqələrinin gücləndirilməsi məqsədilə Əfqanıstanla əməkdaşlıq edir. Azərbaycan İstanbul Prosesinin regional infrastruktura dair etimad quruculuğu tədbirlərində Türkmənistanla birgə aparıcı ölkə kimi bu sahədə Əfqanıstan və digər tərəfdaş ölkələrlə fəaliyyətini davam etdirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər dənizinin sahillərində logistik mərkəzlər, Azərbaycan və İran İslam Respublikasını birləşdirən dəmir yolları şəbəkələri də daxil olmaqla, Azərbaycanın təşəbbüsü ilə hazırda həyata keçirilən regional birləşdirici layihələr Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca multi-modal imkanlarla trans-regional infrastrukturun inkişaf etdirilməsində keyfiyyətcə yeni imkanlar təqdim edir. Bu layihələr Əfqanıstanın qlobal bazarlara girişini asanlaşdıracaq və regionda yük və konteynerlərin daha qısa, sürətli, səmərəli və ucuz yollarla daşına biləcəyi əlaqələri təmin edəcək.
Azərbaycan İstanbul Prosesinin narkotiklərə qarşı mübarizəyə dair etimad quruculuğu tədbirlərində Rusiya Federasiyası ilə birgə aparıcı ölkə kimi region üçün həqiqətən ciddi təhlükə kəsb edən narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə Əfqanıstan və digər tərəfdaş ölkələr ilə birgə işləyir. İkitərəfli əsasda Azərbaycan öz təcrübəsini Əfqanıstanla bölüşür və səmərəli idarəçilik, müdafiə, hüquq-mühafizə və minalı ərazilərin təmizlənməsi kimi sahələrdə təlimlərin keçirilməsində yardım edir.
Biz həmçinin hərbi birləşmələr, multimodal tranzit, təlim və maliyyə yardımları təmin etməklə, NATO-nin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindən sonrakı "Qətiyyətli Dəstək Missiyası"na öz töhfəmizi veririk. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianələr verib və bu fonda dəstəyi davam etdirməyi qərara alıb.
Azərbaycan "Asiyanın Ürəyi – İstanbul Prosesi"nin həmsədr ölkəsi və 2017-ci ildə növbəti Nazirlər Konfransına ev sahibliyi edəcək ölkə kimi ikitərəfli səylər, eləcə də "Asiyanın Ürəyi – İstanbul Prosesi" və digər çoxtərəfli platformalar çərçivəsində Əfqanıstanın stabilləşdirilməsi, quruculuğu və inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcək. Əminliklə deyə bilərik ki, Azərbaycan İstanbul Prosesində iştirak edən tərəfdaş dövlətlərlə birlikdə 2017-ci ildə bu prosesə uğurla sədrlik edəcək və Nazirlər toplantısına ev sahibliyi edəcək.