Erməni zabit Azərbaycana keçmək istəyir Siyasət

Erməni zabit Azərbaycana keçmək istəyir

Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan haqqin.az saytının xüsusi müxbiri Vahan Martirosyana müracət edərək Azərbaycan tərəfə keçməsin kömək göstərilməsini istəyib. Norayr Minasyan bildirib ki, Bakıda mətbuat konfransı keçirib Ermənistan silahlı qüvvələrinin sərhədyanı bölgələrdə yerləşdirilmiş qüvvələrində baş verənlər haqda danışmaq istəyir.
36 yaşlı Norayr Minosyan Ermənistan ordusunda baş leytenant rütbəsində xidmət edib, Naxçıvanla həmsərhəd yerləşdirilmiş 70179 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri olub. O, Hərbi Akademiyanın məzunudur, rus və ingilis dillərində bilir.
2014-cü ilin fevralında Norayr Minosyan saxta ittihamla həbs edilib və mühakimə olunub. Onu hərbi hissəni özbaşına tərk etməkdə ittiham ediblər. Bu ittihamla Norayr Minosyana 1 il həbs cəzası verilib, ancaq erməni hüquq müdafiəçilərinin təzyiqləri nəticəsində 6 ay sonra zabiti həbsdən azad etməli olublar.
Norayr Minosyan deyib ki, əslində onun həbsinin səbəbi Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi (hazırda prezidentin müşaviridir) Yuri Xaçaturovun oğlu ilə toqquşması olub. Xaçaturovun oğlu Qriqori Xaçaturov Ermənistan ordusunun 3-cü ordu korpusunun komandiridir. Minosyanın dediyinə görə, hətta həbsdən buraxılandan sonra da hakimiyyət onu və ailəsini təqib etməkdə davam edib. Nəticədə Norayr Minosyan ölkədən qaçmalı olub. Hazırda erməni zabit Soçidədir və Azərbaycan hakimiyyətindən xahiş edir ki, onun Bakıya gəlməsinə şərait yaratsın.