İran prezidentinin Azərbaycana səfərindən gözləntilər Siyasət

İran prezidentinin Azərbaycana səfərindən gözləntilər

Elçin Xalidbəyli: "İlham Əliyevin İrana səfərində əldə olunmuş nəticələrin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıyır"
Qabil Hüseynli: "İranın qısa müddətdə Azərbaycanın çəkəcəyi TANAP qaz kəməri layihəsinə qoşulmağa imkan yaranacaq"

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri üçün hazırlıq işləri gördüyü bildirilib. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İranda səfərdə olduğu zaman iranlı həmkarı Həsən Ruhanini Azərbaycana dəvət edib: "Hazırda bu səfərin yaxın gələcəkdə prezident Ruhaninin iş qrafikinə uyğun həyata keçirilməsi üçün hazırlıq işləri görülür".
Qeyd edək ki, hər iki ölkənin bölgədə və dünyada baş verən bir çox proseslərlə bağlı eyni mövqedə olduğunu bildirən səfir Cavanşir Axundov İran prezidentinin nə vaxt səfər edəcəyi barədə dəqiq vaxt açıqlamayıb.
Ümumiyyətlə siyasilər səfər barədə nə düşünürlər?
Politoloq Elçin Xalidbəyli bildirdi ki, İran prezidentinin Azərbaycana səfərini müsbət hal kimi dəyərləndirmək mümkündür: "Çünki son vaxtlar Azərbaycan-İran münasibətlərində müəyyəm qədər istiləşmə müşahidə edilir. Düzdür, iki qonşu dövlət arasındakı əlaqələri hələlik tam dostluq münasibətləri kimi dəyərləndirmək də mümkün deyil. Çünki İranı Azərbaycanın milli maraqlarına həssas yanaşan dövlətlərin sırasına aid etmək çətindir. Xüsusilə də, İranın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistana hərtərəfli yardım göstərməsi rəsmi Tehranla münasibətlərdə ehtiyatlı davranmağa ehtiyac yaradır. Ancaq bununla belə, Azərbaycan-İran münasibətlərində irəliyə doğru müsbət addımların atılmaqda olduğu da qətiyyən diqqətdən yayınmır. Hər halda, hazırda Azərbaycan-İran münasibətləri əvvəlki prezident Mahmud Əhmədinejatın hakimiyyəti dönəmində olduğundan daha ümidverici məzmun daşıyır. Digər tərəfdən bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı əldə olunan nəticələr də iki qonşu dövlətin qarşılıqlı münasibətlərinin gələcək perspektivli baxımından böyük önəm daşıyır. Bu baxımdan, hesab etmək olar ki, İran prezidentinin Azərbaycana səfəri, Prezident İlham Əliyevin İrana səfərində əldə olunmuş nəticələrin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıyır".
Politoloq Elman Nəsirli hesab edir ki, Prezident İlham Əliyevin aprelin 9-da İran İslam Respublikasına reallaşıdırılan rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri hər iki dövlətin mehriban qonşuluq münasibətlərində olduğunu müşahidə etdirir. Elman Nəsirlinin fikrincə, bu, iki dövlət arasında müəyyən anlaşılmaz məsələlərlə bağlı ortaq məxrəcin tapılması üçün geniş və potensial imkanların yarandığını göstərir: "Fundamental məsələlərdə eyni mövqedən çıxış etməyimiz hər iki dövlət tərəfindən imzalanmış 4 sənədlə də təsdiqlənib". Elman Nəsirli Azərbaycan - İran münasibətlərini "xüsusi münasibətlər" sisteminə daxil etdi. İranın Ermənistandakı səfiri qonşu dövlətlərlə münasibətlərə xüsusi əhəmiyyət verdiklərini qeyd edib. O, Ermənistanın İran üçün mühüm mövqedə dayandığını, prezident İlham Əliyevin İrana səfəri və İran prezidentinin gözlənilən səfəri müstəvisində Azərbaycanla xüsusi münasibətlərə sahib olduqlarını önə çəkib: "O dövlətlər ki, son dərəcə yaxın və ikitərəfli əməkdaşlığa malikdirlər buna xüsusi münasibətlər deyilir. Hesab edirəm ki, bu gün Bakı-Tehran münasibətləri də xüsusi münasibətlər baxımından diqqəti cəlb edir".
Politoloq Həsən Ruhaninin Bakıya səfəri zamanı həm iqtisadi - ticarət sahəsində, eyni zamanda siyasi dialoq sferasında və təhlükəsizlik istiqamətində çox vacib məsələlərin müzakirə olunacağını və bunun regionda təhlükəsizliyə şərait yaradacağına şübhə etmədiyini qeyd etdi. Xəzərin statusi ilə bağlı problemin hələ ki, öz həllini tapmayan məsələlərdən olduğunu deyən politoloq, prezidentin Azərbaycana səfəri zamanı bu məsələyə də toxunulacağını istisna etmədi. Hələ Azərbaycan Prezidenti İranda olanda qeyd edirdi ki, bu məsələnin həlli uzaq perspektivin məsələsi deyil. Ona görə də hesab edirəm ki, Ruhaninin Bakıya səfəri zamanı Xəzər məsələsi ərtafırnda ortaq məxrəcə gəlmək üçün daha gözəl imkanlar açılacaq və bundan maksimum istifadə olunacaq. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparılmasının xüsusi əhəmiyyəti var. Bu məsələdə İranın mövqeyi bəllidir. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq prinsipi əsasında həllinin tərəfdarıdır".
Elman Nəsirli bu gün Ermənistan tərəfinin Həsən Ruhaninin Ermənistana səfərinin hazırlığı ilə məşğul olduğunu və prezidentin ilk öncə Ermənistana deyil, Azərbaycana səfərə gəlməsini "şahmat dili" ilə Azərbaycanın "ağ fiqurlarla" oynaması kimi dəyərləndirdi.
Politoloq İran prezidentinin Azərbayacana səfəri zamanı orada yaşayan azərbaycanlıların problemlərinin və narahatlıq doğuran məqamalara aydınlıq gətiriləcəyini qeyd etdi: "Həsən Ruhaninin prezidentliyə seçildiyi dönəmdə orada olan 35 milyon azərbyacanlının böyük əksəriyyəti məhz onu dəstəklədi. İran prezidenti bu məqamı özünün bur sıra çıxışlarında vurğulayıb. Bu, həm böyük bir məsuliyyət və həm də böyük bir "avansdır". Azərbaycan etnosu orada Ruhaniyə dəstək verirsə bunun məsuliyyətini dərk edib, adekvat addımlar atmaq lazımdır. Ona görə də bu səfər zamanı İran azərbaycanlılarının qarşılaşdığı məsələlərin həlli ilə bağlı daha yaxşı imkanalar açıla bilər".
Politoloq Ruhaninin hakimiyyətə gəlişindən sonra İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik niyyətində yaranan yumşalmalara da toxunub. O, bildirib ki, İranın sabiq prezidenti Mahmud Əhmədnejatın prezidentliyi dövründə Qərblə münasibətlər son dərəcə kəskin idi. 2005-ci ildə, yəni Əhmədinejatın prezidentliyə başladığı vaxtdan Qərbin İrana qarşı sanksiyaları son dərəcə gərginləşdi. Həsən Ruhani hakimiyyətə gəldikdən sonra Qərblə münsibətlər yenidən baxır və o, İranın düşdüyü təcrid siyasətini aradan qaldırmaq istəyir. Politoloq bu prosesin Azərbaycanla bağlı yanaşmalara təsir göstərməsini istisna etmədi: "Çünki İranın əvvəlki rəhbərliyi Qərblə sıx münasibətlər qurduğuna görə Azərbaycanı ittiham edirdi. Guya, biz İranın düşmənləri ilə dostluq münasibətlərində olmaqla ona qarşı idik. Ona görə də əvvəlki dövrlərdə Azərbaycan İranın vasitəçilik istəklərinə fərqli yanaşırdı. Hesab edilir ki, İranın 1992-ci ildə vasitəçiliyi zamanı Şuşa və Laçını itirdik. Sonrakı dövrlərdə isə İranın Ermənistanla çox yaxın münasibətləri olub və bunun elementləri bu gündə saxlanmaqdadır. Belə olan təqdirdə İranın vasitəçiliyi bizim üçün maraqlı deyildi. Amma indi İran vaxtilə bizə dost, özünə düşmən hesab etdiyi qüvvələrlə münasibətləri bərpa etmək siyasəti seçib. Qərblə İranın münasibətlərinə yeni yeni reallıqlar yaranır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində İranın təsir imkanlarının artacağını gözləmək olar. Çünki İran artıq Azərbaycanın mövqeyini daha açıq şəkildə müdafiə etməyə başlayıb. Eyni zamanda Azərbayacan Qərblə İran arasındakı münasibətlərin yaxşılaçması üçün vasitəçi ola bilər. Bütün bu aspektlərdə İran prezidentinin Azərbaycan səfərini əlamətdar hesab etmək olar".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ruhaninin Bakı səfəri keyfiyyət etibarilə heç nəyi dəyişməyəcək: "İlham Əliyevin İran səfərinən sonra Ruhaninin Azərbaycana səfəri qarşılıqlı jestin göstəricisidir. Görünür, hər iki tərəf münasibətlərin yumşalmasında maraqlıdır. Ancaq İran tərəf yenə də şərtlərlə danışır və İsraillə münasibətlərin kəsilməsini istəyir. Ancaq İranda prezident dəyişsə də, Ermənistana qarşı siyasət dəyişmədi. Digər tərəfdən, İsraillə iqtisadi, hərbi əməkdaşlıq İranla əməkdaşlıqdan daha xeyirlidir. Mən Ruhaninin Bakı səfərindən keyfiyyətcə yeni dəyişikliklər gözləmirəm. Liberman isə, konkret təkliflərlə gələcək".
Politoloq Qabil Hüseynli eyib ki, İran çoxsaylı sanksiyalara məruz qalır və Qərb dünyası ilə müəyyən problemlərini həll edərək sanskiyaların yaratdığı ictimai-siyasi və iqtisadi böhrandan çıxmağa cəhd edir: "Bu yolda onun Qərb dünyasına açılması üçün, xüsusilə dünya bazarına çıxışı üçün Azərbaycanın misilsiz rolu ola biləcəyinə inanırlar. Bu səbəbdən də Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyirlər. Azərbaycan prezidenti İrana səfəri zamanı həmin ölkə rəhbərliyinə müxtəlif təkliflər etmişdi. Bu təkliflər içərisində həm İran qazının Qərb bazarlarına çıxarılması məsələsi var idi, həm də birgə hərbi müdafiə sənayesinin və hərbi xarakterli məmulatların buraxılması məsələsi daxil idi. İqtisadi inteqrasiyanı dərinləşdirmək təklifi də bura daxil idi". Qabil Hüseynli vurğulayıb ki, hər iki tərəf irəli sürülən təkliflər barədə düşünməli idi. Xüsusən də İran tərəfi, çünki bu ölkədə ən səlahiyyətli şəxs Həsən Ruhani deyil: "Azərbaycan prezidentinin təklifləri kifayət qədər orjinal və gözlənilməz idi. Həmin məsələlər yəqin ki, İran tərəfindən araşdırıldıqdan sonra yüksək dəyərləndirilib və bu məsələnin məntiqi sonluğa çatdırılması üçün Ruhaninin Azərbaycana səfərinə ehtiyac yaranıb. Çünki İlham Əliyevin təklifləri və bu təkliflər altında yatan iqtisadi layihələr İran tərəfinin marağına səbəb olub".
Politoloq qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin yaxınlaşması Azərbaycanla Qərb dövlətləri arasında münasibətlərə xələl gətirməyəcək: "İran qazının Azərbaycan vasitəsilə Qərb bazarına çıxarılması məsələsi var. Hətta ola bilsin ki, İran nefti də Bakı-Ceyhan xətti ilə Qərb bazarına çıxarılsın. Amma əsas məsələ təbii qazın ötürülməsidir. İran yəqin ki, Türkmənistanı da qabaqlamaq istəyir. Bilir ki, Türkmənistandan gələn TransXəzər qaz kəmərinin çəkilməsi uzun vaxt tələb edə bilər, yaxud da Rusiya və eləcə də İranın özü buna maneçilik törədə bilər. Belə olduğu təqdirdə Azərtbaycanla İran arasında hələ sovetlər birliyi dövründə çəkilmiş qaz kəməri layihəsinin mövcud olması İranın qısa müddətdə Azərbaycanın çəkəcəyi TANAP qaz kəməri layihəsinə qoşulmağa imkan verəcək. Bu da vaxtilə İranın bazarlarına yiyələnmiş Rusiyanın İran tərəfindən sıxışdırılıb çıxarılmasına gətirib çıxara bilər. Qərb heç zaman bu layihəyə etiraz eləməz".

Əli