Rusiyanın gizli vətəndaşları.... Siyasət

Rusiyanın gizli vətəndaşları....

Əlövsət Əliyev: "Sadəcə olaraq Azərbaycan qanunvericiliyinə görə əcnəbi torpaq sahibi ola bilməz"
Ərəstun Oruclu: "Azərbaycan qanunvericiliyinə əsasən ikili vətəndaşlıq qadağandır"

Moskvadakı Azərbaycan diasporunun adının açıqlanmasının istəməyən fəal üzvlərindən biri mətbuata açıqlamasında bildirib ki, Xaçmazda yaşayan bəzi ləzgilərin Azərbaycan pasportu ilə yanaşı, rus pasportları da var. Onlar Rusiya pasportunu gizli formada daşıyırlar.
Qeyd edək ki, bu şəxs həm də Kremlə yaxın siyasətçilərlə intensiv əlaqələrə malikdir, hansı ki, azərbaycanlıların problemlərinin həll olunmasında yaxından iştirak edirlər.
Keçmiş SSRİ-i və çar İmperiyası dövründə Rusiya torpaqları sayılan ərazilərdə yaşayanlara rus pasportunun verilməsinin sadələşirilməsi ilə bağlı Vladimir Putinin sərəncamı haqda danışan mənbəmiz bildirir ki, bundan Azərbaycana qarşı geniş rıçaq kimi istifadə edəcəklər: "Bu gün təəssüflə qarşılansa da, ləzgi kartından istifadə edilir. Moskvada Ləzgi-federal muxtariyyətinə ermənilər də geniş dəstək verirlər. Bu muxtariyyətin başında Arif Kərimov dayanır ki, o həmişə Azərbaycan əleyhinə mövqedədir. Onun ətrafında bəzi institutlarda çalışan ləzgi elmlər namizədləri var və mütəmadi olaraq Azərbaycana qarşı tədbirlər keçirilər. Onların özlərinin xüsusi xəritəsi də var, bu xəritəyə görə Dağıstanın Cənub hissəsi ilə Azərbaycanın Şimal bölgəsi ləzgilərin dövlətidir. Xəritələrinə görə, Azərbaycanda Qəbələyə qədər onlarındır. Hesab edirlər ki, ləzgilərin dövləti kimi Dağıstanın Federal dairəsini yaratmalıdırlar. Həmişə ikiyə bölünmüş xalq məsələsini ortaya atırlar".
Diaspor üzvü qeyd edib ki, Moskva həmişə bu kartdan istifadə edə bilər. Onun sözlərinə görə, bu məsələ Rusiyada dəyirmi masalarda müzakirə olunur, hətta Prezident hotelində də müzakirə obyektidir: "Rusiyada Federal Mədəni muxtariyyətlər Rusiya büdcəsindən maliyyələşir. Ləzgilər Azərbaycana qarşı tədbir keçirirlərsə deməli bundan Kremlin xəbəri də var".
Mənbə bildirib ki, Rusiya Azərbaycandan vətəndaşlığından imtina edənlərin rəsmi qaydada çıxarılmasını gözləmədən onlara vətəndaşlıq verir: "Bizdə dəqiq məlumat var ki, Azərbaycanda gizli formada rus pasportunu daşıyan ləzgilər var. Rusiya onları Abxaziya və Osetiya, eləcə də Dnestryanıda olduğu kimi, lazımi günlərinə saxlayır. Lazım olan məqamda Azərbaycanda rus vətəndaşlarının ortaya çıxardacaq".
Qeyd edək ki, Abxaziya-Osetiya və Dnestryanı münaqişələrinin əsas oxşarlığı qəbul rus pasportlu insanların ortaya çıxması idi. Belə ki, Rusiya müdaxiləsinə qədər bu bölgələrdə rus vətəndaşları yox idi. Lakin birdən-birə rus pasportlu vətəndaşların ortaya çıxması Kremlin ssenarini əvvəldən yazdığı qənaətini yaratdı. Görünür, Moskva eyni ssenarini Azərbaycan üçün də hazırlayır. Bu arada Kremlin ideoloqu Aleksandr Duqinin "Rusiya Azərbaycana qarşı əsasən ləzgi-talış kartından istifadə edəcək" açıqlaması da təsadüfi sayılmamalıdır.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, ölkə daxilində Rusiya vətəndaşlığının yayılması daha geniş formatda "5-ci kolon" yaratmağa xidmət edir: "Bunun qarşısını almaq olduqca sadədir. Sadəcə, müəyyən prosedur həyata keçirilməlidir. Azərbaycan qanunvericiliyinə əsasən ikili vətəndaşlıq qadağandır. Deməli, xarici ölkələrin vətəndaşlığını qəbul edərək vətəndaşlıq haqqında qanunvericiliyi pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. İstənilən xarici ölkə vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığının avtomatik ləğv edilməsi haqqında müvafiq qanunverici aktlar qəbul edilməlidir. Bundan sonra, həmin şəxslər də daxil, Azərbaycan vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qalmasını və yaşamasını tənzimləyən qanunvericiliyə əlavə və düzəlişlər edilməlidir. Bu tədbirlər təxirə salınmadan həyata keçirilməlidir".
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Rusiya atdığı bu addımla rus vətəndaşı olmaq istəyənlərin nə qədər çox olduğunu nümayiş etdirmək istəyir: "Məsələyə bir neçə kontekstdən yanaşmaq lazımdır. Məsələn, siyasi kontekstdən baxdıqda, Rusiyanın özündə də bu məsələyə çox həssaslıqla yanaşan və əleyhinə çıxan siyasi dairələr var. Rusiyanın bu jestinin gələcəkdə onlar üçün ciddi problemlər yarada biləcəyini düşünürlər. Amma müəyyən siyasi qurumlar var ki, onlar bunun Rusiya üçün elə də böyük təhlükə yaradacağını zənn etmirlər". Bununla yanaşı, ekspert qeyd edir ki, Azərbaycandan Rusiyaya vətəndaşlıq əldə etmək üçün üz tutan insanların sayında kəskin artım olmayacaq: "Ən azından ona görə ki, bu niyyətdə olan insanlar bu və ya digər formada onsuz da rus vətəndaşlığı əldə ediblər. Düzdür, indi qaydaların asanlaşdırılması bir növ insanları şirnikləndirir. Ancaq indiki halda Rusiyada müxtəlif aspektlərdə gərginliklər yaşanır. Xüsusilə də, Rusiyanın qonşu dövlətlərlə bağlı həyata keçirdiyi kəskin lidersayağı siyasət və ölkə ərazisində şovinist əhval-ruhiyyənin yüksək olması insanları Rusiya vətəndaşlığı almaqdan çəkindirən amillərdir. Mən də düşünürəm ki, rus vətəndaşlığı almaq istəyənlər Azərbaycan vətəndaşlığından imtina etməlidir. Yəni özləri istəməsələr belə, buna məcbur edilməlidirlər. Amma böyük əksəriyyət var ki, rus pasportu alıblar, ancaq hələ də Azərbaycan vətəndaşlığından imtina etməyiblər. Əgər bu qanun layihəsi bizim ölkənin maraqlarına toxunarsa, o zaman adekvat addımlar atılmalıdır".
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə diqqqətə çatdırdı ki, Azərbaycan vətəndaşlığından imtina edən şəxslərin ilk növbədə siyasi hüquqları-seçki hüquqları məhdudlaşır. O, həmçinin diqqətə çatdırdı ki, onların torpaq üzərində mülkiyyət hüququ ləğv edilmir: "Sadəcə olaraq Azərbaycan qanunvericiliyinə görə əcnəbi torpaq sahibi ola bilməz. Əgər əcnəbinin adına torpaq hədiyyə edilərsə və ya vərəsəliklə keçərsə bir il ərzində həmin torpaq sahəsini özününküləşdirməlidir. Əks halda torpaq dövlət tərəfindən müsadirə götürülür".

Əli