“Bu hadisə bir daha onu göstərir ki...” Siyasət

“Bu hadisə bir daha onu göstərir ki...”

Azər Verdiyev: "Türkiyənin regionda və dünyada artan nüfuzu kimlərisə narahat etməyə başlayır"

Rövşən Məmmədli: "Avropaya, Birləşmiş Ştatlara daha hansı atribut, əlamət lazımdır ki, 10 dekabr aktının xalis terror hücumu olduğunu etiraf eləsinlər"

Elxan Şahinoğlu: "Bu terrorçuları elə onların öz silahları ilə vurmaq lazımdır"

Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında partayış baş verib. Terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. Bu barədə bazar günü Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.Terror hadisəsi ilə bağlı məsuliyyəti PKK terror təçkilatının "Kürdüstan Azadlıq Şahinləri" adlı qolu öz üzərinə götürüb. Bu haqda terrorçulara yaxın sayt məlumat yayıb. Qeyd edilir ki, partlayışlar bomba vasitəsilə həyata keçirilib.
Terror təçkilatı terror hücumu zamanı bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Məlumat üçün qeyd edk ki, xain terrakt zamanı az qala yarım ton (300-400 kq) trotildən istifadə olunub.
Baş vermiş terror aktına sərt münasibət bildirən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev bu olayın region üçün ciddi təhdid olduğunu deyib: "Bu hadisə bir daha onu göstərir ki, Türkiyənin regionda və dünyada artan nüfuzu kimlərisə narahat etməyə başlayır. Türkiyənin Yaxın şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar bu bölgədə terrorun kökünün kəsilməsinə hesablanıb. Bundan başqa 15 iyul hadisələrindən sonra Türkiyə ciddi iqtisadi islahatlar ərəfəsindədir. Aparılan araşdırmalar bir daha onu sübut etdi ki, Qərb dairələri də Türkiyənin zəifləməsində kifayət qədər maraqlıdırlar. Bütün bu hadisələrin fonunda Türkiyəni terrorla hədələyənlər bir faktı unudurlar: Nə terror, nə hədə-qorxu, nə də sanksiyalar Türkiyəni çökdürə bilməz. Əksinə bu olaylar dünya türklərini daha sıx şəkildə birləşməsini stimullaşdırır. Mən öz növbəmdə bu qanlı terror aktı nəticəsində dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm"
Ekspert Röşən Məmmədli bildirib ki, daima təməl bəşəri haqlardan, insanlıqdan dəm vuran qoca Avropadan, onun əsas qurumlarından və siyasilərindən Türkiyənin ən böyük şəhərində 10 dekabrda törədilən müdhiş terror əməlinə reaksiya nə adekvat oldu, nə də çevik. Hətta heç düz-əməlli səs də çıxmadı: "Bəzi rəsmilər, məsələn, İngiltərənin xarici işlə naziri, türk əsilli Boris Conson, Almaniya kansleri Angela Merkel istisna olmaqla, qalanlar bu qanlı aktı ya pisləməyə özlərində cəsarət tapmadılar, ya da terraktı pisləməyə tələsmədilər. Yaxud pisləsələr də, bunu candərdi etdilər və hətta olayı "terror" adlandırmaqdan belə çəkindilər". Rövşən Məmmədlinin sözlərinə görə, bu da Avropanın gerçək simasını göstərir və terroru "yaxşı və pis"ə böldüklərini ortaya qoyur: "Bunlar bəşəriyyət adına, insanlıq adına, lap elə demokrat adına rüsvayçı nümunə-reaksiyalardır. Almaniyanın nüfuzlu "Deutche Welle" nəşrinin jurnalisti Vodafon Arena terror aktı ilə bağlı özünün twitter səhifəsində beləcə də yazıb: "Bu - PKK-nın böyük uğurudur". Düzdür, sonradan o, bu rüsvayçı statusunu silib. Ancaq nə xeyri? Bunu yenə jurnalist söyləyib deyə, üstündən keçmək də olardı. Əgər anoloji mövqe avropalı məmurlar, Avropanın məsul şəxsləri səviyyəsində də sərgilənməsəydi. Tarix üçün onların da adlarını qeyd edək. Avropa Parlamentinin sədri Martin Şults "qəlbi ilə Türkiyə vətəndaşları ilə olduğunu" söyləsə də, hadisəni terror adlandırmayıb. Həmçinin, Avropa Birliyinin (AB) xarici işlər naziri Federiko Moqerini şablon yanaşma sərgiləyərək, yalnızca Türkiyə ilə həmrəylik ifadə edib. O da "terror" deməyib. Yaxud Avropa Birliyinin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı Yoxannes Xan da "terrorizm" sözünü işlətməyib. Yalnız "demokratik cəmiyyətdə zorakılığa yer yoxdur" kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətlənib. Həmçinin, Birləşmiş Ştatlardan hələ ki sanballı reaksiya gəlməyib. İndi nə ad versən buna? Terrorun buynuzu-zadımı olur, әcaba? Avropaya, Birləşmiş Ştatlara daha hansı atribut, əlamət lazımdır ki, 10 dekabr aktının xalis terror hücumu olduğunu etiraf eləsinlər, boyunlarına alsınlar. Olmaya terrorun klassik anlamını Avropada, Birləşmiş Ştatlarda unudublar. Bu nədir görəsən, Qərbin çox öyündüyü dəyərlərin devalvasiyasımı? Yoxsa ki, alman jurnalistin statusundan da göründüyü kimi, terror aktını, üzvlərinə geniş qucaq açdığınız PKK-çılar törədib deyə, sevinirsiniz? Yəqin ki, sonuncudur. O zaman min dəfə yazıqlar olsun. Və bu riyakarlıqdan sonra Türkiyədən, Azərbaycandan Avropaya qarşı, onun qurumlarına qarşı yenə rəğbət, sayğımı umacaqsınız? Gerçəkdən də dost dar gündə bilinir.
İstanbuldakı qanlı cinayət isə həm də Türkiyənin, türk düşmənlərinin gerçək çevrəsini bir daha cızmış oldu. Doğrudan da hər şər işdə bir xeyir başlanğıcı var. Allah Türkiyəmizi qorusun". Rövşən Məmmədli qeyd edib ki, artıq Qərbdə dəyərlər devalvasiyaya uğrayır. Onun sözlərinə görə, dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş verən terror aksiyasına Qərbdən və Avropadan olan münasibət bunu bir daha təsdiqlədi: "Halbuki Fransada, Almaniyada, Belçikada həyata keçirilən terror aksiyaları zamanı ona ilk reaksiya bildirən, hadisəni qətiyyətlə pisləyən məhz Türkiyə Cümhuriyyəti olmuşdu. Bu da qarşılığı. Əslində Qərbdən, Avropadan bundan artıq nəsə gözləməyə də dəyməz. Çünki yaxın tarixdə ermənilərin, terrorçu Sərkisyanın Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı görməməzlikdən gələn Qərb, Avropa utanmadan 1915-ci ildə ermənilərə qarşı Osmanlı tərəfindən soyqırım həyata keçirildiyini bəyanlayır və onu tanıyır. Yəni, Qərbin, Avropanın iç üzü artıq ortadadır". Ekspert deyib ki, istər Avropada, istərsə də Qərbdə hər zaman türk düşmənçiliyi olub və türklərə qarşı həyata keçirilən hər hansı xoşagəlməz hallar, təzyiqlər, terror aksiyası elə Avropanın özündən qaynaqlanıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, PKK İŞİD-in texnologiyasını mənimsəyib, "terrorçu kamikadzelər" yetişdirir, adını da qoyub "kürd şahinlər". Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir. Ona görə də ekspertin fikrincə, bu terrorçuları elə onların öz silahları ilə vurmaq lazımdır: "Məsələn, bir dəfə eşitmədik ki, PKK-nın bazalarının birində kimsə içəridən terrorçuları partlatsın. Yoxdursa, Türkiyənin intiqamını almağa hazır olan vətənsevər kürdləri yetişdirmək lazımdır. Fələstinin terrorçu qruplaşması Münhen olimpiadasında bir qrup israilli idmançını qətlə yetirdi. Əvəzində İsrail kəşfiyyatı kənarda yəhudi ideologiyasına sadiq olan qrup yaradaraq elan etdi ki, İsrailli idmançların qətlinə əmr verən və həyata keçirənlərin hamısı dünyanın istənilən nöqtəsində tapılıb qətlə yetirilməlidir. Bir neçə ilin ərzində dünyanın müxtəlif ölkələrində həmin fələstinli terrorçuların və onların mənəvi liderlərinin meyitləri tapıldı. Rusiyanın özü İstanbulda nə qədər keçmiş çeçen döyüşçünün qətlinə əmr verdi. Çoxları bu üsuldan istifadə edir. Terrorçu bilməlidir ki, o, 20 nəfər öldürəcəksə, qarşı tərəf ondan on qat artığını qətlə yetirəcək. Türkiyə bir dəfə bu yolu keçib. Türkiyəli diplomatları qətlə yetirən erməni "Asala" təşkilatı terror əməlinə görə baha qiymət ödədi. Demək, bu üsulun yenidən tətbiqinə ehtiyac var".

Əli