13:21
609
“Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyevin İrəvanın təşkilatla bağlı qərar verməli olduğu barədə açıqlaması Ermənistanın KTMT-də qalıb-qalmayacağı ilə bağlı müzakirələrin yeni mərhələyə keçdiyini göstərir. Ermənistanın KTMT-dən çıxması nəzəri baxımdan mümkün olsa da, hazırkı mərhələdə bunun baş vermə ehtimalı yüksək görünmür. Bunun əsas səbəbi Ermənistanın hələ də təhlükəsizlik sisteminin müəyyən elementlərini Rusiya ilə əməkdaşlıq üzərində qurmasıdır. Ölkədə Rusiyanın hərbi mövcudluğu qalır, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq davam edir və iqtisadi sahədə Rusiyadan böyük asılılıq var”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Y.Bağırzadə söyləyib ki, İrəvanın son illərdə təşkilata münasibətində ciddi dəyişiklik müşahidə olunur: “Ermənistan rəhbərliyi xüsusilə 2021–2023-cü illərdə regional proseslər fonunda KTMT-ni öhdəliklərini yerinə yetirmədiyini bəhanə gətirərək təşkilatın bir sıra tədbirlərində iştirakını dondurub, maliyyə öhdəliklərinin icrasını dayandırıb və alternativ təhlükəsizlik tərəfdaşları axtarmağa başlayıb. Lakin Ermənistanın təşkilatdan tam çıxması yalnız siyasi qərardan ibarət deyil. Bu addım həm də geosiyasi nəticələr doğura bilər. İrəvan hazırda Avropa İttifaqı, Fransa və ABŞ ilə münasibətləri genişləndirməyə çalışsa da, həmin tərəfdaşların KTMT və ya Rusiya ilə müqayisədə eyni səviyyədə təhlükəsizlik təminatı təqdim edib-etməyəcəyi hələ tam aydın deyil. Buna görə Ermənistan rəhbərliyi ehtiyatlı davranmağa üstünlük verir. Başqa sözlə, Ermənistanın indiki şərtlər daxilində könüllü olaraq KTMT-dən çıxmaq haqqında qərar verməsi inandırıcı deyil. Həm də ona görə ki, bu qərar Rusiya tərəfindən sərt təzyiqlərə səbəb ola bilər”.
Politoloqun fikirlərinə görə, eyni şəkildə qurumun özü tərəfindən də Ermənistanın KTMT-dən çıxarılması ehtimalı olduqca aşağıdır: “Əvvəla ona görə ki, təşkilatın nizamnaməsində üzv dövlətin tərkibdən çıxarılması praktik olaraq nəzərdə tutulmayıb. Digər tərəfdən isə KTMT və xüsusən də Rusiya üçün Ermənistanın formal üzvlüyünün qorunması müəyyən mənada vacibdir. Çünki bu, təşkilatın Cənubi Qafqazdakı mövcudluğunu saxlamağa imkan verir. Odur ki, Ermənistanın KTMT-dən çıxması və ya çıxarılması hazırkı geosiyasi reallıqda daha çox uzunmüddətli perspektivə aid ehtimallar kimi görünür”.
Röya İsrafilova