“Türkiyə NATO-da yeni güc mərkəzinə çevrilir” Gündəm

“Türkiyə NATO-da yeni güc mərkəzinə çevrilir”

“Türkiyənin həm NATO və Qərb strukturlarında təmsil olunan, həm də müstəqil regional siyasət yürüdən ölkə kimi qlobal əhəmiyyəti sürətlə artır”.

Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, ABŞ-ın Türkiyəyə F-35 beşinci nəsil qırıcılarının tədarükü ilə bağlı mövqeyi, eləcə də ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankarada keçiriləcək sammitində iştirak edəcəyini açıqlaması bu münasibətlərin strateji xarakter daşıdığını göstərir:
“NATO-nun Türkiyədə keçiriləcək növbəti yüksək səviyyəli sammiti alyans üçün mühüm siyasi əhəmiyyət kəsb edir. ABŞ Prezidentinin həmin sammitdə iştirak qərarı yalnız Vaşinqtonun NATO çərçivəsindəki öhdəlikləri ilə izah olunmur. Donald Trampın bunu Prezident Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq ifadə etməsi Türkiyənin artan siyasi nüfuzunu və Ankara ilə Vaşinqton arasındakı münasibətlərin strateji səviyyəsini göstərir. Türkiyə son illərdə yalnız hərbi tərəfdaş kimi deyil, həm də beynəlxalq böhranların həllində mühüm vasitəçi və nizamlayıcı aktor kimi çıxış edir.
Ukrayna müharibəsi, Qara dəniz hövzəsində təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki proseslər və NATO daxilində mövcud olan fikir ayrılıqları Türkiyənin diplomatik manevr imkanlarını daha da genişləndirib. Ankara bu proseslərdə həm regional, həm də qlobal səviyyədə təsir imkanlarını artırır”.

Onun sözlərinə görə, ABŞ administrasiyası da Türkiyənin bu artan rolunu nəzərə almağa məcburdur:
“Bu gün Türkiyə NATO daxilində tənzimləyici və balanslaşdırıcı mövqeyi ilə seçilən ölkələrdən biridir. Rəsmi Ankaranın müstəqil xarici siyasəti və regional güc kimi artan təsiri qlobal siyasətdə onun əhəmiyyətini daha da yüksəldir”.

Günel Elxan