“Rusiyaya göz dağı vermək istəyiblər” Siyasət

“Rusiyaya göz dağı vermək istəyiblər”

Yusif Çinar: "Bu dövlətin Suriya böhranı daxil olmaqla dünya siyasətindəki rolu əhəmiyyətli dərəcədə artıb"

Hasan Oktay: "Yeni partlayışlar törədilə, terror aktları ola bilər"

Rusiyanın Ankaradakı səfiri Karlovun nqətlə yetirilməsi dünya mediasının əsas müzakirə mövzusudur. Hadisə ilə bağlı çoxsaylı versiyalar səsələndirilir. Hətta 3-cü dünya savaşının başlayacağını ehtimal edənlər də var.
Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib ki, Rusiya səfirinin öldürülməsi sadə bir hadisə deyil: "Çünki diplomatlar son ana qədər gedəcəkləri yerdə təhlükəsizlik baxımından hər hansı bir problem olmayacaqsa, iştiraka razılıq verirlər. Çox vaxt proqramı ən yaxın mühafizəçilər belə son anda öyrənirlər. Bu mənada 22 yaşlı bir gəncin səfiri öldürməsi ciddi araşdırma tələb edir". O xatırladıb ki, bu hərəkəti terrorçunun təkbaşına planlaşdırmadığını düşünür: " O, mütləq şəkildə xarici kəşfiyyatla əlaqəli müəyyən bir qrup tərəfindən istiqamətlənib. Terrorçu qətl hadisəsini çox vacib bir məqamda həyata keçirdi. Yəni bir tərəfdən "Türk axını" layihəsi gələn il 9 yanvarda Dumada təsdiqlənəcək, digər tərəfdən isə dünən Türkiyə, Rusiya və İran XİN rəhbərləri Suriya mövzusunda Moskvada bir araya gəldilər. Bu hücumun Rusiya- Türkiyə yaxınlaşmasından narahat olan qüvvələr tərəfindən həyata keçirildiyini düşünürəm".
Politoloqa görə, bu hadisəni planlaşdıranlar Türkiyənin "zəif bir dövlət" olduğu fikrini yaratmağa çalışıblar, çünki səfirin qətlindən əvvəl İstanbul və Kayseridə PKK tərəfindən terror hadisələri törədilib: "Səfirin öldürülməsi ilə Rusiyaya göz dağı vermək istəyiblər. Son dövrdə Rusiyanın Suriya böhranı daxil olmaqla dünya siyasətindəki rolu əhəmiyyətli dərəcədə artıb. ABŞ mətbuatı Rusiyanın bu gücünün artmasında Obama rəhbərliyini günahlandırmışdır. Yeni seçilmiş prezident Trampın Putinə münasibəti müsbətdir. Tramp Rusiya ilə yaxşı əlaqələrə sahib olan Exxon mobil CEO-nun rəhbərini xarici işləri naziri təyin edəcəyini bildirib".
Y.Çinar əlavə edib ki, Rusiya hadisə baş verən andan Türkiyənin səmimiyyətinə inandığını bəyan etdi: "Çünki təyyarə insdentindən sonra Türkiyə və Rusya münasibətlərinin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli səylər göstərilmişdi. Buna rəğmən münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün zamana ehtiyac olduğu bildirildi. Səfirin qətli iki məqsədlə törədilə bilər; birincisi, Türkiyədə xaos vəziyyətini artıraraq, Ankaranın NATO-ya daha çox möhtac bir hala gətirilməsi, ikincisi isə Qərbdə Türkiyənin tamamilə zəif dövlət olması fikrini yaratmaq. Bu iki siyasi məqsəd Türkiyə xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Hazırda Türkiyə təkcə Qərb deyil, Şərq dövlətlər ilə əlaqələri inkişaf etdirməyə çalışır". Politoloq hesab edir ki, Suriya münaqişəsi həllini tapmadan Orta Şərqdə vəziyyətin normallaşacağı gözlənilən deyil: "Rusya da anlayır ki, Suriya böhranı aradan qalxmasa, bölgədə rifah, inkişaf olmayacaq".
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib ki, Rusiya səfirini qətlə yetirən şəxsin polis olması və hadisədən sonra öldürülməsi bir çox sualları cavabsız qoydu: "Bu hadisənin alt qatında olan səbəbləri yaxşı araşdırmaq lazımdır". Onun sözlərinə görə, dünyada baş verən hadisələrin inkişafına nəzər salanda, bu hadisə Rusiya Türkiyə əlaqələrini pozmağa istiqamətlənmiş bir hərəkət kimi görünür: "Lakin görünən budur ki, baş verən hadisə Türkiyə- Rusiya əlaqələrini daha da gücləndirəcək. 24 noyabrda baş vermiş təyyarə insidentindən sonra müharibə astanasında olan Türkiyə və Rusiyanın münasibətləri yenidən bərpa olunmağa başlayanda səfiri qətlə yetirməklə bu əlaqələri pozmaq istədilər. Amma buna nail ola bilmədilər. Səfirin öldürülməsinə bu baxımdan Rusya-İsrail-Türkiyə ittifaqından narahat olanların hərəkəti kimi baxmaq olar".
Politoloqun sözlərinə görə, yeni partlayışlar törədilə, terror aktları ola bilər, hədəf isə Türkiyə və Rusiya, Putin və Ərdoğandır: "Türkiyəni terrorla çökdürmək istəyirlər. Lakin Türkiyə dirəniş göstərəcək və terrorun öhdəsindən gələcək. 15 iyulda Türkiyəni hədəf seçənlər məqsədlərinə nail ola bilməyəcəklər, çünki Türkiyə vahid şəkildə terrora qarşı birləşir. 15 iyul hadisələri zamanı Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dəstəyi Türkiyəni uçurumun bir addımlığından geri qaytardı".
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə deyib ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında İran dövləti də dayana bilər. O, səfirin qətlə yetirilməsinin arxasında İranın xüsusi xidmət orqanlarının dayanmasını istisna etməyib: "Bunu birmənalı olaraq demək çox çətin məsələdir. Sübut etmək üçün konkret faktlar lazımdır. Ancaq İranın davranışları və baş verən proseslər müəyyən şübhələr yaradır. Çünki son hadisələr zamanı Rusiya-Türkiyə yaxınlaşması fonunda İranın şübhəli davranışlarını müşahidə etdik. Hiss olunur ki, İran Rusiya-Türkiyə yaxınlaşmasına qısqanclıqla yanaşır. Bu baxımdan da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilən zaman, bu hadisənin arxasında dayanan qüvvələr arasında İranın olduğunu da istisna etmədim. İranın bu məsələdə maraqlı olduğunu düşünürəm. Əsas səbəb isə odur ki, İran heç bir vəchlə Türkiyənin həlledici siyasi faktor olmasını və irəli çıxmasını istəmir. Bütün dövrlərdə İran regionda yalnız özünün güc mərkəzi olmasını istəyib. Fikir versək, görərik ki, indi İran təkcə Suriyaya müdaxilə etməklə kifayətlənmir, Yəməndə və Bəhreyndə də əməliyyatların keçirilməsi ilə şiələrin hakimiyyətə gələcəyini iddia edir".
Politoloq qeyd edib ki, bütün bunlar İran şiə dövlətinin bir çox geosiyasi maraqlarını ortaya qoyur: "Bütün bunlara görə düşünürəm ki, səfirin qətlə yetirilməsində İranın da əli ola bilər. Baxmayaraq ki, ABŞ-la İran arasında müəyyən ixtilaflar mövcuddur. Ancaq bu məsələ ilə bağlı ABŞ ilə İran arasında gizli anlaşmanın olduğunu da istisna etmirəm. Ümumi maraqlar ABŞ və İranı birləşdirə bilər. Çünki ABŞ da İran kimi Türkiyə-Rusiya yaxınlaşmasını istəmir. Düşünürəm ki, Türkiyədə baş verən son terror aktlarının arxasında ABŞ-ın xüsusi xidmət orqanlarının əli var".
N.Miri vurğulayıb ki, indi İran regionda fitnə-fəsad çıxaracaq yeganə müsəlman ölkəsidir: "Xüsusilə də Hələbdə mülkü insanların təxliyə olunması ilə bağlı məsələdə İran özünü təklənmiş hiss edib. Təbii ki, Suriyada gedən proseslərə böyük təsir imkanı olan ölkələrdən biri kimi İran bunu istəməz. Bu baxımdan da Reallıq da onu göstərir ki, həqiqətən də Türkiyə regionun nüfuz sahibi olan siyasi amillərindən biridir.
Bu gün regionda hər hansı problemi Türkiyəsiz həll etmək mümkün deyil. Bir məsələni də unutmayaq ki, İranın dəstəklədiyi şiə milisləri və Hizbullah qruplaşması Hələbdəki mülkü insanların çıxarılması məsələsini dəfələrlə sabotaj edib. Hətta, onlar dəfələrlə mülkü şəxslərə hücumlar edərək, dinc insanları qətlə yetiriblər. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını dəfələrlə pozmağa cəhd edən ilk ölkə də məhz İran olub".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov "Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərinə qarşı növbəti qəsddir", - deyə vurğulayıb: "Qardaş Türkiyədə qonşu Rusiyanın səfirinin qətlə yetirilməsi təxribatyönümlü və acı terror hadisəsidir. Terrorçunun isə vətəni olmur. İlk növbədə bu, Türkiyəyə qarşı növbəti terrordur".
Rufiz Qonaqov bildirib ki, bu hadisə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür: "Türkiyəni təkləmək, ölkədəki vəziyyəti gərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbə vurmaq terrorçuların əsas məqsədidir. Bu hadisədə qalib tərəf yoxdur. Çox güman ki, Rusiya rəhbərliyi bunu gözəl bilir və bu halların qarşısının alınmasında Türkiyəyə dəstək olacaq".

Əli