“İranın əsas qanununda yazılır ki, bu dövlət dünyada müsəlmanların hüquqlarının müdafiəçisidir” Siyasət

“İranın əsas qanununda yazılır ki, bu dövlət dünyada müsəlmanların hüquqlarının müdafiəçisidir”

Musa Qasımlı:"Lakin İran prezidentinin Ermənistana səfəri və verdiyi bəyanatlar bunun tamamilə əksini göstərdi"


"Qonşu İran İslam Respublikası prezidentinin Ermənistana səfərinə və verdiyi bəyanatlara qiymət verərkən bir neçə prinsipial məsələ əsas götürülməlidir". Bu fikri deputat Musa Qasımlı deyib. O qeyd edib ki, hər şeydən əvvəl, İran müstəqil dövlətdir və xarici siyasətini də özü müəyyənləşdirir. Lakin dünya siyasət və diplomatiya tarixinin təcrübəsi göstərir ki, hər hansı bir dövlətin xarici siyasət fəaliyyəti və davranışları onun elan etdiyi başlıca prinsiplərə uyğun olmalıdır: "Məlum olduğu kimi, İran İslam Respublikasının əsas qanununda yazılır ki, bu dövlət dünyada müsəlmanların hüquqlarının müdafiəçisidir. Lakin İran prezidentinin Ermənistana səfəri və verdiyi bəyanatlar bunun tamamilə əksini göstərdi və bir daha təsdiq etdi ki, İranın davranışları və fəaliyyəti elan etdiyi prinsiplərlə qətiyyən üst-üstə düşmür, "bir dam altında iki hava" siyasətidir".
Deputat düşünür ki, bu səfər açıq-aydın şəkildə isbat etdi ki, elan edilən prinsiplər içi boş, quru sözlərdir: "Tarixi torpaqlarında yaşayan müsəlman azərbaycanlı əhalini vəhşicəsinə qovaraq qaçqın edən, əhalisi müsəlman olan Azərbaycana təcavüz edərək ərazilərini işğal edən, müsəlman əhalini məcburi köçkünə çevirən, hüquqlarını kobudcasına pozan təcavüzkar Ermənistana edilən bu səfərin və verilən məlum bəyanatların adı nədir? Bu siyasət elan edilən prinsiplərlə üst-üstə düşmədiyindən soruşulur: İslam dinindən bir pərdə olaraq istifadə etməkdə, onu başgicəlləndirici siyasət alətinə çevirməkdə məqsəd nədir? Fikrimcə, bu hərəkətlər İranın daxili və xarici siyasətinin, eyni zamanda geosiyasi və geoiqtisadi maraqlarının çoxlu vəzifələrini yerinə yetirməyə yönəlib". M. Qasımlı hesab edir ki, İran İslam Respublikası ya bu prinsipləri elan etməməli idi, yox əgər, elan edibsə, ona riayət etməlidir.