Millət vəkili əmindir Siyasət

Millət vəkili əmindir

"Amerika xarici siyasətində dəyişiklik edəcək"

"Yanvarın 20-də Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi olacaq və bundan sonra yeni prezident öz səlahiyyətlərinin icrasına başlayacaq". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bütün dünya üçün maraqlısı isə yeni prezident səlahiyyəti müddətində Amerikanın xarici siyasətində dəyişikliklərin olub -olmayacağıdır: "Hamı istəyir ki, Amerika siyasətində müəyyən dəyişikliklər olsun. Çünki, bütün dünyada terrorlar, müharibələr baş alıb gedir. Bir sıra ölkələrin məhv olunmaq təhlükəsi yaranıb. Belə bir şəraitdə ən maraqlısı da Amerika - Rusiya münasibətlərinin gələcəkdə necə olacağıdır. Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə qeyd etmişdi ki, Amerika bundan sonra xarici siyasətində dəyişiklik edəcək, müharibələri istəmir və Rusiya ilə normal əlaqələr quracaq. Təbii ki, bu belə olsaydı bütün dünya üçün yaxşı olardı və dünyada əmin amanlığın yaranmasının başlanğıcı olardı".
A.Badamov əlavə edib ki, amma bütün bu deyilənlər prezidentliyə namizədin seçkiqabağı platformasıdır və seçkiyə fərqli fikirlərlə gəlməsidir: "Lakin, reallıqda isə kəskin dəyişikliklərin olacağını düşünmürəm. Çünki, Amerikanın xarici siyasəti çoxdan müəyyən olunub və bu, ölkəni dünyanın ən güclü hərbi güc mərkəzinə və hegemon dövlətə çevirib. Amerika- Rusiya münasibətlərində müəyyən yumşalmalar ola bilər. Lakin bu münasibətlərin dostluq və əməkdaşlıq müstəvisinə keçməsinin mümkün olacağını heç vaxt düşünmürəm. Çünki, bu iki nəhəng ölkənin dünyaya baxışları fərqlidir və dünyada ən güclü olmaq ideyası üzərində daima mübarizə aparacaqlar. Sonda qeyd etmək istəyirəm ki, buna az bir müddət qalıb və hər şeyi zaman göstərəcək".