“2017-ci il də hərbi sahədə çox gərgin olacaq” Siyasət

“2017-ci il də hərbi sahədə çox gərgin olacaq”

Üzeyir Cəfərov: "Silahlı Qüvvələrimiz qarşısında daha mürəkkəb və daha geniş tapşırıqlar qoyulmasının şahidi olacağıq"

"Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin iclasında hərbi sahə ilə bağlı çox önəmli məsələlərdən danışdı. Cənab Prezidentin 2017-ci ildə hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyini deməsi düşmənlərimizi daha da qorxuya salıb. Azərbaycanın haqlı mövqeyi və aldığı güclü silah-sursat işğalçını nəhayət ki, səhvlərini anlamağa məcbur edəcək". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. O qeyd edib ki, Ali Baş Komandanın çıxışında ən diqqət çəkən məqamlardan biri də ordumuzun yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarının bir hissəsinin nümayiş etdirildiyini, bir hissəsinin isə lazım olan vaxtda, lazım olan yerdə nümayiş etdiriləcəyini bildirməsidir: "Düşmən başa düşür ki, Azərbaycan ordusunun imkanları hər mənada onlardan qat-qat üstündür və üstünlük yüksələn xətlə davam edir. Ermənistan İrəvanda keçirilən hərbi parad zamanı nümayiş olunan "İskəndər" operativ taktiki raketlərlə bağlı öz bleflərini yığışdırmağa başlayıb. Düşmən Azərbaycanın onlardan dəfələrlə güclü hərbi potensiala malik olduğunu yaxşı bilir. Biz sadəcə beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinin nəticəsini gözləyirik. İnanıram ki, 2017-ci ildə bu məsələdə köklü dəyişikliklər olacaq".
O həmçinin əlavə edib ki, 2016-cı il kimi 2017-ci il də hərbi sahədə çox gərgin olacaq. Hərbi ekspert qeyd edib ki, bunu bir sıra amillər ilə əlaqələndirir: "Bundan əvvəlki illərdə xüsusən də Qarabağla bağlı yığılıb qalmış problemlərin daha da ciddiləşməsi, həll edilməməsi və digər bır sıra faktorlar belə qənaətə gəlməyə əsas verir. Bundan əlavə də bizim Silahlı Qüvvələrimiz qarşısında daha mürəkkəb və daha geniş tapşırıqlar qoyulmasının şahidi olacağıq".
Ekspertin fikrincə, hətta ola bilsin ki, ölkənin siyasi və hərbi rəhbərliyi daha uzaq gedən məqsədlər güdən tədbirlər planına əl atsınlar: "Bu tədbirlər sırasında biz genişmiqyaslı – tabur, briqada və birləşmə səviyyəsində hərbi təlimlərin keçirilməsinin, həmçinin ölkəmizin Silahlı Qüvvələrinin daha çox sayda beynəlxalq hərbi-siyası təmsilçiliyinin olmasını nəzərdə tuturam. Ərazi bütövlüyümüzün təmin edilməsi də sözsüz ki, bir nömrəli prioritet vəzifə olaraq qalacaqdır".
Üzeyir Cəfərov düşünür ki, qarşı tərəf – bədnam qonşularımızın da çoxsaylı təxribatlara əl atacaq: "Hesab edirəm ki, bu, ikinci bir aprel savaşına oxşar ciddi toqquşmalara da gətirib çıxsın. Hər halda ordumuz bunu da diqqətdən əsla qaçırmamalıdır. 2016-cı ilin aprelində düşmənin cəbhənin müxtəlif istiqamətlərində üzləşdiyi rüsvayçılıq və məğlubiyyət hələ də Ermənistan cinayətkar rəhbərliyi tərəfindən unudulmayıb və onlar revanş götürmək üçün çox çalışırlar".