“Prezident İlham Əliyevin Pakistan səfəri çox böyük önəm daşıyırdı” Siyasət

“Prezident İlham Əliyevin Pakistan səfəri çox böyük önəm daşıyırdı”

Rövşən Rzayev: "Səfər zamanı mühüm görüşlər olub"

Elşən Musayev: "Pakistan Azərbaycan üçün qeyri-adi nümunə sərgiləyir, tərəfdaşlıq edir"

Fikrət Sadıqov: "Xüsusilə hərbi sahədə bizi qane edən müqavilə imzalandı"

"Prezident İlham Əliyevin Pakistana səfəri zamanı mühüm görüşlər olub. Prezidentin bu səfəri çox böyük önəm daşıyırdı". Bunu millət vəkili Rövşən Rzayev deyib. Onun sözlərinə görə, iki dövlət arasında müsbət siyasi, iqtisadi münasibətlər var: "Pakistan isə o dövlətlərdəndir ki, ədalətli yanaşmanın tərəfdarıdır. Bu dövlət Azərbaycan ərazi bütövlüyünün işğal altında olmasını rədd edir. Pakistan Ermənistanın işğalına yox deyən dövlətlərdəndir. Təbii ki, bu istiqamətdə də Azərbaycanın Pakistanla inkişaf edən münasibətləri bizim üçün çox önəmlidir. Bu baxımdan da Azərbaycanın Pakistanla maraqları üst-üstə düşür. Qarşılıqlı hörmət, münasibət və inkişaf xətti ilə olan bu əlaqələr Azərbaycan üçün bugünkü dönəmdə çox vacibdir. Ölkə rəhbəri Azərbaycanın marağında olan bütün məsələləri qaldırır və həyta keçirir. Bu baxımdan orada keçirilən ikitərəfli görüşlərin hamısı Azərbaycanın bu günü və gələcəyi üçün çox önəmli addımlardır".
Deputat Elşən Musayev deyib ki, ölkə başçısının son səfərləri xüsusi əhəmiyyətə malikdir: "Bu səfərlərlə Azərbaycan öz xarici siyasətində çox böyük uğurlara imza atmış oldu". Onun sözlərinə görə, dövlət başçısının xüsusilə də Avropa İttifaqı ölkələri, Qətər, Pakistana səfərləri ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Pakistan əlaqələrindən söz açan deputat söyləyib ki, ölkələr arasında möhkəm strateji tərəfdaşlıq mövcuddur: "Pakistan Azərbaycan üçün qeyri-adi nümunə sərgiləyir, tərəfdaşlıq edir. Pakistanın ölkəmizə qarşı isti münasibətini hər kəs bilir, lakin dövlət başçısının son səfəri Pakistanın Azərbaycana nə qədər bağlı olduğunu bir daha ortaya qoymuş oldu. Bilirsiniz ki, Pakistan müstəqilliyimizin tanınmasından bu günə qədər hər zaman yanımızda olub. Pakistan qardaş Türkiyə ilə bərabər tək-tük dövlətlərdən biridir ki, öz əsgərini bizim cəbhəmizə göndərməyə, 100 minlik əsgəri ilə Dağlıq Qarabağda döyüşməyə hazır olduğunu bəyan edib. Təbii ki, Azərbaycan prezidenti də bu jestlərin qarşılığında Pakistana səfər edərək İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitinə qoşuldu. Bu səfər həm də Pakistana minnətdarlıq jestidir".
Cəbhədəki həssas məqamda Azərbaycanın Pakistanla münasibətlərinin bütün sferalarda inkişafın vacibliyini qeyd edən E. Musayevin fikrincə, Dağlıq Qarabağ kontekstində məsələlər artıq kuliminasiya nöqtəsinə çatıb: "Mənə elə gəlir ki, Azərbaycanda diplomatiya, eləcə də ordudakı həssaslıq da pik nöqtədədir. Zənnimcə, bunlardan biri seçiləcək və Dağlıq Qarabağ 2017-ci ilin sonuna qədər mütləq düşmənin işğalından azad olunacaq".
Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, deputat Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin müsəlman ölkələrinə səfərləri, keçirdiyi görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın İslam aləmində həmrəyliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir. O qeyd edib ki, dövlət başçımızın müsəlman ölkələrinə səfərləri, oradakı görüşləri İslam ölkələri ilə daha yaxın əməkdaşlıq və tərəfdaşlığın inkişafını təmin edəcək. Millət vəkili bildirib ki, Azərbaycan İslam dəyərlərinin qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində çox mühüm tədbirlər həyata keçirir: "Dövlət başçımız 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib. Bu il çərçivəsində görüləcək tədbirlər dünyada İslamı terror dini kimi təqdim etməyə çalışan məqsədli qüvvələrə qarşı da əsaslı cavab olacaq, İslamın əsl mahiyyəti üzrə sülh və barış dini təqdimatına töhfə verəcək. 2017-ci ildə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Buna paralel olaraq, bu ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək".
Ölkəmizdə mövcud olan multikulturalizm modeli haqqında da danışan komitə sədri vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri, müxtəlif xalqlar qanun qarşısında bərabərdir və eyni hüquqlara malikdir: "Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Respublikamızda dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə olunub. Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsə eyni hüquqları təmin edir. Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir".
Politoloq Fikrət Sadıqov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində faydalı görüşlər keçirildi və müqavilələr bağlandı: "Xüsusilə hərbi sahədə bizi qane edən müqavilə imzalandı". O qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim bizim mövqeyimizi dəstəkləyib və Pakistanın Ermənistanla diplomatik münasibətləri yoxdur. Politoloq vurğulayıb ki, Pakistan Xocalı faciəsini soyqırım kimi tanıyıb: "İkitərəfli münasibətlərimiz kifayət qədər yüksəkdir və inkişafdadır. Azərbaycan Prezidenti səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində çıxış etdi. Təşkilata sədrlik Azərbaycandan Pakistana keçdi. Sammitdə siyasi, beynəlxalq səviyyəli məqamlara toxunuldu".
F.Sadıqov bildirib ki, Prezident Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verdi: "Münaqişə ilə bağlı İslam ölkələrinin başçılarına müraciət edildi ki, Ermənistana qarşı sanskiya, təzyiq olmalıdır".
Politoloq hesab edir ki, Prezidentin Pakistan səfəri hər iki dövlətin maraqlarına cavab verən səfər idi.
Millət vəkili Azər Badamov isə hesab edir ki, Prezident İlham Əliyevin Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə sammitintə iştirakı böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ölkəmiz, həmişə İslam ölkələrini beynəlxalq arenada birləşməyə, həmrəy olmağa çagırış edən ölkədir: "Ümumiyyətlə indiki qloballaşan dünyada İqtisadi Əmakdaşlıq Təşkilatının sammitlər keçirməsi və onda iştirakı İslam dünyası üçün böyük əhəmiyyətə malikdir. Sammitdə iştirak edən dövlətlər qarşıda duran məsələlərin həlli üçün səylərin gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya yatırımlarının artırılması və.s. məsələlər ətrafında müzakirələr aparıb".
Azər Badamov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti dövlətimiz üçün əsas məsələlərdən olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün səylərin birləşdirilməsi istiqamətində fikirlər söyləməyə bir platform oldu. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit iştirakçılarını Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi üçün ölkəmizə dəstək verməkdə səylərini birləşdirməyə çağırış etməsi diqqətəlayiqdir".
"Azərbaycan daha da inkişaf edir, iqtisadiyyatını gücləndirir və Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün dünyaya inteqrasiyanı genişləndirir. Beləliklə, həm Münxen Təhlükəsizlik Konfransında, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə sammitində iştirakımız da bu baxımdan ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu sammit ölkələr arasında dostluq münasibətlərini və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirəcək"-deyə, Azər Badamov fikirlərinə əlavə edib.