“900 nəfərə yaxın azərbaycanlının müxtəlif terror qruplarına qoşulmalarının qlobal və lokal səbəbləri var” Siyasət

“900 nəfərə yaxın azərbaycanlının müxtəlif terror qruplarına qoşulmalarının qlobal və lokal səbəbləri var”

Elçin Mirzəbəyli: "Bu prosesin qarşısnın alınması üçün müəyyən addımlar atılır"

İham İsmayıl: "Onların xeyli hissəsi gedən döyüşlərdə məhv olub"

Zahid Oruc: "Bunun üzərində işləməliyik"

Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda deyib ki, indiyə qədər İŞİD sıralarında 900-ə yaxın azərbaycanlı döyüşüb. Onların bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib.
Bu rəqəmlər Azərbaycanda müzakirə mövzusu olara qalır. Vətəndaşların teror qruplarına qoşulma səbəbləri, onların ölkəyə qayıdıb qayıtmayacağı sual doğurur.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli belə bildirib ki, Azərbaycanda bu hal Avropa ölkələri ilə müqayisədə heç də çox deyil. Elçin Mirzəbəyli qeyd edib ki, bunun da əsas səbəbi daha çox mental xüsusiyyətlərimizlə, milli dəyərlərimizlə bağlıdır: "Digər tərəfdən Azərbaycanın təhlükləsizlik və hüquq-mühafizə orqanları terrorizmə şərait yaradan amillərə qarşı yüksək səviyyədə mübarizə aparır və gərəkli olan önləyici tədbirləri görürlər".
Onun sözlərinə görə 900 nəfərə yaxın azərbaycanlının müxtəlif terror qruplarına qoşulmalarının isə qlobal və lokal səbəbləri var: "Qlobal səbəblər ərəb dövlətlərinin, bütövlükdə Aralıq dənizi hövzəsinin enerji resurları, strateji önəm kəsb edən nəqliyyat dəhlizləri uğrunda aparılan mübarizə və bu prosesdə dini ideologiya ilə "silahlandırılmış" terror qruplarından istifadə olunması, Qərb ölkələrində islamafobiyanın məqsədyönlü şəkildə körüklənməsi, müsəlman ölkələrinin idarəçiliyində mövcud olan neqativ hallar, əhalinin yaşayış və mədəni səviyyəsinin aşağı olması, terrorizmə münbit şərait yaradan işsizlik, qanunun aliliyinin təmin olunmaması, ədalətsizlik, cəhalət, təbii sərvətlərin bərabər bölünməməsi və digər bu kimi halların kritik həddə çatması, teokratik rejimlər və onların ayrı-ayrı ölkələrə öz siyasi maraqları naminə "ixrac" etdiyi dini ideyalar, informasiya və kommunikasiya texnologiyalarının inkişafının gətirdiyi fəsadlar – social şəbəkələr və digər resurslar üzərindən radikal qrupların təbliğat aparmaq imkanları və başqalarıdır. Lokal səbəblər isə yerləşdiyimiz coğrafi mövqe, yəni Azərbaycanın radikal dini qrupların fəal olduğu ərazilərin və teokratik rejimlərin hökm sürdüyü ölkələrin yaxınlığında yerləşməsi, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da radikal düşüncəli insanların mövcudluğu, dövlətimizə qarşı düşmən mövqedə dayanan ölkələrin təxribat xarakterli addımları, müəyyən zaman kəsiyində təhsil sitemində yaranmış boşluqlar, xarici ölkələrə təhsil almaq və işləmək üçün gedən gənclərin ayrı-ayrı radikal qrupların təsiri altına düşməsi və digər amillərdir. Bu prosesin qarşısnın alınması üçün Azərbaycanın müvafiq dövlət qurumları, media və QHT sektoru müəyyən addımlar atırlar".
E.Mirzəbəyli daha sonra deyib: "Ölkədə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi islahatlar nəticəsində bir çox problemlərin aradan qaldırılacağını düşünürəm. Bununla yanaşı hesan edirəm ki, maarifləndirmə işi kampaniya xarakterli olmamalı və sistemli şəkildə, hər bir regiona, sosial qruplara, şəxslərə fərdi şəkildə yanaşma müstəvisində aparılmalıdır. Bu baxımdan gənclərimizin işlə təmin olunması, kiçik sahibkarlığa imkanlar yaradılması da çox vacibdir".
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, son günlər Türkiyənin İŞİD-ə sarsıdıcı zərbələr vurması onların bir qisminin Azərbaycana qayıtmasını vadar edə bilər. Onun sözlərinə görə, əsasən də ailəlikcə İŞİD sıralarına gedənlərin geri dönmə ehtimalı daha çoxdur: "Təbii ki, onların da hamısı qayıtmayacaq. Özlərini Suriyada, İraqda İŞİD sıralarında döyüşməmiş kimi də göstərə bilərlər. Əvvəla onu deyim ki, hazırkı situasiyada İŞİD lideri Əbubəkr Bağdadinin fikirləri yayılıb. O deyib ki, son döyüşlərdən sonra İŞİD sıralarda kim sağ-salamat qalsa, onlar heç yana getməsin, Suriya və İraq ərazilərində qalsınlar. Növbəti əmrləri, göstərişləri gözləsinlər. Əgər Azərbaycan xüsusi xidmət orqanlarında İŞİD sıralarında döyüşən 900 nəfər azərbaycanlı soydaşımızla bağlı məlumat varsa, bu o demək deyil ki, onların hamısı sağ-salamatdır. Onların xeyli hissəsi gedən döyüşlərdə məhv olub. Onlardan 54 nəfəri Azərbaycana qayıdarkən mühakimə edilib. Son günlər İraq və Suriya ərazisində İŞİD yaraqlılarına qarşı əməliyyatlar gücləndirilib. Belə bir məqamda orada döyüşən azərbaycanlıların ölkəmizə üz tutması hallarını istisna etmirəm. Amma onlar bir təhlükədən çıxıb özlərini ikinci təhlükəyə atmaq istəməyəcəklər. Çünki onlar Azərbaycan ərazisinə qanuni yollarla girsələr xüsusi xidmət orqanlarımız onları tutub məhkum edəcəklər. Onların qeyri-qanuni yollarla ölkəmizə ayaq basması da istisna edilməməlidir. Bu isə doğrudan da təhlükədir. Buna da hazır olmaq lazımdır".
Ekspert həmçinin qeyd edib ki, əgər Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri konkret rəqəm açıqlayırsa deməli, İŞİD sıralarında döyüşənlər haqqında geniş məlumatlara da sahibdirlər: "Həmin şəxslər qeyri-qanuni yollarla Azərbaycan ərazisinə keçməyi bacarsalar, burada potensial terrorçu olmaq şansları da çoxdur. Yaxud da İraqdakı, Suriyadakı "rəhbərlərinin" hər hansı bir göstərişlərini yerinə yetirə və təhdid edə bilərlər. Hesab edirəm ki, həm sərhədlərin qorunmasında, həm də potensial terrorçuların qeyri-qanuni yollarla bizim tərəfə keçmələrinin qarşısını almaq üçün ayıq-sayıq olmaq lazımdır".
İlham İsmayılın sözlərinə görə, azərbaycanlıların İŞİD sıralarına qatılmasının səbəbləri var: "İlk növbədə həmin səbəblər aydınlaşdırılmalıdır. Bu səbəblər saf-çürük edildikdən sonra bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır ki, növbəti mərhələlərdə İŞİD sıralarına qoşulmaq üçün ölkəni tərk edən vətəndaşlarımızın sayı azalsın. Gənclər arasında radikal dindarların apardığı təbliğatın da "rolu" böyükdür. Təkliflər isə xüsusi xidmət orqanı tərəfindən Dini İşlər üzrə Komitəyə təqdim olunmalıdır. Qismən də Qafqaz Müsəlmanları İdarəsinə bu iş tapşırılmalıdır. Dini İşlər üzrə Komitə isə ölkənin ziyalılarından, alimlərindən və digər təbliğat vasitələrindən istifadə edərək maarifləndirmə işləri aparmalıdırlar. Bu gün Azərbaycan televiziyalarında bununla bağlı maarifləndirmə işləri demək olar ki, aparılmır yaxud da bu çox aşağı səviyyədədir. Bu sahə üzrə mütəxəssislərin iştirakı ilə maarifləndirmə işləri aparılsa, hesab edirəm ki, effekti olacaq".
Millət vəkili Zahid Oruc isə deyib ki, Mədət Quliyev tərəfindən səslənən bu rəqəm açıq-aşkar vahimə doğurur. Zahid Oruc qeyd edib ki, bu statistika hər birimizi düşünməyə vadar edir: "Məsələ ondadır ki, 900 nəfərin çoxusu gənclərdir. Deməli onların valideynləri bir insan itirməklə ailə faciəsi yaşayıblar. Dövlət və millət olaraq bizim təhlükəsizliyimizə də zərbə dəyib. Millətimizdən bir nəfərin belə yad döyüşlərdə iştirak edib həlak olması, çox ağrılıdır. Bizim torpaqlarımızın bir hissəsi işğal altındadır. "900" rəqəminə seyrçi qalmaq olmaz. Bizi düşünməyə vadar edən fakt ondan ibarətdir ki, Azərbaycan səngərində döyüşməyə ehtiyac duyulduğu bir vaxtda, 900 şəxs "cənnət və cəhənnəm" savaşında iştirak edir. Bu nə cihad savaşıdır, nə də xilafət qururculuğudur. Bu Azərbaycadan məhrum olmaqdır. Mədət müəllim həm də ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi terror aktlarında iki mindən artıq həmyerlimizi itirdiyimizi söyləyib. Biz düşməni bir cəbhədə gözləyirik. Amma bizi başqa səmtdən atılan güllələr də öldürür. Hesab edirəm bu məsələni bizim milli təhlükəsizliyimizə böyük zərbə kimi düşünüb, bunun üzərində işləməliyik".
Zahid Oruc vurğulayıb ki, qanunvericilik səviyyəsində 2014-ci ildə sərtləşdirilmiş addımlar atıldı: "Yad müharibələrdə iştirak edənlər muzdlu olaraq terror təşkilatlarına qoşulmuş şəxs kimi tanınır və dərhal vətəndaşlıqdan məhrum edilir. 84 şəxs məsuliyyətə cəlb edilib, 54 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Düşünürəm ki, cəmiyyət olaraq bu yöndə düşünməliyik. Haradadır problem? Dini İşlər Üzrə Dövlət Komitəsi ötən illərə nisbətən çox böyük işlər görüb. Hansısa cəryanlar, sosial şəbəkələr üzrə təxribatlar aparan dini quruplaşmalar insanlarımızı əlimizdən alırlar. Biz heç bir insanımızı itirmək istəmirik. Qarabağ savaşında həyatını itirən insanlarımızın bir illik sayı yüzü keçmir. Açıqlanan sitatistika 9 illik müharibəmizə bərabərdir. Belə olan təqdirdə hər bir ailə, məktəb, partiyalar, gənclər qurumları bunun üzərində düşünməlidirlər. Bu 900 gənc Azərbaycan elminə, hərbisinə, mədəniyyətinə nə qədər töhfvə verə bilərdi. Ona görə açıqlanan bu rəqəmi biz bir sıqnal kimi qəbul etməliyik. Düşünməliyik ki, hətta əhalisi bizdən qatbaqat çox olan dövlətlər bunu fəlakət kimi qəbul edir. Gürcüstandan, Ermənistandan Suriyaya gedənlərin sayı bu qədər deyil. Rusiya kimi nəhəng ölkədə bu rəqəm 3000 minə yaxındır. Bizim əhalimizin sayı ilə Rusiyanı müqayisə etsək bilərik ki, faiz etibarilə bizdə nə qədər çoxdur. Niyə bu insanlar düşünürlər ki, Suriyaya getməklə, oradakı savaşda ölməklə cənnətə gedirlər? Onları necə tapıb qurbana, terroristə çevirildiklərini biz araşdırıb, tədbirlər görməliyik".
Əli