“Azərbaycan daha çox Avropaya üz tutmalıdır” Siyasət

“Azərbaycan daha çox Avropaya üz tutmalıdır”

Elnur Soltanov: "Bizim daha çox Avropa ilə siyasi və coğrafi bağlarımız var"

"İranın, Türkiyənin, Rusiyanın potensialından istifadə etmək lazımdır".
Bunu ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, ekspert Elnur Soltanov Telrqraf-a müsahibəsində deyib.
Elnur Soltanov qeyd edib ki, coğrafi olaraq məsafə maya dəyərinin çox ciddi tərkib hissəsidir: "Bilirsiz ki, dəniz nəqliyyatı ən ucuz nəqliyyat növü hesab olunur. Bizim isə çıxışımız olan Xəzər dənizi var. Əslində, Xəzər dənizi də göldür, dünya okeanına birbaşa çıxışı yoxdur. Ona görə də dənizə çıxışı olmayan ölkələrdə iqtisadi əlaqələr daha çox qonşu dövlətlərlə olmalıdır. Düşünürəm ki, bu məsələdə qonşu İranın, Türkiyənin, Rusiyanın potensialından istifadə etmək lazımdır. Ümumilikdə, bu üç ölkənin əhalisi 300 milyondan çoxdur. Bu boyda bazar isə bizim üçün çox əhəmiyyətlidir. Bəlkə də Azərbaycan üçün bu bazarları fəth etməyin özü dünyanın bundan ibarət olması demək olar.
Azərbaycanda neft dövrünün ən uğurlu aspektlərindən biri o olub ki, ötən dövrlərdə ölkəmizə çox dəyərli texnoloji avadanlıqlar gətirilib. Yəni, bu gün bizim kifayət qədər texnoloji kapitalımız var. Azərbaycanın ayrı-ayrı yerlərində kifayət qədər vəsaitlər texnologiyaların alınmasına yönləndirilib. Bunun nəticəsidir ki, indi Azərbaycanda hər şeyi istehsal etmək mümkündür.
Baxmayaraq ki, Avropa Azərbaycana Asiyadan daha yaxındır, ancaq bunun elə də böyük fərqi yoxdur. Bizim üçün Rusiya və ya Avropa bazarlarında mal satmağın heç bir fərqi qalmır. Çünki hər bir bazarda rəqabətə girilir, mal satılır və valyuta əldə edilir. Sadəcə olaraq, burada daha çox qalmaqdan söhbət gedə bilər. Ancaq məsafə baxımından mən hesab edirəm ki, Azərbaycan daha çox Avropaya üz tutmalıdır.
Ümumiyyətlə, ticarət məsələsində şəbəkələrin çox böyük əhəmiyyəti var. Bizim daha çox Avropa ilə siyasi və coğrafi bağlarımız var. İnsanlarımız təhsil almağa, səyahət etməyə daha çox Avropaya gedir, insanların tanıdıqları adamlar daha çox Avropa ölkələrindədir. Ona görə də Asiya ilə müqayisədə Avropa ilə əlaqələr qurmaq daha asan olacaq".
Elnur Soltanov qonşu Gürcüstan Avropaya üz tutduğu üçün daha çox inkişaf etdiyi barədə fikirlərə də münasibətini açıqlayıb: "İlk növbədə qeyd edim ki, Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı var. Amma məni ən çox təəccübləndirən məsələ Gürcüstanın haqq etdiyindən daha çox reklam edilməsidir. Yəni, məişət səviyyəsində azərbaycanlılar xarici ölkələri tərifləməyə çox sevir. Ancaq indiyədək Azərbaycanı tərk edib Gürcüstanda yaşamaq istəyən çox az adamın adını eşitmişəm. Əksinə, Gürcüstanda yaşayan insanlar Azərbaycan vətəndaşı olmağa can atırlar. Əgər doğrudan da belə yaşamalı ölkə olsaydı, o zaman niyə Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı alırlar? Ümumi vəziyyətə baxsaq, təbii ki, Gürcüstanda həyata keçirilən islahatlar Azərbaycandan qat-qat çoxdur. Əgər Gürcüstanda həyata keçirilən islahatlar Azərbaycanda olsaydı, ölkəmiz daha çox inkişaf edərdi. Lakin sırf iqtisadi vəziyyətlə bağlı məsələyə gələndə, bu gün Gürcüstandan Azərbaycana insan axını var. Gürcüstandan Azərbaycana pul qazanmağa gəlirlər.
Ümumiyyətlə, Azərbaycanla Gürcüstan ortaq iqtisadi layihələr həyata keçirə bilər. Bilirsiz ki, Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstanın Kulevi portunu da alıb. Bu şəkildə azad ticarət zonalarından istifadə etməklə Azərbaycan iqtisadiyyatı daha çox inkişaf etdirilə bilər".