Duqinlə bağlı politoloqların fikirləri haçalandı Siyasət

Duqinlə bağlı politoloqların fikirləri haçalandı

Qabil Hüseynli: "Aleksandr Duqin Kremlin mesajlarını bizə çatdırır"

Elxan Şahinoğlu: "Bəzən bizə belə yanlış təlqin etdirməyə çalışırlar ki, Sergey Markov və ya Aleksandr Duqin az qala Putinin baş məsləhətçiləridir və ya Kreml sahibi tez-tez onları dinləyir"

Arzu Nağıyev: "Duqin öz şəxsi fikirlərini ifadə edir"

Azərbaycanda səfərdə olan Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, politoloq Aleksandr Duqin jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir.
Duqin, həmçinin işğal altında olan 5 rayonun qaytarılmasının vacibliyindən söz açıb. Bildirib ki, əgər tərəflər Azərbaycanın işğal olunmuş 5 rayonunun qaytarılması barədə razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əlaqələrində vacib məqam olacaq.
Politoloq vurğulayıb ki, Qarabağ və digər iki rayonla bağlı vəziyyət mürəkkəbdir və bunun üçün daha çox vaxt lazım ola bilər.
Duqinin açıqlamalarını dəyərləndirən politoloq Fikrət Sadıqovun qənaətinə görə adıçəkilən şəxsin Azərbaycana münasibəti müsbətdir: "Bir sıra hallarda Azərbaycanla bağlı obyektiv və ədalətli mövqe nümayiş etdirir. Hesab edirəm ki, bu, bizi qaneə edir".
Politoloq vurğulayıb ki, Duqinin Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanın maraqlarına zidd deyil: "O, bildirir ki, Ermənistan tərəfindən işğal edilmiş 5 rayon Azərbaycana geri qaytarılmalıdır. Doğrudur, o, konkret demir ki, Qarabağ Azərbaycanın ərazisidir. Duqin belə fikir söyləyir ki, Dağlıq Qarabağ məsələsi mürəkkəb bir düyündür və bunun açılması uzun vaxt tələb edir. Həmçinin o, qeyd edir ki, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqdan imtina etmək fikrində deyil. Bu müsbət bir haldır. Bu, Duqinin şəxsi yox, Rusiyadakı bir sıra siyasi qüvvələrin mövqeyidir. Biz belə qüvvələrə arxalanmalı və öz maraqlarımız çərçivəsində tam mənada, istifadə etməliyik".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Rusiya ictimai rəyinə təsir göstərə bilən şəxsin Azərbaycanda səfərdə olması əhəmiyyətlidir: "Aleksandr Duqin Kremlə yaxın adamdır. Hesab edirəm ki, Bakıda verdiyi açıqlamalarla Kremlin mesajlarını bizə çatdırır. Hesab edirəm ki, 5 rayonun geri qaytarılmasını, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasını bəyan etməsini Rusiyanın müsbət mesajı kimi qəbul edə bilərik".
Politoloq qeyd edib ki, Duqin Bakı səfəri zamanı Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini bir daha açıqlayıb: "O, Bakıda verdiyi açıqlamalarla vəziyyətin bütün parametrlərini cızdı. Hesab edirəm ki, belə şəxslərin Azərbaycana gəlməsi əhəmiyyətlidir. Çünki, onlar bura gəlməklə həqiqətləri görür. Biz Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməliyik".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahidoğlu da Duqinin səfərinin əhəmiyyətli olduğunu hesab edir: "Rusiyalı siyasətçilərin, liberalların, radikalların, kommunistlərin, ermənpərəst jurnalistlərin, ayrı-ayrı siyasi eskeprtlərin Bakıya səfərlərinin əleyhinə deyiləm, qoy gəlsinlər, fikir mübadiləsi olsun, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini eşitsinlər. Ancaq bütün bunlar o demək deyil ki, Rusiyadan kim gəlirsə birbaşa Kremlin hansısa mesajını bizə çatdırır və ya Moskvaya qayıtdıqdan sonra bizim mesajları Kremlə çatdırır. Bəzən bizə belə yanlış təlqin etdirməyə çalışırlar ki, Bakıya gələn rusiyalı ekspertlər, o cümlədən Sergey Markov və ya Aleksandr Duqin az qala Putinin baş məsləhətçiləridir və ya Kreml sahibi tez-tez onları dinləyir.
Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyə anlayışla yanaşırlar, bu müsbətdir, ancaq bu, o demək deyil ki, onların siyasi baxışları Rusiya kütləvi informasiya vasitələrinə və ya Kremlə yol tapır. İllərdir Rusiyanın əsas televiziya kanallarındakı siyasi və analitik proqramları izləyirəm və bu proqramlarda son illər nə Markovu nə də Duqini görürəm, efir ermənipərəstlərlə, anti-türk elementlərlə doludur. Buna baxmayaraq, necə ki, Rusiyada erməni lobbisi fəaldır və geniş təsir imkanları var, eləcə də biz qonşu ölkənin fərqli ekspertləriylə dialoq içində olmalıyıq. Niyə də Rusiyada azərbaycanpərəst eskpertlər olmasın? Bir şərtlə ki, özlərinin statuslarını və imkanlarını olduğundan çox da yüksək qiymətləndirməsinlər".
Politoloq Arzu Nağıyev isə fərqli düşünür. Onun qənaətinə görə Duqin öz şəxsi fikirlərini ifadə edib: " Unutmaq lazım deyil ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biridir. Eyni zamanda, bu münaqişənin yaranmasında SSR-nin varisi kimi birbaşa açar fiqur kimi, öz rolunu sona qədər yerinə yetirməlidir. Məhz bu baxımdan da, Rusiya, həqiqətən də, Qafqazda nüfuzunu bərpa etməyə çalışırsa, bu məsələlərdə daha aktiv olmalıdır".
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə toxunan Arzu Nağıyev bildirdi ki, Rusiya özü bu gün, həqiqətən də, çəkinir ki, bu müharibənin iştirakçısı olmasın: "Çünki dünyada baş verən proseslərin hamısında Rusiyanın, məhz adının çəkilməsi onun nüfuzuna böyük xələl gətirir. Bu baxımdan, dünyada həyata keçirilən böyük layihələrdən kənarda qalır. Yəqin ki, Duqin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu bir daha gündəmə gətirməklə, məhz Azərbaycanın hansısa blokda birləşməməsi məsələsinə bir eyham vurur. Məlum məsələdir ki, Azərbaycanın öz xarici və daxili siyasəti var. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə daxil olan bir prosesdir. İstənilən vaxt Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarını həyata keçirə bilər. Keçən ilin aprelində biz bunun şahidi olduq. Rusiya və digər dövlətlər bu münaqişəyə müdaxilə edə bilmədi. Sadəcə olaraq, ermənilərin böyük yalvarışından sonra Rusiya Azərbaycan rəhbərliyinə müraciət edərək, bu əməliyyatların dayandırılmasını xahiş edib. Bu gün heç kim BMT-nin Dağlıq Qarabağla bağlı olan 4 qətnaməsinin yerinə yetirilməsindən və ya Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında danışmır. Bu isə haqsızlığın, ədalətsizliyin nümunəsidir, münaqişənin həllinə ikili standartlardan yanaşmanın təsdiqidir. Ancaq bu, uzun müddət davam edə bilməz. Azərbaycan silahlı qüvvələri ərazi bütövlüyümüzü bərpa edəcək. O zaman heç bir qüvvə Ermənistanı düşdüyü fəlakət burulğanından xilas edə bilməyəcək".