Rusiya İrəvanı oyundan kənarda saxlayır Siyasət

Rusiya İrəvanı oyundan kənarda saxlayır

İlqar Vəlizadə: "Rusiya Azərbaycanı özünə açıq düşmən etmək niyyətində deyil"

Fikrət Sadıqov: "Azərbaycanın güclənməsi müəyyən dairələri nəinki narahat edir, hətta qorxudur"

Ermənistan hərbi rəhbərliyinin rus-erməni birgə qruplaşması ilə bağlı açıqlamaları spekulyativ xarakter daşıyır. Çünki səsləndirilən fikirlərə gərək Rusiya da şərik olsun.
Bu sözləri politoloq İlqar Vəlizadə erməni-rus hərbi qruplaşmasının komandanı general Makaryanın rəhbərlik etdiyi ordunu Qarabağa apara biləcəyi barədə sözlərini şərh edərkən deyib.
Ekspert bu məsələnin Rusiya hərbi siyasi rəhbərliyinin marağında olduğunu düşünmür:
"İrəvan rus-erməni qruplaşmasından Bakıya qarşı istifadə etməyə çalışır, Moskva isə tamam başqa məqsədlər güdür. Rusiya Azərbaycanı özünə açıq düşmən etmək niyyətində deyil. Ona görə də İrəvanın maraqları ilə Moskvanınkı üst-üstə düşmür".
Politoloq Rusiyanın Ermənistandakı bazalarını genişləndirmək istəməsinin başqa məqsəd daşıdığını qeyd edib:
"Bu addım Cənub-şərqi Asiyada, Şərqi Aralıq dənizi regionuda Rusiyanın hərbi siyasi mövcudluğunu gücləndirməyə hesablanıb. Ermənistandakı 102-ci baza koordinasiya rolunu oynayır. Çünki Rusiyanın Suriya, Abxaziyada da bazaları var. Coğrafi aspektdən yanaşsaq, Gümrüdəki baza ortada yerləşir. Rusiya isə Suriyadakı bazası ilə bu regiondakı infrasturukları arasında sıx əlaqələr yaratmaq istəyir. 102-ci baza da vacib strateji ərazidə yerləşdiyindən bu planda müəyyən rol oynayır. Moskva Suriyada konflikt bitəndən sonra da bu regionda öz hərbi nüfuzunu saxlamaq istəyir. Lavrov bu yaxınlarda belə bir ifadə işlətdi ki, İŞİD-lə bağlı mübarizdə Rusiyanın hüdudlarından kənarda olan bazalardan da istifadə ediləcək. Yəni Gümrüdən savayı, Qırğızıstan və Tacikistandakı rus bazaları da nəzərdə tutulub. Rusiyalı diplomatın bu frazası ermənilərin qəzəbinə səbəb olub. Bu da onu göstərir ki, əslində, 102-ci bazanın təkcə Cənubi Qafqazda deyil, daha geniş ərazilərdə istifadəsi nəzərdə tutulur".
Politoloq bildirib ki, ermənilərin Gümrüdəki 102-ci bazanı Azərbaycan əleyhinə yönəltməyə çalışması tamamilə reallıqdan uzaqdır:
"Rusiyanın daha vacib hədəfləri var. Moskva İrəvanın tələsinə düşməyəcək. Üstəlik, indiki şəraitdə Rusiyaya İŞİD-lə mübarizədə real müttəfiqlər lazımdır. Bu real müttəfiqlər sırasında Azərbaycan da yer ala bilər. Bir sözlə, Ermənistan bütün hallarda yenə də oyundan kənarda qalır".
Keçmiş diplomat, politoloq Fikrət Sadıqov isə deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbiz deyil.
Politoloqun sözlərinə görə, Rusiya belə bir gərgin geosiyasi vəziyyətdə Ermənistandakı bazalarından imtina etməyəcək:
"Əksinə, Moskva Gümrüdəki 102-ci bazanı təkmilləşdirməklə, briqadanı yeni silahlarla təmin etməklə regionda öz liderliyini qorumağa, xüsusilə də əhatə dairəsini genişləndirməyə çalışır. Rusiya bununla da bir sıra dövlətlərə təzyiqlərdən çəkinmədiyini ortaya qoyur. Burada söhbət ilk növbədə Gürcüstandan gedir. Türkiyəyə gəlincə isə, düzdür, yaxın münasibətlər var, ancaq Türkiyə və Rusiyanın qardaş dövlət olduğunu söyləmək olmaz. Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbiz deyil. Faktdır ki, Azərbaycanın güclənməsi və regionda aparıcı rol oynaması müəyyən dairələri nəinki narahat edir, hətta qorxudur. Görünür, məhz bu səbəblər Rusiyanı belə bir addım atmağa vadar edib".
Onu da qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə İŞİD-ə qarşı mübarizədə Ermənistan, Tacikistan və Qırğızıstandakı hərbi bazalardan istifadə edilə biləcəyini açıqladı.
Lavrovun bu açıqlamasına rəsmi İrəvan reaksiya verməsə də, Ermənistan cəmiyyətində ciddi narahatlıq yaranıb.
Erməni ekspertlər hesab edirlər ki, Rusiyanın Suriyadakı əməliyyatlarında Gümrüdəki bazadan istifadə etməsi Ermənistanı terrorçuların hədəfinə çevirəcək. Rusiyayönümlü ekspertlərin fikrincə isə, Ermənistan Rusiya ilə imzaladığı müqavilələrə görə, bu prosesdə yer almalıdır.
Erməni jurnalist Naira Ayrumyan yazır ki, Lavrov Ermənistanı tələyə saldı: "Bu, diplomaik tələdir. Əgər Ermənistan bundan rəsmən imtina edərsə, bu, ikitərəfli razılığı pozmaq deməkdir. Əgər razılaşarsa, deməli Rusiya İrəvanı öz oyuncağına çevirib. Görünür, Ermənistan hakimiyyəti bu tələdən çıxış yolunu susmaqda görür. Lakin susmaq da razılıq əlamətidir".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına müsahibəsində Suriyadakı əməliyyatlarda iştirak edə biləcəklərini istisna etməmişdi.
"Bu gün biz Suriyaya humanitar yardımlar etmək üçün Rusiya ilə səylərimizi birləşdirmişik. Rusiyaya ona görə minnətdarıq ki, onların hərbi aviasiyası ilə biz öz yardımlarımızı edirik. Prinsip etibarilə, biz addımlarımızı genişləndirməklə bağlı rusiyalı həmkarlarımızla müzakirələr aparırıq. Humanitar yardımlar kimi, erməni silahlı qüvvələri də Suriya xalqına kömək edə bilər", - deyə erməni nazir bildirmişdi.
N.Ayrumyan qeyd edir ki, Ermənistan Suriyada Rusiyanın hərbi əməliyyatlarında iştirak etməklə bağlı ilkin razılığını verib.
"Rusiya Ermənistanı hələ İŞİD-in suriyalı ermənilər yaşayan Kesab qəsəbəsinə hücumu zamanı bu münaqişəyə cəlb etmək istəyirdi. Həmin vaxt İrəvan qaçmağı bacardı. Daha sonra Rusiya Suriya ermənilərinə heç bir kömək etmədi və onlar Ermənistana gəldilər. İndi ABŞ-dakı ermənilər Ermənistanı Suriya qaçqınlarına yardım edən ölkələr siyahısına salmağa çalışır. Bu olarsa, onda ABŞ-dan əlavə maliyyə yardımı almaq imkanı yaranacaq. Lakin İrəvan Suriyada Rusiyanın hərbi əməliyyatlarında iştirak edəcəksə, ölkəni ciddi risk altında qoyacaq", - deyə erməni jurnalist bildirib.
Erməni politoloq Ruben Meqrabyan rəsmi İrəvanı Lavrovun cavabını verməməkdə ittiham edib: "Ermənistanın İŞİD-lə heç bir əlaqəsi yoxdur. Lakin rəsmi İrəvan Lavrovun dedikləri ilə bağlı susur. Heç kəs demir ki, "cənab Lavrov, ağzını bağla, bizim əlaqəmiz olmayan məsələni qaldırma". Ermənistan hakimiyyətinin susqunluğu dəhşətlidir".
Gümrüdən olan erməni politoloq Qaqik Ambaryan da 102-ci hərbi bazadan İŞİD-ə qarşı istifadə etməyin Ermənistanın təhlükəsizliyinə ciddi problemlər yaradacağını deyib.
"İŞİD Ermənistanı da öz xilafətinin tərkibi hesab edəcək və adekvat cavab olaraq, bizim təhlükəsizliyimizə təhdid yaradacaq. Bu, Ermənistanı açıq-aşkar alovun içinə atmaqdır", - deyə erməni politoloq etiraz edib.