“Bu tədbir millətlər, dövlətlər, xalqlar arasında yaxınlaşmadır” Siyasət

“Bu tədbir millətlər, dövlətlər, xalqlar arasında yaxınlaşmadır”

Elman Məmmədov: "Siyasi, iqtisadi və mədəni əməkdaşlıqdır"

Çağatay Balcı: "Bu gün dünyada "yumşaq güc" vasitələrindən biri də beynəlxalq tədbirlərə ev sahibliyi etməkdir"

Arzu Nağıyev: "Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizə də insanlara çatdırıldı"

"lV İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi". Bu fikirləri millət vəkili Elman Məmmədov səsləndirib. O, bildirib ki, lV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi: "Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına təkcə idman tədbiri kimi baxmamalıyıq. Bunu dövlət başçısı İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə çox incəliklə vurğuladı. Bu tədbir həm də millətlər, dövlətlər, xalqlar arasında yaxınlaşmadır, siyasi, iqtisadi və mədəni əməkdaşlıqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bütün hərəkətlərimiz, davranışımız, tədbirlərimizlə dünyaya sülh mesajı verməliyik, bizim həmrəyliyimiz nümunə olmalıdır. Bu gün İslam dünyasında münaqişələr, vətəndaş qarşıdurması və sair kimi xoşagəlməz hallar baş verir. Bunlara son qoyulmalıdır. Biz dünyaya nümayiş etdirməliyik ki, İslam dini humanizm, sülh, vətənpərvərlik dinidir. Biz sübut etməliyik ki İslam dini terror deyil. Bütün bunların qarşısını almaq üçün İslam ölkələri arasında həmrəylik, tərəfdaşlıq olmalıdır, sülh bərqərar olmalıdır. İnanıram ki, Azərbaycan bu sahəyə töhvə vermiş bir dövlətə çevriləcək". Elman Məmmədov deyib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunlarının keçirilməsi bunu bir daha təsdiq edir.
Millət vəkili Siyavuş Novruzov bildirib ki, Bakı -2017 IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi və ölkəmiz bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərdi. Onun sözlərinə görə, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil etdi ki, bu oyunları keçirəcək ölkələr Azərbaycan standartına uyğun keçirmək haqqında düşünəcəklər: "Bizdən əvvəl İslam Həmrəyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların neçə yüksək səviyyədə keçirildiyinin şahidi oldular. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmrəylik ilə keçirə bilsin. 57 İslam ölkəsinin 54-ü bu Oyunlarda iştirak etdi. İndiyə qədər keçirilən İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin iştirakı ən yüksək göstəricilərdən biridir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi". Deputat vurğulayıb ki, böyük dövlətlərin yüzilliklər boyü keçdiyi yolu Azərbaycan qısa müddətdə keçdi və bu gün Azərbaycan Olimpiya Oyunlarının keçirilməsinə də hazırdır: "Hesab edirəm ki, gələcəkdə belə bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir". S.Novruzov vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarınının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək: "Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) analitiki Çağatay Balcı diqqətə çatdırıb ki, Azərbaycanda bu cür yarışların keçirilməsi həm islam dünyasında, həm də beynəlxalq müstəvidə Azərbaycan üçün prestijdir. O qeyd edib ki, türk dövlətlərinə baxdıqda, Qazaxıstan və Türkiyə ilə yanaşı Azərbaycan iqtisadi, hərbi və siyasi baxımdan ən güclü 3 ölkədən biridir: "Hesab edirəm ki, Azərbaycan bu cür reputasiyaya layiqdir. Bu gün dünyada "yumşaq güc" vasitələrindən biri də beynəlxalq tədbirlərə ev sahibliyi etməkdir".
C. Balcı əlavə edib ki, İslam dini ilə bağlı tədbirlərlə yanaşı türklük ilə bağlı tədbirlərin də Azərbaycanda keçirilməsi məqsədə müvafiq ola bilər: "Bununla da Azərbaycan islam və türklük mərkəzlərindən biri olar".
Politoloq Arzu Nağıyev vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyaya İslamın sülh, əminanlıq dini olduğunu göstərdi. Azərbaycan "Bakı-2017"ni yüksək səviyyədə təşkil etməklə bir daha böyük miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu sübut etdi". O qeyd edib ki, "Bakı-2017" İslam ölkələri arasında həmrəyliyi daha da gücləndirib. Politoloq IV İslam Həmrəyliyi Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizənin də açıqlığı ilə insanlara çatdırıldığını vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən prioritet istiqamətdir. IV İslam Həmrəyliyi Oyunlarında 54 dövləti təmsil edən hər bir iştirakçı, idmançı və digər heyətlər Azərbaycan həqiqətlərini öz gözləri ilə gördülər və hiss etdilər. Bu, çox mühüm və təqdirəlayiq məsələdir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı ən çox dəstəkləyən də, məhz İslam dövlətləridir. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi dövlətlər hətta Ermənistanla diplomatik əlaqələrə də malik deyillər".
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın gücünün göztəricisi kimi qəbul edilməlidir. Onun fikrincə, həm oyunların açılış mərasimi, həm bağlanış mərasiminin yüksək səviyyədə təşkili, eləcə də yarışların keçirildiyi günlərdə həyata keçirilən tədbirlər Azərbaycanın istənilən tədbiri yüksək səviyyədə təşkil edə biləcəyini bir daha təsdiqlədi: "Çünki Azərbaycan bu sahədə yaxşı təcrübəyə malikdir. Evrovizion beynəlxalq musiqi yarışmasından tutumuş, Birinci Avropa Oyunları, Formula-1 yarışları və s. bu kimi yarışlar, tədbirlərlə Azərbaycan yüksək səviyyəli təşkilatçılıq qabiliyyətinə malik olduğunu dünyaya sübut edib". Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları bütün parametrləri üzrə Azəbaycana yalnız fayda gətirəcək: "İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahədə bu oyunların faydaları ölkəmiz üçün böyükdür. Hər şeydən əvvəl isə Azərbaycan bu yarışlara evsahibliyi etməklə İslam Həmrəyliyinə necə böyük dəyər verdiyini ortaya qoymuş oldu. Ölkəmizin bu mövqeyi İslam dünyası, müsəlman ölkələri tərəfindən də müsbət qarşılandı, təqdir edildi".