“Ermənilər Qarabağa görə uydurma erməni soyqırımından vaz keçməyə hazırdır“ Siyasət

“Ermənilər Qarabağa görə uydurma erməni soyqırımından vaz keçməyə hazırdır“

Mübariz Əhmədoğlu:"Rusiya yaxın vaxtlarda Qarabağla bağlı ciddi dəyişiklik etmək fikrindədir"


"Ermənistan qədər Kremlə müqavimət göstərən dövlət yoxdur".
Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bunlar hamısı Qarabağla bağlıdır: "Ermənilər Qarabağa görə uydurma erməni soyqırımından vaz keçməyə hazırdır". O əlavə edib ki, Ermənistan prezidenti çalışır ki, 10 ay ərzində baş nazir Karen Karapetyanı uzaqlaşdırsın və özünə loyal insanı bu vəzifəyə gətirsin. Politoloq əlavə edib ki, Rusiya yaxın vaxtlarda Qarabağla bağlı ciddi dəyişiklik etmək fikrindədir. Politoloq xatırladıb:"PA rəsmisi Novruz Məmmədov açıqlama verdi ki, Azərbaycan və Rusiya birgə təzyiq etsə də, Ermənistan mövqeyinİ dəyişmir. Bu, Azərbaycan tərəfindən verilən ilk belə bəyanat idi".
M. Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həlledici addımın vaxtıdır: "Normal sakit geosiyasi vəziyyətdə münaqişə həll edilə bilməz. Yalnız regional və geosiyasi vəziyyət gərginləşdikdə bu mümkün ola bilər".
Mübariz Əhmədoğlu əlavə edib ki, Azərbaycan tək Cənubi Qafqaz və Qafqaz çaplı dövlət deyil, Yaxın Şərqdə gedən müsbət proseslərin tərkib hissəsidir. O qeyd edib ki, Azərbaycan prezidenti Azərbaycan, Rusiya və İran üçtərəfli formatını yaratmaqla coğrafiya və tarixi barışdırdı. Politoloq həmçinin ötən ay İranda keçirilən prezident seçkilərinin nəticəsindən və İran-Azərbaycan münasibətlərindən də danışıb. O bildirib ki, Həsən Ruhaninin dövründə münasibətlər yüksələn xətlə inkişaf edəcək: "Ermənilərin nə deməsindən asılı olmayaraq, Ruhani bildirdi ki, Gürcüstan və Rusiya istiqamətində dəmir yollarını Azərbaycanın iştirakı ilə tikəcəyik. Yəni Ruhani bu məsələdə ermənilərə yer vermədi". Politoloq əlavə edib ki, İranda prezident seçkisi zamanı bəzi məsələlərin üstü açıldı. Belə ki, Azərbaycanda bir qrup islamçı gənclər Ruhaninin əleyhinədir. Adın müsəlman qoyub saqqal saxlayıb oruc tutur, amma İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışır. M. Əhmədoğlu ümid edib ki, ikitərəfli münasibətlər inkişaf edəcək: "Hesab edirəm ki, rəsmilərimiz İranı başa sala bilib ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycana heç bir dövlət İranın çətin vaxtında bundan sui-istifadə etmək haqqında göstəriş verə bilməz".
O həmçinin qeyd edib ki, Ermənistan siyasilərinə görə "İran-Azərbaycan dəmir yolu layihəsi havadan asılı vəziyyətdə qalıb: "Azərbaycan vəd verdiyi pulu ayırmadığı üçün bu dəmir yolu tikilmir. Səbəb Azərbaycan Beynəlxalq Bankının bankrot olmasıdır. İranşünas VardanVoskanyanın fikrincə, Ermənistan üçün öz niyyətlərini reallaşdırmaq yolunda əlavə imkanlar yaranıb. Yerevan bu momentdən istifadə etməyi bacarmalıdır". Politoloq "qeyd edək ki, bu erməni siyasilərinin intellektual məhdudluğuna və fürsətbazlığına yaxşı nümunələrdən biridir. İran-Azərbaycan dəmir yolunun tikilməməsinin çox səbəbi ola bilər. Amma bunların heç birisi Azərbaycanla əlaqəli deyil", - deyə bildirib: "İranda prezident seçki kampaniyası dövründə bütün böyük layihələr üzərində fəaliyyət passivləşmişdi. Bu seçki kampaniyası dövrünə xas xüsusiyyətdir. Amma yenə də prezidentliyə namizəd qismində Ruhani Azərbaycanla kommunikasiya layihələrini gündəlikdə saxlayıb. Prezident seçildikdə ilk mətbuat konfransında Ruhani Gürcüstan və Rusiya istiqamətlərindəki dəmir yollarını Azərbaycanla birlikdə tikəcəklərini bəyan etdi. Bəyanat çox aydın və konkret idi. Başqa sözlə, İrandan şimala çıxan kommunikasiyalarda rəsmi Tehran Ermənistan üçün heç nə saxlamır.
Rəşt -Astara dəmir yolunun tikintisinə hazırlıqda maneə var. İranda dəmir yolunun keçəcəyi ərazidəki torpaqların sahibləri öz torpaqlarını baha qiymətə satmaq istəyirlər. Bu İranın daxili məsələsidir. H.Ruhaniyə secicilərin etimadı bu problemin də asanlıqla həll olunacağını deməyə əsas verir.
Rəşt-Astara dəmir yolunun tikintisi üçün lazım olan təxminən 1 milyard dollar kredit öhdəliyi Azərbaycanın hansısa bankının üstündə deyil, Azərbaycan hökumətinin üstündədir. Ona görə Azərbaycan hökuməti Rəşt-Astara dəmir yolunun maliyyələşməsini istənilən başqa bankına həvalə edə bilər. Ermənilərin dövlət səviyyəsində özünü aldatma ilə məşğul olmasının Azərbaycanın maraqlarına zərrə qədər ziyanı yoxdur".