Parisdəki Azərbaycan Evi bəyanat yayıb Siyasət

Parisdəki Azərbaycan Evi bəyanat yayıb

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin verdiyi məlumata görə, Qarabağda iyulun 4-də baş vermiş qanlı hadisələrlə bağlı və eləcə də özünü qondarma "Dağlıq Qarabağ " təmsilçisi kimi təqdim edən Hovanes Gevorkyanın iyunun 22-də Fransanın TV 5 Monde telekanalındakı çıxışına etiraz olaraq Fransada fəaliyyət göstərən Azərbaycan Evi Bəyanat yayıb. Bəyanatda deyilir: "Parisdəki Azərbaycan Evi Ermənistan Respublikasının silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinə qarşı törətdiyi qanlı hərbi provokasiyanı qətiyyətlə pisləyir. Bu hərbi müdaxilə nəticəsində Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olmuş, başqa bir dinc sakin, Sərvinaz Quliyeva yaralanmış və həmçinin, çoxsaylı mülki infrastruktura ziyan dəymişdir.
Assosiasiyanın üzvləri faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verir və yaralanan qadının tezliklə sağalmasını arzu edir.
Xatırladaq ki, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı, Azərbaycanlıların yaşadığı 7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin təxminən 20%-i Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Təxminən 1 milyon Azərbaycanlı döğma yurdundan qovulmuş, 20 min nəfər öldürülmüş, 50 min nəfərdən çox insan şikəst edilmişdir. Ermənistanın həbs düşərgələrində işgəncə və təzyiqlərə məruz qalmış dörd mindən (4000) çox azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Beynəlxalq Birlik Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləsə də o, çağırışlara və beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymamaqda davam edir. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin dərhal azad edilməsini və köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri bu günə qədər cavabsız qalmışdır.
ATƏT-in 2005 və 2010-cu illərdə həyata keçirdiyi missiyaların hesabatları Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindəki qeyri-qanuni fəaliyyətini, o cümlədən, qeyri-qanuni məskunlaşma təcrübəsini, bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və mədəni irsin məhv edilməsini təsdiq edir.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin və münaqişə zonasındakı insidentlərin əsas səbəbidir və münaqişənin dinc yolla həllində əsas maneədir.
Didərgin düşmüş hər bir azərbaycanlı arzu edir ki, öz doğma yurduna qayıtsın. Bu işğal uzun sürə biməz.
Biz Azərbaycan icması adından ATƏT-in Minsk qrupunun həmsədri kimi vətənimiz Fransadan və eləcə də beynəlxalq ictimaiyyətdən xahiş edirik ki, bu təcavüzə qarşı səsini qaldırsın və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yardım etsin".