“Kreml vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki...” Siyasət

“Kreml vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki...”

Elxan Şahinoğlu: "İlkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvadakı universitetlərin birində çıxışı zamanı belə bir fikir söyləyib: "Qərb bizim təklifləri qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı". Ekspertlər hesab edir ki, Lavrov bununla demək istəyib ki, NATO Şərqə doğru genişlənməsəydi, Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramını irəli sürməsəydi və ya ABŞ Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirməsəydi, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdı. Lavrovun bəyanatına cavab verən politoloq Elxan Şahinoğlu deyib ki, nə Ermənistan, nə də Azərbaycan NATO-ya üzvlüyə can atır, ərazilərində Qərbin hərbi bazaları da yoxdur. Qərb Cənubi Qafqazda yalnız Gürcüstanda varlığını qoruyur. Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həllini bir günün içində sürətləndirə bilər: Kreml vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Kreml bunu İrəvana demək istəmir və münaqişənin uzanmasına görə topu Qərbə atır. Bəli, Qərb Ukraynanı və Gürcüstanı Rusiyadan uzaqlaşdırıb, eyni sözləri Azərbaycana və Ermənistana şamil etmək mümkün deyil. Qərb Rusiyanın bütün təkliflərini qəbul etsəydi belə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcəkdi. Qərblilər özləri deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ona görə də Qərbi bizə "xoxan" kimi sırımasınlar. Azərbaycanda buna yalnız rusiyapərəst "5-ci kolon" inanar və başqalarını da bu mifə inandırmağa çalışar".