“İrəvan Moskvanın hesabına hansısa uğur əldə etməyə çalışır” Siyasət

“İrəvan Moskvanın hesabına hansısa uğur əldə etməyə çalışır”

Elxan Ələsgərov: "Rusiya heç bir şəraitdə Qarabağdakı döyüşlərə müdaxilə etməyəcək"

Ermənistan rəhbərliyi artıq Qarabağ məsələsində uduzur və buna görə də müstəqilliyini hissə-hissə Rusiyaya həvalə etməyi əsas istiqamət olaraq götürüb.
Bu sözləri Rusiya və Ermənistanın hava hücumundan müdafiə ilə bağlı Vahid Regional Sistemin yaradılması müqaviləsinin reallaşdırılmasına başlaması və bunun regiona təsirləri ilə bağlı bəzi suallara aydınlıq gətirən fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
O bildirib ki, İrəvanı bu anlaşmaya vadar edən Qarabağdakı vəziyyət və Ermənistanın Qarabağ siyasətinin iflasıdır: "Bunu nəzərə alan Qarabağ klanı hazırda müstəqilliyini hissə-hissə Rusiyaya həvalə edir. İrəvanın əsas siyasi məqsədi Moskvanı heç olmasa, hipotetik şəkildə Qarabağ münaqişəsinə çəkməkdir. Həmçinin bu məsələnin hərbi tərəfləri də var. Ermənistanın hazırkı imkanları işğalçının Azərbaycana qarşı mümkün hava müharibəsinə tab gətirə bilməsini mümkünsüz edir. Ona görə də İrəvan bu addımla Rusiyadan faydalanmağa və mümkün hava hücumları zamanı Moskvanın hesabına hanısa uğur əldə etməyə çalışır. Lakin Ermənistan gözəl bilir ki, Rusiya heç bir şəraitdə Qarabağdakı döyüşlərə müdaxilə etməyəcək. Çünki bu, beynəlxalq hüquqa və Bakı-Moskva münasibətlərinə ziddir. Bəs Moskva nə istəyir? Rusiya ABŞ və Qərblə pisləşən münasibətləri və son zamanlar NATO-nun Qafqazda Gürcüstanla birgə təlimləri fonunda Ermənistanla bu anlaşmaya girərək öz mövqelərini gücləndirmək və bu ölkənin hərbi obyektlərini öz cənub hava müdafiə sistemlərinin tərkib hissəsinə çevirmək istəyir. Rusiyanın əsas məramı isə Suriyadakı Xmeymim hərbi bazasıyla Ermənistan ərazisindəki hava sahəsini nəzarət altına götürməkdir. Əlbəttə ki, bu, yaxşı hal deyil. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ müharibəsi alovlanan zaman bu konfliktdə iştirak etməyəcəklər".
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaşiqəsinin həll edilməməsində Qərbi təqsirkar saymasına münasibət bildirən ekspertin fikrincə, Lavrov belə bəyanatla Azərbaycan ictimaiyyətini aldada bilməz: "Biz çox gözəl bilirik ki, münaqişənin səbəbkarı kimdir, eyni zamanda, Rusiya və Qərbin Qarabağdakı siyasəti və bu iki dövlətin Ermənistanla olan əlaqələrindən də xəbərdarıq. Lavrov Rusiyanın Qərblə, xüsusilə ABŞ-la olan kəskin qarşıdurmasından irəli gələn son bəyanatıyla təqsirkarın Rusiya deyil, Qərb olduğunu göstərməyə çalışır. Əslində isə Qarabağ konfliktinin alovlanmasının, Azərbaycan torpaqlarının işğalının və münaqişənin həl olunmamasının arxasında hansı dairələr və ölkələrin durduğundan xəbərdarıq".