“Səfirə adekvat cavab verilib” Siyasət

“Səfirə adekvat cavab verilib”

Qabil Hüseynli: "Səfirin məlum çıxışı faktiki olaraq səhv idi və yəqin ki, Ağ Evin də töhmətini alıb"
Ərəstun Baxşəliyev: "Obamanın təbrik teleqramı yumuşaldıcı bir jestdir"

ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar Azadlıq Radiosuna verdiyi müsahibəyə bəzi Azərbaycan siyasətçilərinin verdiyi sərt reaksiyasiyaya şərh verib.
Bu barədə jurnalistlərin sualına cavabında səfir deyib: "Azadlıq radiosuna verdiyim müsahibəyə olan şərhləri böyük maraqla oxudum. Çoxları mənim dediklərimlə razılaşdı, çoxları isə razılaşmadı". Səfir bildirib ki, hər bir şəxsin öz fikrini ifadə etməsi hüququna hörmət edir: "Mənim niyyətim bugün Azərbaycanın üzləşdiyi bir çox məsələləri necə gördüyümü bəyan etmək idi. Əgər bu müsahibənin nəticəsi olaraq dövlət rəsmiləri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında xoşniyyətli hansısa müzakirə keçirilsə, o zaman bu müsahibəni verməyə dəyərdi".
Səfir qeyd edib ki, ötən 20 il ərzində Azərbaycanda bir çox sahələrdə böyük irəliləyiş olub: "Əminəm ki, gələcək 20 il ərzində daha böyük irəliləyiş olacaq".
Bu arada isə ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Obama təbrik məktubunda prezident İlham Əliyevi və Azərbaycan xalqını "Respublika Günü" münasibəti ilə təbrik edib: "1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin, Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibəti ilə əlamətdar bayramı qeyd edən Azərbaycan xalqına biz də qoşuluruq. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində güclü əməkdaşlıq mövcuddur və biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək qiymətləndiririk".
Obama məktubunda Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyətə də toxunub: "Biz Azərbaycanın insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazırıq. Bu hamımızın arzuladığı daha güclü sabiq və müstəqil Azərbaycana əhəmiyyətli töhfə verəcək".
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlik isə bunu təkzib edib. Səfirliyin saytında verilən bəyanatda qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Riçard Morninqstar müsahibəsində Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, qeyri-obyektiv fikirlər səsləndirmişdi ki, buna da adekvat cavab verildi. YAP rəsmisi qeyd edib ki, səfirin sözügedən müsahibəsindən sonra təkrar olaraq balanslı mövqe nümayiş etdirdiyini söyləməsini doğru hesab etmir: "Əslində, Morninqstar heç bir balans gözləmədən, birtərəfli və qeyri-dəqiq məlumatlar yayıb. Bu isə səfirin diplomatik əlaqələri pozduğundan xəbər verir".
Politoloq Qabil Hüseynli deyib ki, səfirin məlum çıxışı faktiki olaraq səhv idi və yəqin ki, Ağ Evin də töhmətini alıb. Sabiq dövlət müşaviri Bakı-Vaşinqton münasibətlərinin soyumasına səbəb olan Morninqstarın geri çağırılması ehtimalını da istisna etməyib. Bildirib ki, bu, mövcud vəziyyətdə baş verməsə də, yaxın gələcəkdə mümkündür: "Morninqstar aldığı təpkilərdən sonra mövqeyində üzrxahlıq edirmiş kimi dəyişiklik etdi. Ağ Ev də Bakının məzəmmətlərini qəbul edirmiş kimi görünür. Bizim əvvəldən əsas məsələmiz ABŞ-ın Dağlıq Qarabağ məsələsində ikili standartlardan yanaşmaması idi. Son vaxtlar ABŞ müəyyən qədər yumşalıb və mövqeyində korrektələr edib. Lakin bu, səfirin səhvindən sonra deyil, Minsk qrupunda amerikalı həmsədr Ceyms Uorlikin mənasız bəyanatlarından sonra oldu. ABŞ əvvəlkindən fərqli olaraq 7 rayonun işğal faktını tanıyır və azad edilməsinin vacibliyini vurğulayır. Eyni zamanda Rusiyanın daha çox istədiyi status-kvonun üzərindən sakitliklə keçir. Bu baxımdan münasibətlərin soyuq olaraq davam edəcəyi inandırıcı deyil".
"1964-cü ildə qəbul edilən Vyana Konvensiyasında uyğun olaraq səfirlərin səlahiyyətləri və vəzifələri öz əksini tapır. Səfirlər yalnız öz ölkəsini təmsil edə bilərlər. Öz ölkəsinin maraqlarına xdmət edən məlumatları toplamalı və iki ölkə arasında lazımi münasibətlərin qorunmasına xidmət edən hərəkətlər etməlidir. Səfir öz ölkəsindən göndərilən məlumatlar əsasında fəaliyyət göstərməlidir",- deyən politoloq konvensiyaya istinad edərək bildirib ki, səfirlər ölkənin daxili və xarici siyasətinə qarışa bilməz: "Konvensiyada qəti surətdə qeyd olunur ki, səfirlər fəaliyyətdə olduğu ölkənin daxili və xarici siyasətinə qarışa bilməzlər. Morninqstar nəinki daxili və xarici siyasətə qarışıb, hətta tənqidi surətdə ölkənin bu siyasi xətlərini dəyərləndirib. Morninqstarın hərəkətləri Vyana Konvensiyasının şərtlərinə uyğun gəlmir".
Qabil Hüseynli qeyd edib ki, Morninqstarın son hərəkətlərinə görə onun geri çağırılması məsələsini qaldırmaq hüquqi baxımdan realdır: "Azərbaycan hökuməti onun geriyə çağırılması haqda məsələ qaldıra bilər. Çünki səfirlərin göndərilməsi prosedurası belədir ki, təyin edilməzdən öncə təmsil olunduqları ölkədən müsbət xarakterli məlumatlar göndərilir. Əgər qəbul edən ölkə bu şəxsin fəaliyyətinin ümumi işə xələl verəcəyi qənaətinə gələrsə, səfirin təyinatına razılıq vermir. Yəni hətta təyin olmadan öncə də qəbul edilən ölkənin etiraz etmək hüququ var. Morninqstarın son müsahibəsi və digər hərəkətlərini nəzərə alıb, ABŞ qarşısında məsələ qaldıra bilər ki, səfirin fəaliyyəti iki ölkə arasında münasibətlərə ziyan verir. Yenə də Vyana Konvensiyasına uyğun olaraq ABŞ Morninqstarı geri çağırmaya borcludur".
Politoloq məsələnin siyasi yönünü şərh edərək bildirib ki, hazırkı məqamda səfirin geri çağırılması haqda məsələ qaldırmağa ehtiyac yoxdur: "Çünki onsuz da onun fəaliyyət müddətinin başa çatması 2 aydan bir az artıq vaxt qalıb. Geri çağırılması məsələsi qaldırılsa, prosedur olaraq yazışmalara da bu qədər vaxt sərf edilə bilər. Səfirin fəaliyyətinin başa çatması ərəfəsində geri çağırtdırılması Azərbaycan-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxara bilər. Biz Morninqstarın fəaliyyətinin bitməsini gözləməliyik".
Politoloq Ərəstun Baxşəliyev bildirdi ki, Morninqstarın çıxışının ana qayəsində də əslində bu məsələ dayanır: "Çox maraqlıdır ki, müsahibədə Rusiya irticaçı bir dövlət, ABŞ isə bölgə suverenliyinin qarantı kimi təqdim edilir...
Sitat: "Azərbaycanın müstəqilliyinin arxasında kim dayanacaq? ABŞ və Avropadan başqa kim?" Və bununla yanaşı rəsmi Bakıya belə bir mesaj da ünvanlanır: "Amma Azərbaycan tərəfdən təəssüf etdiyimiz məsələlərdən biri budur ki, ola bilsin, hökumət Maydanda baş verənlərin burda təkrarlanmasını istəmir. Və bu, bəzi adamların fikrincə, insan haqları və demokratiya məsələlərində təzyiqi daha da artırmağa əsas verir... Bu, Ukraynadan götürüləcək çox pis dərsdir"
Bu fikirn məğzində isə buranın da Ukraynaya döndürülə biləcəyi açıq bir şəkildə dilə gətirilməkdədir.
Fikrimcə verilən müsahibədə bu cür sərt və təhdid dolu notlara yer verilirsə, bu tərəflərarası münasibətin birtərəfli qaydada qəlizliyindən xəbər verir.
Son olaraq isə bildirim ki, ABŞ kimi nəhəng bir dövlətin siyasi kursunu sərgiliyən səfirin belə bir açıqlama verib hansısa məsələlərdə rəsmi Bakını ittiham etməsi doğru deyil. Ən azından ona görə ki, ABŞ bölgədə baş verən proseslərə görə ilk növbədə özünü daha çox günahlandırmalı və qondarma bir rejimə dəstək misiyasından zamanında əl götürməli idi....
Obamanın təbrik teleqramına gəlincə isə... Bu əslində yumuşaldıcı bir jestdir və düşünürəm ki, bu media və media araçılığı ilə nəticədə xalqa hesablanmış bir məktubdur.
Çünki, Prezident seçimlərindən sonra ləngiyən təbrik teleqramı ilə 28 may müstəqillik bayramı üçün göndərilən təbrik teleqramı arasındakı gün fərqi, bunu açıq bir şəkildə daha çox ortaya qoymaqdadır. Morninqstarın mediaya vermiş olduğu son açıqlamaya gəlincə... Sizcə Morninqsatar özü buna inanırmı?".
Araşdırmaçı jurnalist Vasif Həsənli diqqətə çatdırdı ki, ABŞ səfirinin son müsahibəsində söylədiyi fikirlər tamamilə çərçivədən kənar fikirlər idi: "ABŞ səfirinin bu fikirləri həm də Azərbaycanla münasibətlərin ruhuna uyğun gəlmir. ABŞ-Azərbaycan diplomatik münasibətlərinin inkişaf etdiyi dövrdə səfirinin bu cür açıqlama verməsi, müxtəlif şübhələr doğurur. Hesab edirəm ki, ABŞ Dövlət Departamenti bu məsələni xüsusi nəzərdən keçirməlidir. Səfir isə öz fikirlərini indi təkzib edirsə, o zaman Azərbaycan tərəfindən üzr istəməlidir.
Azərbaycan dövlətinin xarici siyasəti balanslaşdırılmış və bərabər münasibətlərdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim xarici ölkələrlə siyasətimiz balanslaşdırılmış formada həyata keçirilir. Digər tərəfdən isə ABŞ və Azərbaycan prezidentləri arasında dəfələrlə keçirilmiş görüşlərdə bu münasibətlərin əhəmiyyəti və məmnunluğu ifadə olunub. Düşünürəm ki, ABŞ səfiri bu məqamlara xüsusi diqqət etməli və bundan sonrakı fəaliyyətində daha da ehtiyatlı olmalıdır. Azərbaycan dövləti Afrikanın hər hansı müstəmləkə dövləti deyil. Azərbaycan 20 ildən çoxdur ki, müstəqillik qazanmış bir dövlətdir. Hazırda da Azərbaycan dövləti inkişaf edir.
Azərbaycan dövlətinə qarşı diktə siyasəti həyata keçirilə bilməz. Hər hansı bir səfir Azərbaycan dövlətinə ağıl dərsi keçə bilməz. Bunu hər kəsin anlaması lazımdır".

Əli