Həmsədrlərin sonuncu səfərindən nə gözləyək? Siyasət

Həmsədrlərin sonuncu səfərindən nə gözləyək?

Aydın Mirzəzadə: "Hər halda qarşıdakı görüşdə müəyyən ümidlər var"

Qabil Hüseynli: "Danışıqlar prosesi mürəkkəbdir, lakin müəyyən nəticələr əldə edilə bilər"

Asim Mollazadə: "Həmsədrlərin regiona səfərindən heç bir nəticə görmürəm"

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik oktyabrın 6-da Ermənistan prezidenti Serj Sarkisyanla, oktyabrın 7-də isə Azərbaycan prezidenti İlham Əliyevlə hər iki ölkə prezidentlərinin görüşlərinin hazırlığı üçün görüşüblər. Prezidentlər münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə danışıqların yenidən qurulmasına hazır olduqlarını təsdiqləyiblər. Prezidentlərin görüş tarixi barədə məlumat yaxın vaxtlarda açıqlanacaq.
Ümumiyyətlə, həmsədrlərin bu səfərində diqqətçəkən amil varmı?
Millət vəkili Aydın Mirzəzadə deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin müəyyən kiçik bir müsbət nəticəsi var: "O da Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün təşkil edilməsi barəsində razılığın əldə olunmasıdır. Nəzərə alsaq ki, Azərbaycan protokol naminə görüşlərdən həmişə imtina edib, ancaq ortada müəyyən bir nəticələr olduqda, eləcə də hansısa konstruktiv təklifi müzakirə etmək mümkün olduqda razılıq verib. Bu o deməkdir ki, gözlənilən görüşdə artıq nəyisə müzakirə etmək olar". Deputatın sözlərinə görə, həmçinin Azərbaycan Prezidentinin ölkəmizin maraqlarından irəli gələn Dağlıq Qarabağ barəsində mövqeyini növbəti dəfə dünyanın üç böyük dövlətinin nəzərinə çatdırması, Azərbaycanın xarici siyasətinin vacib bir nəticəsi kimi də qəbul etmək olar. Azərbaycanın ərazi bütövlüyünün itirilməsi ilə heç vaxt razılaşmayacağını və problemin həllinin ancaq Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb etməsi artıq dünya ictimaiyyəti üçün gün kimi aydındır. Təbii ki, Ermənistan da bu vəziyyətin artıq onun xeyrinə olmadığını, problemin həllində Azərbaycan mövqeyinin nəzərə alınmasının müəyyən qədər nəticəsinə gəlmiş olur. Hər halda qarşıdakı görüşdə müəyyən ümidlər var və problem həll edilməlidir. Bunu gələcək nəsillərə saxlamaq çox böyük səhv olardı. Azərbaycan öz tərəfindən bunun üçün hər şeyi edir".
Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri diqqətçəkəndir: "İki ildən artıq müddət idi ki, danışıqlar prosesi dalana dirənmişdi. Lakin indi proses yenidən canlanır". O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ ətrafında 5 rayonun Azərbaycana qaytarılması məsələsini gündəmə gətirib. Politoloqun fikrincə, 5 rayon məsələsi reallaşa bilər: "Amma bunun əvəzində biz də müəyyən güzəştə getməliyik. Dağlıq Qarabağın keçici statusunu qəbul etməliyik". Q. Hüseynli hesab edir ki, danışıqlar prosesi mürəkkəbdir, lakin müəyyən nəticələr əldə edilə bilər: "Həmsədrlərin regiona son səfəri müsbət nəticə verdi və prezidentlərin görüşünə razılıq əldə edildi".
Deputat Asim Mollazadə vurğulayıb ki, həmsədrlərinin regiona səfərində heç bir nəticə görmürəm: "Çünki onlar Ermənistanla bağlı ciddi addımlar atmır, düşmən ölkənin siyasətinə, işğalına ciddi qiymət vermirlər". 25 ildir ki, Azərbaycan torpaqlarının işğal altında olduğunu xatırladan deputat bildirib ki, bu müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də həmsədrlərin regiona səfərləri heç bir nəticə verməyib: "Çünki, onlar öz siyasətində hüququn aliliyini üstün tutmurlar. Əgər Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmasa, Ermənistan tərəfindən danışıqlar adlanan oyunlar davam edəcək". Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi barədə razılığın əldə olunmasına toxunan A. Mollazadə bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də düşmən ölkə rəhbərliyi öz oyunlarını davam etdirəcək: "Azərbaycan torpaqlarının beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə geri qaytarılmasını istəyir. Lakin Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqların imitasiyası ilə məşğuldur. Bu baxımdan hesab edirəm ki, görüş baş tutsa belə, Ermənistan həmişəki oyununa davam edəcək".
Əli