“RF üçün ərazi bütövlüyü prinsipini dəstəkləmək hər şeydən vacibdir” Siyasət

“RF üçün ərazi bütövlüyü prinsipini dəstəkləmək hər şeydən vacibdir”

Mübariz Əhmədoğlu:"Kosaçevin zor tətbiqi ilə millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə tapdığı əlaqə elmi və politoloji baxımdan səhvdir"

"Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev İspaniyadakı referenduma münasibət bildirərkən güc tətbiqinin öz müqəddəratını təyinetmə prinsipinin reallaşmasına yol açdığını bildirdi. K.Kosaçev yeni formulunda Dağlıq Qarabağ münaqişəsinin də adını hallandırmışdı. K.Kosaçevin başqa münaqişələrlə bağlı fikri ilə işimiz yoxdur. Amma onun Dağlıq Qarabağ məsələsində öz müqəddəratını təyinetmə prinsipinin tətbiqi barədə məlumatları görünür, yoxdur".
Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq deyib ki, Dağlıq Qarabağda yaşayan erməni əhali 1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Ermənistan SSR Ali Soveti DQMV icraiyyə komitəsinin bu qərarı əsasında Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi: "DQMV-nin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsinin siyasi, ideoloji əsaslandırmasını Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetində vermişdi. Qorbaçov hökumətinin ermənipərəst və o zamankı proseslərdə ermənilərin hədsiz aktiv olmasına baxmayaraq ermənilər Dağlıq Qarabağı Azərbaycan SSR-dən ayırıb, Ermənistan SSR-ə birləşdirə bilmədilər. Məhz buna görə aralıq mərhələ kimi Dağlıq Qarabağın müstəqilliyi məsələsi gündəliyə gəldi: Guya Dağlıq Qarabağ əvvəlcə müstəqil dövlət olur, sonra isə Ermənistanın tərkibinə qatılır". O vurğulayıb ki, müstəqillik referendumuna hazırlıq kampaniyasının tərkib hissəsi kimi ermənilər hərbi təcavüz vasitəsilə Dağlıq Qarabağın aftoxton azərbaycanlı əhalisini deportasiyaya etdilər. Beləliklə 1991-ci ilin dekabrın 2-də azərbaycanlı əhalinin iştirakı olmadan "referendum" keçirdilər: "Xüsusi olaraq qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi regionunda ilk qanı da ermənilər töküblər. 1988-ci ilin fevralın 22-də Əskəranda azərbaycanlı əhalinin dinc etiraz aksiyasına ermənilər atəş açdı və iki azərbaycanlı gənc öldürüldü. Baş verən proseslər Dağlıq Qarabağ münaqişəsi regionunda zorun ilk tətbiqinin müəllifi ermənilərin olduğunu göstərir".
M. Əhmədoğlu deyib ki, çox zorun da müəllifi ermənilərdir. Kosaçev zor tətbiqi ilə millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə tapdığı əlaqə elmi və politoloji baxımdan səhvdir: " Ən azı Rusiya nümunəsi bunu deyir. Çeçen xalqı ayağa qalxmışdı, müstəqillik istəyirdi. RF-in Mərkəzi hökuməti çox uzun müddətə və qeyri-bərabər səviyyədə zor tətbiq etdi. Kosaçev formuluna görə Çeçenistan indi müstəqil olmalı idi. Amma müstəqil deyil. Lakin Rusiya elitasının təmsilçisi olaraq K.Kosaçevin fikirləri başqa prizmadan da diqqəti çəkir."
Politoloq vurğulayıb ki, Rusiya elitasında ərazi bütövlüyü prinsipini ardıcıl və inamlı tərəfdaşı yoxdur. Ərazi bütövlüyü prinsipinə dair heç bir elmi, politoloji, nəzəri əsər yazılmayıb: "Rusiya ərazicə hədsiz çox böyük və polietnik dövlətdir. Rusiya iri dövlətlər içərisində ərazi bütövlüyü ən çox təhdidlə rastlaşan ölkədir. Çeçenistan timsalında hətta Rusiyanın vahid konstitusiya məkanında olmadığı bəlli olur. RF üçün ərazi bütövlüyü prinsipini dəstəkləmək hər şeydən vacibdir".
Politoloq əlavə edib ki, K.Kosaçevin Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli ümumi yanaşması əsasən konstruktiv qiymətləndirilə bilər. Bir neçə dəfə ətraf rayonların Azərbaycana qaytarılmasının zəruriliyini vurğulayıb: "Ermənistanlı həmkarı A.Aşotyanla imzaladığı müqavilədə Dağlıq Qarabağ münaqişəsini hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi ifadəsi yerləşdirilib. "Hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları" termini Ermənistanın maraqlarına uyğun deyil".
Politoloq vurğulayıb ki, biz azərbaycanlı olaraq ermənilərə qarşı çox şey deyə bilərik. RF tərəfinin bizim fikirlərimizi filtrdən keçirməsi başa düşüləndir. Kosaçev kimi etatistlər ermənilərin SSRİ-nin dağılmasındakı rolunu araşdırsınlar: " ABŞ-ın konqresinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1989-cu ilin iyul və noyabr aylarında qəbul etdiyi qətnamələrlə tanış olsun. Prezident S.Sərkisyan özü şəxsən "Moskovski Novosti"yə verdiyi müsahibədə ermənilərin SSRİ-nin dağılmasında iştirakını etiraf etmişdi. SSRİ-nin sonuncu illərində sovet ordusuna ilk hücumların Ermənistanda edilməsinin mahiyyəti ilə tanış olsun. Rusiyalı siyasilər öz nəticələrini əldə etsinlər".
Politoloqun fikrincə, İidiki şəraitdə MDB məkanında separatizmə dəstək Rusiyanın daxilindəki separatizmi ruhlandırmaq anlamındadır. Şimali Qafqazda vəziyyətin sabitləşməsinin iki mənbəyi var: "Güclü Rusiya və güclü Azərbaycan dövlətləri. Bunlardan hansısa birisi zəifləyəcəksə Şimali Qafqazda vəziyyət yenidən gərginləşə bilər. Dağlıq Qarabağdakı ermənilər rus imperiyası tərəfdən İrandan və Osmanlı imperiyasından köçürüldüyü halda Şimali Qafqazda yaşayan xalqların hamısı aftoxtondur".
O sonda əlavə edib ki, ərazi bütövlüyü prinsipini dəstəklənməsi Azərbaycan üçün vacibdir. Amma RF üçün də hədsiz vacibdir. İlk olaraq RF elitası ərazi bütövlüyü prinsipinə qeyri-ciddi yanaşmanı aradan qaldırmalı və bu məsələ ardıcıllıq nümayiş etdirməlidir.