“Rusiyanın Ermənistanı silahlandırması....” Siyasət

“Rusiyanın Ermənistanı silahlandırması....”

Məhəmməd Əsədullazadə: " Azərbaycana qarşı təcavüzün davam etdirilməsinə hesablanıb"

"Rusiya Ermənistana yeni müdafiə silahları almaq üçün 100 milyon dollar kredit 15 il müddətinə illik 3%-lə verəcək. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq. Bundan əvvəl rəsmi Kreml 200 milyon dollar kredit ayırmışdı. Bu kreditlə Rusiyadan "Smerç" "Tos-1A" və digər reaktiv artilleriya sistemləri Ermənistana verilib. Rusiyanın bu siyasəti regionda Ermənistanı silahlandırmaqla, Azərbaycana qarşı təcavüzü davam etdirməsinə hesablanıb". Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib. Ekspert əlavə edib ki, münaqişənin həllinin uzadılması, Cənubi Qafqazda Rusiyanın geosiyasi maraqlarına cavab verir: "Soçidə MDB dövlət başçılarının məhdud sammitində Putinin real imkanı var idi ki, Ermənistan və Azərbaycan prezidentləri ilə bir araya gəlib, gündəmdə olan münaqişənin həllinə töhfə versin. Göründüyü kimi, Rusiya MDB məkanında konfliktlərin həlli ilə deyil, üzv ölkləri bir araya gətirməklə, Qərbə qarşı mesaj verir.
Soçi sammiti Azərbaycan tərəfi baxımından əhəmiyyət kəsb etməyən, Rusiyanın imperiya maraqlarına cavab verən bir sammit idi. Ümumiyyətlə MDB heç bir funksiyaya malik olmayan, yalnız Rusiyanın post-sovet ölklərinə nəzarət sxemidir. Azərbaycan bu qruma üzv olmaqla ümid edirdi ki, Rusiya Qarabağ probleminin həllində real dəstəyi verəcək. Göründüyü kimi, MDB sammiti Rusiyanın Ermənistana hərbi-müdafiə krediti ayırması ilə eyni gündə baş verdi.
Bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu görüş ərəfəsində Ermənistana silah krediti ayrılması, danışıqlar da Ermənistanın mövqeyinin güclənməsinə hesablanıb. Gələn il Rusiya Azərbaycan və Ermənistanda seçkilər gözlənilir. Seçki qabağı Rusiya regionda yeni müharibə ocağının alovlanmasına imkan verməyəcək…Prezident Ilham Əliyevlə Sarkisyanın görüşü ötən il Sankt-Peterburq görüşündən sonra ilk təmasları olacaq. Bu görüş baş tutarsa, gərgin atmosfer gözlənilir".