Bakıda Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli görüşü keçirildi Siyasət

Bakıda Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli görüşü keçirildi

Elmar Məmmədyarov: "Müzakirələr çox qardaşyana keçdi"
Əhməd Davudoğlu: "Biz türkmən, Azərbaycan və Anadolu türkcəsində söhbət etdik, aramıza heç bir başqa dil girmədi, bir-birimizi çox gözəl anladıq"

Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. APA-nın məlumatına görə, nazirlər Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredov, əsasən, regional layihələri, eləcədə enerji sahəsində əməkdaşlıq və enerji marşrutlarını müzakirə ediblər.
Görüşünün sonunda Bakı bəyanatı qəbul olunub.
XİN mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda tərəflər ortaq mədəni irs, tarixi köklər və ənənəvi mənəvi dəyərlərə söykənən dostluq münasibətlərinin müştərək məqsədlərin həyata keçirilməsində və müasir təhdid və çağırışların aradan qaldırılmasında mühüm rolunu qeyd ediblər. Hazirlər ökələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəyə əsaslanaraq üç ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edərək, siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar, o cümlədən mədəniyyət, elm, səhiyyə, səhiyyə, təhsil, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlər üzrə Xarici İşlər nazirlikləri arasında, həmçinin BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlinib.
Bəyanat müəllifləri BMT-də və digər beynəlxalq təşkilatlarda ölkələrinin namizədliyini dəstəkləməyə hazır olduqlarını təsdiqləyib, üç ölkə arasında əməkdaşlığın regional və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf və rifaha töhfə verdiyini qeyd ediblər.
Terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qanunsuz silah alveri, həmçinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklərini xüsusi qeyd ediblər.
Tərəflər birgə layihə və əməkdaşlıq təşəbbüsləri vasitəsilə müxtəlif sahələrdə, xüsusilə enerji, ticarət, nəqliyyat, mədəniyyət, turizm, təhsil və ətraf mühitin qorunması sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi barədə öhdəliklərini təsdiq ediblər.
Hazirlər Azərbaycan, Türkiyə və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, sözügedən sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədilə birgə irimiqyaslı layihələrdə işitrakın əhəmiyyətini qeyd ediblər.
Bəyanatda həmçinin tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcəklərini vurğulanıb, siyasi dialoqun, əlaqələndirmənin, regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsinə yönəldilən üçtərəfli görüşün müntəzəm olaraq keçirilməsinin vacibliyi bəyan olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşlə bağlı mətbuat konfransında jürnalistləri məlumatlandırıb: "Müzakirələr çox qardaşyana keçdi. Biz üç ölkə arasında münasibətləri, həmçinin beynəlxalq arenada, o cümlədən energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişik. Qərara almışıq ki, bu formatda görüşlər davam etdirilsin. Aşqabaddakı görüşdən öncə baş tutacaq iclasda enerji, iqtisadi, nəqliyyat, turizm, mədəniyyət, idman sahələrində əməkdaşlığı müzakirə edəcəyik ki, bu istiqamətdə tərəflər arasındakı münasibətlər daha da genişlənsin. İstiqamət artıq bəllidir. Bu layihələr üzərində işimizi quracağıq".
E.Məmmədyarov yalnız xarici işlər nazirləri səviyyəsində deyil, digər nazirlər səviyyəsində də görüşlər keçirilməsi haqqında razılığa gəlindiyini vurğulayıb.
Elmar Məmmədyarov qeyd edib ki, bu formatda növbəti görüş bu ilin sonunadək Aşqabadda keçiriləcək.
Türkiyənin XİH başçısı Əhməd Davudoğlu isə Azərbaycanı 28 May - Respublika günü münasibətilə təbrik edib və vurğulayıb ki, Azərbaycanın istiqlalı Türkiyənin istiqlalıdır: "Azərbaycanın istiqlallı, güclü, qüdrətli bir dövlət olması Türkiyənin də arzusudur. Bu sözlər Türkmənistan üçün də keçərlidir. Allah bu üç bayrağı dünyanın hər yerində birlikdə dalğalandırsın".
Üç ölkənin XİN başçılarının Bakı görüşünün yekunundan danışan Ə. Davudoğlu görüşü çox önəmli adlandırıb, bunun gözəl bir başlanğıc olduğunu deyib: "Əslində, ikitərəfli münasibətlər, Türkiyə-Azərbaycan, Türkiyə-Türkmənistan münasibətləri hər zaman çox gözəl olub. Üçtərəfli formatda görüşlər də davam edəcək. Üç ölkənin liderləri və xarici işlər nazirləri belə görüşlərin daha da intensiv keçirilməsini istəyirlər".
Ə. Davudoğlu xüsusi olaraq vurğulayıb ki, bugünkü görüşdə danışıqlar türk, Azərbaycan və türkmən dillərində aparılıb: "Biz türkmən, Azərbaycan və Anadolu türkcəsində söhbət etdik, aramıza heç bir başqa dil girmədi, bir-birimizi çox gözəl anladıq. Əməkdaşlığımızı neçə inkişaf etdirəcəyimizi müzakirə etdik, xüsusilə enerji məsələlərini nəzərə aldıq. Qərara gəldik ki, bundan sonra ildə iki dəfə görüşəcək. İnanırıq ki, bu görüşlərə digər Orta Asiya ölkələrini də qatacağıq".
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov üçtərəfli formatın faydalı olduğunu bildirib: "Biz üç dövlət arasında çoxplanlı əməkdaşlığa dair bir sıra məsələləri nəzərdən keçirdik".
R.Meredov bildirib ki, görüş üç ölkə arasında enerji və nəqliyyat kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün yaxşı imkan olub: "Türkmənistan, Azərbaycan və Türkiyənin böyük praktik iş təcrübəsinin olduğu bu sahələrdə biz konkret üçtərəfli əməkdaşlıq formaları tapa bilərik. Xüsusi müzakirə mövzularından biri mədəni-humanitar sahə oldu".