Azərbaycan Xalq Cümhuriyyəti - 96 Siyasət

Azərbaycan Xalq Cümhuriyyəti - 96

Anar İsgəndərov: "70 illik rejim xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı"

28 may tarixi Azərbaycan tarizində ən şərəfli səhifələrdən olunur. Bu gün Şərqdə ilk demourvtik respublika qurulub. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə önəmli işlərə imza atılıb.
Tarix elmləri doktoru Fəzail İbrahimli bildirib ki, 28 may tarixi bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir: "Çünki həmin gün Azərbaycan dövlət müstəqilliyinin elan olduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil. Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Məsələn, gürcülər Almaniyanın vədlərinə arxalanıb seymdən çıxdılar. Ermənilərin də həmişəki kimi xaricdən dəstəyi olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqının özü öz taleyini həll etməli idi. Çünki gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi, bəzi güclər Azərbaycanın ərazisini qəsb etmək istəyirdilər. Həmçinin, Bakı şəhərinin Rusiyanın tərkibinə verilməsi təhlükəsi var idi. Yəni 1918-ci ildə reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi. Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edərək ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin, Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər millətin şərəfini xilas edərək, müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur".
Onun sözlərinə görə, Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar: "General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-i Hacı Zeynalabdin Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olur. Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlib. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi.
Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. Bilirsiniz ki, bir neçə il əvvəl Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyi təntənəli şəkildə qeyd olundu. Bu gün Milli Məclis həmin demokratik ənənələri davam etdirir".
Onun fikrincə, bugünkü müstəqil Azərbaycan 1918-ci ildə elan olunmuş Xalq Cümhuriyyətinin varisidir: "Qeyd edim ki, ötən əsrin sonlarında müstəqillyimiz bərpa olunsa da zaman o sınağı ilə Azərbaycandan əl çəkmədi. 1990-cı illərin hadisələri gözümüzün önündə baş verən, ruhumuzdan keçən proseslərdir. Azadlıq uğrunda mübarizəmiz zamanı 20 yanvar faciəsi baş verdi, Şəhidlər xiyabanı yarandı. Eləcə də, torpaqlarımızın azadlığı uğrunda minlərlə şəhid verdik. Beləliklə, 23 ay yaşayan dövlətimiz kimi bu dəfə də yenidən təhlükə ilə üz-üzə qaldıq, Azərbaycanı parçalamaq istəyən qüvvələr fəallaşmağa başladı. Onlar müstəqlliyimizi boğmağa cəhd edirdilər.
Belə bir zamanda xalq öz liderini səslədi. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı, xalqı bəlalardan xilas etdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycanın bölünməsinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, nəticədə Azərbaycan 23 ay yaşayan o dövlətinin taleyinin yox, 23 ildir ki, müstəqil yaşayır. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 23 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. Vaxtilə Məhəmməd Hadi deyirdi ki, "yox millətimin imzası imzalar içində" deyib fəryad edərək dünyasını dəyişdi. İndi isə biz deyirik ki, Azərbaycan var, millətimizin imzası var imzalar içində. Bu bayram ərəfində arzu edirəm ki, dövlətimiz daha da güclənsin və bayrağımız əbədi dalğalansın".
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu: "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə "türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli Ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi...".
Cümhuriyyətin süqutundan danışan tarixçi əlavə edib ki, aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət edib: "Halbuki rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk demokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, onların haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi".
Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı"nda bu tarixi amansızlığa verilən siyasi qiymət belə oldu: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin". Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz, ən qiymətli sərvətimizdir, eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir... Azərbaycan dövləti 22 ildir ki, müstəqillik yolunda inamlı addımlarla irəliləyir".

Əli