“Terror dünyanın hər bir ölkəsində baş verə bilər” Siyasət

“Terror dünyanın hər bir ölkəsində baş verə bilər”

Asim Mollazadə: "ABŞ-da açıq silah satışı və onun məhdudlaşdırılması ilə bağlı addımlar atılmalıdır"

"Ümumiyyətlə dünyada baş verən terror hadisələri ən böyük cinayətlərdən sayılır. Azərbaycanda terrordan əziyyət çəkmiş və xeyli vətəndaşını itirmiş bir ölkədir". Bunu millət vəkili Asim Mollazadədeyib. Onun sözlərinə görə, Azərbaycan anti-terror koalisiyasının fəal üzvüdür: "Dünyada bu cür hallar olanda Azərbaycan da öz dəstəyini ifadə edir. Terror dünyanın hər bir ölkəsində baş verə bilər. Onun demokratiyaya heç bir aidiyyatı yoxdur. Mənə elə gəlir ki, ABŞ-da açıq silah satışı və onun məhdudlaşdırılması ilə bağlı addımlar atılmalıdır. Hər bir ölkədə terrorun səbəbləri var. Yəni Bakı metrosunda baş vermiş terror qurbanlarının nə günahı var idi ki, erməni terroristləri onları qətlə yetirdilər".
Siyasi şərhçi Azər Həsrət isə diqqətə çatdırıb ki, ABŞ kimi ölkələrdə terror hadisələrinin baş verməsi təsadüfi deyil: "Çünki bu ölkələrdə insan haqları deyərək bu ad altında silah sənayesinin inkişafına rəvac verilib. Yəni silahların açıq şəkildə istənilən vətəndaşa satılması üçün şərait yaradılır. Təbiidir ki, əlində silah olan insan bir gün mütləq ondan istifadə edəcək. Bu adi bir vətəndaş və yaxud keçmiş bir hərbiçi də ola bilər" . Onun sözlərinə görə, ABŞ-da belə hadisələrin baş verməsi sadəcə olaraq o ölkədəki aşınmanın, çökmənin bir göstəricisidir: "İnsanlar o həddə çatıblar ki, artıq biri dükandan bir silah alıb başqa insanlara rahat şəkildə atəş aça bilirlər. Bu həm də onların əsəbi, psixoloji durumu ilə bağlıdır. Çünki o və yaxud ona bənzər ölkələrdə bizə nağıllar danışılır ki, insan haqları ən yüksək səviyyədə qorunur, insanlar ən yüksək rifah halına yüksəlir və s. Amma əslinə qalanda biz görürük ki, oradakı problemlər bizim kimi ölkələrdəki problemlərdən qat-qat artıqdır. Biz həmişə Azərbaycanı örnək olaraq göstərmişik. Azərbaycan dövləti sözün həqiqi mənasında o cür yad təsirlərdən bizi qorumaqla təhlükəsizliyimizi öz güvənci altına alır. Düşünürəm ki, Azərbaycan vətəndaşları buna görə bu gün öz dövlətimizə təşəkkür etməlidirlər ki, bu ölkədə hər yoldan ötən əlinə silah alıb kimə necə gəldi atəş aça bilmir".
Qeyd edək ki, ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum nəticəsində 27 nəfər ölüb, 20-yə yaxını yaralanıb. 26 yaşlı Devin Kelli Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir.