“Birləşmiş Ştatlar rəsmi Ər-Riyadı silahlandırır” Siyasət

“Birləşmiş Ştatlar rəsmi Ər-Riyadı silahlandırır”

Məhəmməd Əsədullazadə: "Amerikanın hədəfi İranın Yaxın Şərq siyasətini iflasa uğratmaqdır"


"Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı, Yaxın Şərqdə İrana qarşı böyük bir siyasi-hərbi ittifaq qurub". Politoloq Məhəmməd Əsədullazadə Səudiyyə Ərəbistanında cərəyan edən prosesləri şərh edərkən deyib ki, İranın Livanda dəstəklədiyi "Hizbullah" və Yəməndə "Husi" hərbi-siyasi təşkilatları vasitəsilə apardığı geosiyasi mübarizə Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ştatları çox ciddi narahat edir: "Hazırda Yaxın Şərqdə Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanını prosesə qoşmaqla, regionda yeni siyasi-hərbi qarşıdurmanı dərinləşdirir. Qeyd edək ki, Livanın baş naziri Səid- Əl Hərirnin Ər-Riyadda istefa qərarı, Livanda xüsusilə Yaxın Şərqdə yeni siyasi böhranın başlanğıcını qoydu. Yeni hərbi ssenarinin Livanda "Hizbullah"a qarşı aparılması gözlənilir". Politoloq hesab edir ki, məhz Səudiyyə tərəfindən baş nazir Səid-Əl Həririnin istefaya məcbur edilməsi, Livanda "Hizbullah"a qarşı başladılan planın bir hissəsidir: "Bir daha qeyd edim ki, Livanın baş naziri Səid Harinin Səudiyyə Ərəbistanında istefası çox ciddi mətləblərdən xəbər verir. Bir ölkənin baş naziri digər bir ölkədə oğurlanır və istefaya məcbur edilir. Onu da nəzərə almaq lazımdır ki, Hariri Səudiyyə Ərəbistanı vətəndaşıdır. Livanda İranın "Hizbullah" vasitəsilə siyasi təsirinin güclənməsi, Birləşmiş Ştatlar və İsraili çox ciddi narahat edir ". Məhəmməd Əsədullazadə qeyd edib ki, Livan baş naziri Səid Hariri İrana yaxın bir siyasətçi kimi tanınır : "Onun Səudiyyə Ərəbistanının hava limanında "həbs"i, ardlnca istefaya məcbur olunması və çıxışında İranı tənqid etməsi, düşünürəm ki, Birləşmiş Ştatlar tərəfindən həyata keçirilmiş siyasi əməliyyatdır. Səudiyyə Ərəbistanı təbii ki, belə bir cürət edib, Livan baş nazirini azadlığını məhdudlaşdırıb, istefaya məcbur edə bilməzdi. Bu əməliyyatda ABŞ-İsrail izi danılmaz faktdır. Livana qarşı həyata keçirilən bu siyasətin ən başlıcası "Hizbullahın" güclənməsindən qaynaqlanır. Baş verənlər fonunda Səid Hariri bir daha Livana qaytarılmayacaq. Böyük bir siyasi oyunun qurbanı olan, vəzifəsindən məcbur şəkildə uzaqlaşdırılan baş nazir ömrünü Körfəz ölkələrinin birində keçirəcək". Politoloq onu da diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı Yəməndə İran dəstəkli "Husi" qiyamçılarına qarşı hərbi əməliyyatlar aparır. Üç ildir ki, aparılan hərbi əməliyyatlarda heç bir müsbət irəliləyişə nail olunmur: "Çünki, İranın hərbi dəstəyi nəticəsində Husilərin dirənişi günü-gündən güclənir. Hətta Səudiyyənin içərilərinə kimi ballistik raketlər atırlar. Təbii ki, husilərin bu hərbi hücumları Birləşmiş Ştatlar və Səudiyyə tərəfindən İranın hədəf alımasını daha da şərtləndirəcək. İranın Yaxın Şərqdə möhkəmlənməsinə imkan verməmək üçün Birləşmiş Ştatlar rəsmi Ər-Riyadı güclü şəkildə silahlandırır. Amerika Yaxı Şərqdə aparılan vəkalət müharibəsində İsrailə dəstək üçün İranın Yaxın Şərq siyasətini iflasa uğratmağı hədəf qoyub. Qeyd edim ki, Tehran mümkün qədər öz mövcudluğunu qorumaq üçün təsir arealını genişləndirməyi strateji hədəf seçib. İsrail Suriya və Livanda güclənməkdə olan İranın təsirini yox etmək üçün ilk növbədə "Hizbullah"la haqq-hesab çəkəcək. Bunun nə qədər dağıdıcı olacağını isə, proseslərin gedişində aydın görmək olar. Bir sözlə Yaxın Şərq yenidən geniş çaxnaşmaya hazır vəziyyətdədir". Politoloq onu da diqqətə çatdırıb ki, İran son illər Livan, Suriya və İraqda kifayət qədər güclənib. Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın regionda geosiyasi maraqlarının qarşısı alınmayınca, çox ciddi qarşıdurmaların şahidi olacağıq: "Bu ölkə öz hərbi dayaqlarını yaratmaqla böyük tarixi yanlışlığa yol verir. Baş verən proseslər göstərir ki, Yaxın Şərqdə sülh və sabitlik uzaq perspektivdə də mümkün görünmür".