Avropa Parlamentində Azərbaycanın problemləri müzakirə olunacaq Siyasət

Avropa Parlamentində Azərbaycanın problemləri müzakirə olunacaq

Diasporla İş üzrə Dövlət Komitəsi gələn il qondarma "erməni soyqrımı"nın 100 illiyini keçirməyə cəhd edən ermənilərə qarşı hazır olmağa çağırıb

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Belçikada səfərdə olan nümayəndə heyəti Brüsseldə Benilüks Azərbaycanlıları Konqresinin yeni ofisində diaspor nümayəndələri ilə müzakirələr aparıb.
APA-nın məlumatına görə, görüşdə BAK-ın prezidenti Sahil Qasımov, təşkilatda birləşən cəmiyyətlərin rəhbərləri və diaspor fəalları iştirak edib.
S.Qasımov deyib ki, təşkilatın yeni qərargahı üçün Avropa Birliyinin mərkəzi şəhərinin seçilməsi təsadüfi deyil: "Təşkilat Avropa Birliyinə daxil olan institutlar, Avropa Parlamentinin yeni millət vəkilləri ilə əməkdaşlığı intensivləşdirməyi, lobbiçilik fəaliyyətini gücləndirməyi qarşıya məqsəd qoyub. Brüsselin mərkəzində - hər gün minlərlə turistin keçdiyi tarixi Qran Plas meydanı (Kralın sarayı) yaxınlığında ofis açmaq və orada Azərbaycan bayrağını dalğalandırmaq da ölkənin təbliğinə hesablanıb".
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov BAK-ın Avropa Birliyinin mərkəzində ofis açmasını təqdirəlayiq olduğunu bildirib. O deyib ki, təşkilatın Brüsseldə də qərargahının olması onun beynəlxalq əlaqələrinin gücləndirilməsinə təkan verəcək və qurumun lobbiçilik istiqamətində yürütdüyü siyasətin daha effektli olmasını təmin edəcək: "Xüsusilə gələn il qondarma "erməni soyqrımı"nın 100 illiyini keçirməyə cəhd edən ermənilərə qarşı biz hazır olmalıyıq".
Görüşdə Konqresin təşkilatlanma, diaspor, lobbiçilik fəaliyyətində görülmüş işlər, qarşıya qoyulmuş məqsəd və planlar, Benilüks ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının problemləri müzakirə edilib. Bildirilib ki, diaspor təşkilatları arasında sağlam rəqabət aparmağın və aktiv lobbiçilik siyasətinə başlamağın vaxtı çatıb.
Komitənin şöbə müdiri İlham Məmmədov Benilüks ölkələrindəki Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığı daha da gücləndirməyin zəruriliyini vurğulayıb: "Hazırda Azərbaycan diasporunun qarşısında duran bir sıra vəzifələrin həyata keçirilməsi müxtəlif diaspor təşkilatları arasındakı koordinasiya və əlaqələrin möhkəmləndirilməsi ilə sıx bağlıdır".
Hollandiyada həyata keçirdiyi təşkilatlanma modelini Belçikada da tətbiq etməyi planlaşdıran S.Qasımov BAK-ın siyasi təşkilat kimi fəaliyyətini gücləndirməyi də vacib hesab edir. Artıq qurum rəhbərliyi bu günlərdə BMT-nin Avropa ofisində qeydiyyatdan keçmək üçün müraciət etməyi planlaşdırıb.
Müzakirələr zamanı fəaliyyəti akademik səviyyəyə keçirməyin, Azərbaycanın problemlərini Avropa Parlamenti, Avropa Komissiyası kimi qurumlarda səsləndirməyin vacibliyi vurğulanıb. Təklif olunub ki, həmin institutlarda Azərbaycana dair məsələlərin müzakirəsinə, ölkəmiz haqqında obyektiv qərarların qəbul olunmasına nail olmaq üçün Azərbaycanın dostları qrupu yaradılsın və onlara dövlət səviyyəsində hər cür maddi, mənəvi dəstək göstərilsin.
Daha sonra Azərbaycan həqiqətlərinin Avropada yayılması üçün yeni yollar və mexanizmlərin tapılması, 2015-ci ildə qondarma "erməni soyqırımı" ilə əlaqədar erməni diasporunun aktivləşməsini önləmək üçün Azərbaycan və Türk diaspor təşkilatları arasında koordinasiyanın və Benilüks ölkələrində, eləcə də Avropa Parlamentində türk kökənli millət vəkilləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, gələn il Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları zamanı Azərbaycana qarşı gözlənilən əks-təbliğatın qarşısının alınmasında BAK-a daxil olan təşkilatların görəcəyi işlər, eləcə də Konqresin müasir informasiya texnologiyaları ilə təmin olunması kimi məsələlər də müzakirə edilib.