“Multikulturalizmin alternativi yoxdur” Siyasət

“Multikulturalizmin alternativi yoxdur”

Prezident İlham Əliyev: "Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenofobiya, antisemitizmdir"

"Biz fəxr edirik ki, İslam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il əvvəl bərpa edilən Şamaxı Cümə məscididir".
Bunu Azərbaycan prezidenti İlham Əliyev "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib: "İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb. Bundan əlavə, İSESCO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib. Bir neçə il əvvəl İSESCO tərəfindən Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: "İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir".

"Ölkəmizdə dini, milli zəmində heç bir problem yoxdur"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı böyük tədbirlər keçirilir, ölkəmiz svilizasiyalararası dialoqda həmişə böyük rol oynayır.
O bildirib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: "Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə "Multikulturalizm İli" elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir".
Prezident İlham Əliyev qeyd edib ki, bu il Bakıda IV İslam Həmrəliyi Oyunları yüksək səviyyədə keçirilib: "Bu Oyunlarda 50-dən çox ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq iştirak etdi. Bu idman yarışı eyni zamanda dostluq və qardaşlıq bayramına çevrildi. Bundan əvvəl Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu iki hadisə Azərbaycanın həm Avropa, həm də İslam aləmi ilə münasibətlərini göstərir. Bununla yanaşı, ölkəmiz sivilizasiyalar və mədəniyyətlərarası dialoqda oynadığı önəmli rolu nümayiş etdirir ".

"Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir"

Dövlət başçısı bildirib ki, Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında, islam həmrəyliyinin əldə olunmasında öz rolunu davam etdirəcək.
Azərbaycan prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Azərbaycanın inkişafı ilə bağlı cəmiyyətdə nikbin fikirlər var. Reallaşdırılan nəhəng layihələr ölkəmizin uzunmüddətli, dayanıqlı və uğurlu inkişafını dəstəkləyir, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilir".
Prezident İlham Əliyev bildirib ki, "Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır: "Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir. "Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıb. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir", - deyə o vurğulayıb.

"Azərbaycan iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir"

Prezident bildirib ki, "İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir.
O qeyd edib ki, Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılır: "İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir. Mən bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan "Cənub Qaz Dəhlizi" və bizim digər layihələrimiz ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək".
Dövlət başçısı bildirib ki, Azərbaycan bölgədə çox önəmli nəqliyyat mərkəzinə çevrilir: "İki ay bundan əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa ilə ən qısa yolla birləşdirdi. Hazırda biz "Şimal-Cənub" nəqliyyat dəhlizi üzərində işləyirik. Bu istiqamətdə də çox önəmli nəticələr var. Biz ilin sonuna qədər növbəti nəticələri gözləyirik ki, qısa müddətdə – bəlkə də iki-üç il ərzində bu yolu da biz qonşu ölkələrlə birlikdə istifadəyə verək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcəkdir. Bu, bizə əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. Bu, regional əməkdaşlığa da çox ciddi müsbət təsir göstərəcək. Eyni zamanda, əminəm ki, bu, bizim bugünkü konfransımızın burada yazılan mövzusuna da öz müsbət təsirini göstərəcək. Çünki millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır, maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir".

"Ərazi bütövlüyümüz qiymətlidir"

Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir: "Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. "Əli silahlı erməni quldur dəstələri soyqırımı törədiblər, zor gücü ilə torpaqlarımızı işğal ediblər, günahsız insanları bu torpaqlardan qovublar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir. Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdi", - deyə o vurğulayıb.

"İkinci erməni dövlətinin yaradılması ideyası təhlükəli və xəstə məntiqdir"

Prezidebt İlham Əliyev deyib ki, bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır: "Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər qanlı cinayət – Xocalı soyqırımını törədiblər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilib. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb".
BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan dövlət başçısı bilidirib ki, bu qətnamələrə əsasən erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz geri çəkilməlidir: "Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyalar dediyim mənzərə ilə üzləşiblər və öz məruzələrində bunu əks etdiriblər".
Prezident qeyd edib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır: "İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi, dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir. Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq".

"Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir"

Azərbaycan prezidenti bildirib ki, multikulturalizmin alternativi yoxdur: "Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir.
Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda, bizim Avropa ölkələri ilə də sıx əlaqələrimiz var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalayıb. Yəni, bu da Avropa İttifaqının üzvlərinin 1/3 hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlayıb. Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni zamanda, bizim siyasətimizi əks etdirir. Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı bax dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar", - deyə o vurğulayıb.
Prezident bildirib ki, digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülüb: "Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər. Çox səmərəli görüş keçirilib, çox səmimi fikir mübadiləsi aparılıb. Biz hesab etdik ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq bir görüş olmamalıdır. Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə "Bakı Prosesi" adı verildi. Bu gün "Bakı Prosesi" yaşayır, inkişaf edir. Gələn il biz "Bakı Prosesi"nin on illik yubileyini qeyd edəcəyik. "Bakı Prosesi" bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də təşəbbüs Azərbaycan tərəfindən gəldi. Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq.
Azərbaycan gənc müstəqil dövlətdir. Müstəqilliyimizin cəmi 26 yaşı var. Müstəqilliyin ilk illəri çox ağır keçib, çox faciəvi hadisələr baş verib. 1993-cü ilə qədər Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü, inflyasiya min faizlərlə ölçülürdü, bütün sənaye müəssisələrimiz, demək olar ki, fəaliyyətsiz qalmışdı və ölkənin inkişafı üçün perspektivlər çox qaranlıq idi. Bundan əlavə, o vaxtkı hakimiyyət Azərbaycanda vətəndaş müharibəsinə start verdi və qardaş qanı axıtdı. Mənfur qonşu Ermənistan bundan istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. Yəni, Azərbaycan demək olar ki, uçurum kənarında idi. Belə vəziyyətdə Azərbaycan xalqı özünə xas olan müdriklik göstərərək böyük lider Heydər Əliyevi hakimiyyətə dəvət edib və 1993-cü ildən bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolu ilə gedir. 1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar, beynəlxalq arenada rolumuzun artması, ölkə daxilində bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, vətəndaş müharibəsinin dayandırılması, yeni Konstitusiyanın qəbul edilməsi və ölkəmizin strateji inkişafı ilə bağlı çox dəqiq qərarlar xalqımızı ağır vəziyyətdən çıxara bildi və bu gün də Azərbaycan uğurla inkişaf edir. Eyni zamanda, müstəqilliyin ilk illərində Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər də demək olar ki, pozulmuşdu. Yumşaq desək, bu sahədə, çox böyük səhvlər, dəqiq desək, cinayətlər törədilmişdi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bu sahədə də dönüş yarandı, dövlət-din münasibətləri lazımi səviyyədə quruldu. Bu gün dövlət-din münasibətlərinin səviyyəsinə və mahiyyətinə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər".