“BMT burda meydança rolu oynayıb” Siyasət

“BMT burda meydança rolu oynayıb”

Fikrət Sadıqov: "Sadəcə, ölkələr bu meydançaya yığışaraq öz mövqelərini bildiriblər"


"Donald Tramp hələ seçkiqabağı kampaniya dövründə BMT-ni tənqid edir və Vaşinqtonun bu təşkilata çox pul ayırdığını deyirdi. Bildirirdi ki, bu pullar mənasız yerə ayrılır və ixtisar olunmalıdır". Bunu açıqlamasında Qərbi Kaspi Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının professoru, politoloq Fikrət Sadıqov deyib. ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarından, BMT Baş Assambleyasında bu qərarın əleyhinə qəbul edilən qətnamədən sonra Vaşinqtonun 2018-ci ildə BMT-yə ayrılacaq maliyyə yardımını azaltmasına dair qərar qəbul etməsini şərh edən F.Sadıqov bildirib ki, Ağ Ev sadəcə olaraq fürsətdən istifadə edib BMT-yə ayırmaları ixtisara salmaq istəyir.
Baş Assambleyada keçirilən səsvermədə BMT-nin rolunun nədən ibarət olmasına aydınlıq gətirən F.Sadıqov əlavə edib ki, BMT burda meydança rolu oynayıb:
"Sadəcə, ölkələr bu meydançaya yığışaraq öz mövqelərini bildiriblər. Digər reallıq isə ondan ibarətdir ki, həm aparıcı Avropa ölkələri, həm də müsəlman ölkələri Trampın qərarına qarşı çıxaraq öz mövqelərini bildiriblər. İndi Tramp nə etmək istəyir, etsin. Bu, dövlətlərin mövqeyini dəyişməyəcək. Mövqelər Baş Assambleyada keçirilən səsvermədə ifadə olunub və dəyişilməz olaraq qalacaq".
Azərbaycanın da bu məsələyə dair öz baxışının olduğunu vurğulayan F.Sadıqov ölkəmizin çoxdan BMT-dən narazı olduğunu vurğulayıb:
"Biz hələ Tramp seçilməmişdən çox-çox əvvəl dəfələrlə demişik ki, beynəlxalq hüquq tapdanır, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qətnamələr yerinə yetirilmir, torpaqlar işğaldan azad olunmur, biganəlik nümayiş etdirilir. Həqiqətən də BMT-nin rolu faktiki olaraq zəifləyib. Çünki aparıcı ölkələr beynəlxalq hüquq prinsiplərinə əməl etmir. Özləri beynəlxalq hüququn norma və prinsiplərini yaradıb, özləri vaxtilə buna səs verib. İkinici Dünya müharibəsindən sonra özləri bu təşkilatın təsisçisi olub. İndi də bunlar özləri narazılıq bildirir. Ölkələrin onların diqtəsi altında hərəkət etmədiyindən narazılıq bildirirlər. Qoy Tramp BMT-yə ayırmaları ixtisar etsin. Onsuz da bu təşkilatın Azərbaycanın maraqlarına cavab verən 4 qətnaməsinin heç biri yerinə yetirilməyib".