“Tərəflərə təqdim edilən konkret təkliflər...” Siyasət

“Tərəflərə təqdim edilən konkret təkliflər...”

Məhəmməd Əsədullazadə: "Münaqişənin tezliklə və mərhələli həllini özündə ehtiva etmir"

"İlk növbədə ona diqqət etmək lazımdır ki, tərəflərə təqdim edilən konkret təkliflər heç də münaqişənin tezliklə və mərhələli həllini özündə ehtiva etmir. İrəli sürülən konkret təkliflər, əsasən münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönəlmiş əlavə tədbirlər görməsi razılaşdırılıb". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Hazırda münaqişənin irəlləyişi üçün konsensusa nail olunmayıb. Həmçinin konkret bu təkliflər münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsindən ibarətdir. Göründüyü kimi, aparılan danışıqlar və növbəti XİN rəhbərlərinin yanvar görüşündə konkret təkliflər, yalnız ATƏT-in müşahidə missiyasının genişləndirilməsi və atəşkəsin qorunması və buna əməl edilməsi ilə bağlı olacaq. Sentyabr ayından başlayan danışıqlar prosesi, yalnız atəşkəsin qorunmasına xidmət etdi. Yanvar ayında XİN rəhbərlərinin görüşündə ərazilərin boşaldılması müzakirə predmeti olmayacaqsa, yuxarıda göstərilən prinsiplər üzrə danışıqlar davam edəcəksə, danışıqlara getmək lazım deyil. Belə bir imitasiya xarakterli danışıqlar işğalçı Ermənistanın leyhinə işləyir. Görünür, Moskva tərəfindən Azərbaycana çox ciddi təzyiqlər var. Azərbaycanı məqbul olmayan sülh razılaşmasına məcbur edirlər. Aparılan danışıqlar da indiyə kimi nəticəsiz və " etimad mühitinin " formalaşmasına və atəşkəsin qorunmasına xidmət edib. 2018-ci il üçün Qarabağ konflikti ətrafında müzakirələr aprel ayına kimi aparılacaq. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən bu kimi danışıqlar davam edərsə, Azərbaycan mütləq şəkildə yay aylarında növbəti hərbi təzyiqləri bərpa etməlidir. Moskvanın təklif etdiyi formatda aparılan danışıqlar Azərbaycana lazım deyil. Çünki konkret şəkildə ərazilərin boşaldılmasından söhbət getmir. Əgər, ortada konkret ərazilərin boşaldılması təkliflər masada olsaydı, Ermənistan tərəfi danışıqlara qatılmayacaqdı. Rusiyanın Qarabağ konfliktində izlədiyi siyasi kurs status-kvonun qorunmasına hesablanır."