Belarus və Azərbaycanın hərbi əməkdaşlığından kim qorxur? Siyasət

Belarus və Azərbaycanın hərbi əməkdaşlığından kim qorxur?

Rusiyanın təbliğat nəşrlərindən olan "EADaily" öz erməni müxbir və ekspertlərinin dili ilə bəyan edib ki, Minsk və Bakı böyük ehtimalla "Polonez" reaktiv yaylım atəşi sistemi barədə razılığa gəlməyiblər. Guya əvvəlcə razılaşmanın mümkünlüyü, sonra isə Ermənistan tərəfinin təsiri ilə pozulması barədə bütün məlumatlar cəmi bir jurnalistdən qaynaqlanır. Bu, Belarus-Azərbaycan əməkdaşlığına qarşı informasiya müharibəsində növbəti yaylım atəşi oldu.

"Polonez"lərin Azərbaycana mümkün satışı və ya onlar üzrə əməkdaşlıq "EADaily"nin bəyan etdiyi kimi yalnız belaruslu jurnalist Alyesinin sözlərindən qaynaqlanmır, belə əməkdaşlıq həqiqətən də ən azından nəzərdə tutulub. Vəziyyət ilk baxışdan göründüyü qədər də dumanlı deyil.
Birincisi, Minsk Moskvadan "İsgəndər"ləri almadan 5 il öncə öz raket proqramını yaradıb və inkişaf etdirməkdədir. Proqramda ilk addım reaktiv yaylım atəşi sistemləri (RYAS) oldu. Onlar Çinin iştirakı ilə yaradıldı və böyük ehtimalla, ukraynalı mütəxəssislər də layihədə iştirak edib. Bu layihə üzrə işləri davam etdirən Belarus firmaları "Polonez" RYAS-larını böyük radiuslu, ballistik və qanadlı raketlərlə təkmilləşdirmək barədə düşünürlər. Minsk bunda da dayanmaq istəmir və müstəqil şəkildə özü hava hücumundan müdafiə sistemləri yaratmağa çalışır. Bütün bu raket layihələri Belarus rəhbərliyi tərəfindən işin mühüm istiqaməti kimi nəzərdən keçirilir və şübhəsiz ki, onlar Bakı ilə müzakirə edilib. Həmçinin kooperasiya istiqamətində də belə qəliz və bahalı sistemlər bir neçə ölkənin birgə səyləri vasitəsilə yaradılır.
Belarusun raket proqramının başlandığı andan Prezidentlər, o cümlədən Belarus və Azərbaycanın müdafiə nazirləri səviyəsində bir neçə dəfə baş tutan danışıqlarda heç şübhəsiz bu məsələyə toxunulub. Xüsusən, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri açıq şəkildə göstərdi ki, hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub, bunun nəticəsi olaraq isə Lukaşenko Bakı ilə belə əməkdaşlıqda kənar heç bir yerə baxmağa hazırlaşmadığını bəyan etdi.
Lukaşenkonun öz çıxışlarından dəfələrlə vurğuladığı "Polonez"lərin onun üçün necə böyük dəyər kəsb etdiyini nəzərə alaraq, Belarus prezidentinin Azərbaycanda bu RYAS-ların müzakirəsini aparmadığını təsəvvür etmək mümkün deyil.
Həqiqətən də "Polonez"lər əvvəlcə "İsgəndər"lərin özünəməxsus assimmetrik analoqu kimi nəzərdə tutulurdu, bu isə Bakı üçün Ermənistanda "İsgəndər"lərin peyda olması kontekstində maraqlı ola bilər. Yəni məsələ heç də bir jurnalistin fikirlərində deyil.
Həmçinin məsələnin ölü nöqtədən tərpənməsini təxmin etməyə imkan verən faktlar da var. Xüsusən bu günlərdə Belarus Hərbi-sənaye Komitəsi Minskin hərbi-texniki əməkdaşlığının Rusiyadan kənar ölkələrlə həyata keçirilməsi barədə məlumat açıqlayıb. Komitənin hazırda Ukrayna ilə əməkdaşlığın da aparılmaması barədə açıqlamasını nəzərə almaq şərtilə sual yaranır ki, bəs belə yüksək göstərici haradan qaynaqlanır? Axı ötən il Minsk müdafiə məhsullarının ixracından 1 milyard dollar gəlir əldə edib. Minskin Azərbaycanla artıq çoxdan adi ticarətdən daha inkişaf etmiş sxemlər üzrə əməkdaşlığa can atması hətta əgər Minsk və Bakı bu barədə xüsusi şəkildə danışmasa belə, qeyd-şərtsiz bənzər nəticələrin əldə olunmasına imkan yaratdı.
Sual yaranır: üçüncü tərəflər ümumiyyətlə bu sahədə Belarus-Azərbaycan əməkdaşlığına təsir edə bilərdimi? Bu, inandırıcı deyil. Belarus və Azərbaycanın hərbi-texniki əməkdaşlığı artıq 10 ildən çox müddətdir ki, stabil şəkildə davam edir. Həmçinin 2000-ci illərin ortalarından hər iki tərəf demək olar ki, bütün sahələrdə dostluq əlaqələri yaratdı. Bu əməkdaşlıq tərəflərin diqqətçəkən deklarasiyalardan qaçmasına baxmayaraq həqiqətən strateji xarakterə malikdir, lakin məhz Azərbaycan təcili və səssiz şəkildə pul, borc verməklə Belarusa öz zamanında Moskvanın ultimatumlarına cavab vermək imkanını verdi. Məhz Azərbaycan Şərqi Avropa regionunda Minskin Rusiya mənbələrinə alternativ enerji daşıyıcılarının çatdırılması üzrə layihələrdə Belarusa tərəfdaş olmağa hazırlığını bəyan etdi. Əvvəlcə bu, svop-sxemlər üzrə Venesuelanın iştirakı ilə neft çatdırılması idi, bu yaxınlarda isə Ukrayna vasitəsilə bilavasitə neft təchizatlarına kimi inkişaf etdirildi. Qeyd edilənlərə beynəlxalq səviyyədə çox sıx iqtisadi və siyasi əməkdaşlığı da əlavə etmək olar.
Ritorik sual – Belarus rəhbərliyi bu dərin köklərə malik dostluğu risk altına alarmı? Hətta əgər məsələyə yetərincə həyasızlıqla yanaşılsa, Minskin öz silahının bundan sonra Ermənistana təchizatı naminə Azərbaycanla yaxşı prespektivlər vəd edən və çoxillik əziyyətli əməyin bəhrəsi olan əməkdaşlığın üzərindən xətt çəkəcəyi inandırıcı deyil. İrəvanın belə iri silah partiyalarının qarşılığında ödəniş etməyə hazır olmadığını və erməni hökumətinin imkanlarını nəzərə almaqla stabil əməkdaşlıqdan söhbət belə açmağa dəyməz.
Əlbəttə, 2010-cu illərin əvvəllərində Minskin Liviya və İranda əməkdaşlıqdan uzaqlaşdığını xatırlamaq olar. Lakin həmin vaxt ABŞ və onun müttəfiqləri Belarusu açıq və sərt şəkildə hədələdilər, eyni zamanda Fars körfəzinin varlı ərəb monarxları Tehran və Tripoli ilə əməkdaşlıqdan imtina ediləcəyi halda yeni layihələr təlif edəcəklərini bəyan etdilər. Yəni həmin vəziyyətlə bu gün "Polonez"lərə dair əməkdaşlıqdan imtina etməyə şərait yaradacaq vəziyyət arasında böyük fərqlər var.
Belə müqavilələrin xarakteri üçün spesifik olan gizliliyi nəzərə almaqla hazırda "Polonez"lərin və onların detalları barədə mühakimə yürütmək olmaz. Lakin Minsk artıq bir neçə dəfə yalnız imzalandıqdan sonra bəlli olan silah üzrə müqavilələr imzalayıb. Məsələn, Myanmaya hava hücumundan müdafiə sistemlərinin təchizatı barədə heç kimin məlumatı yox idi, yalnız ölkə bu silahı iniş il hərbi paradda nümayiş etdirdiklər hər kəs bu barədə məlumat aldı. Hələlik yalnız və yalnız bir məsələ aydındır: "Polonez"lərə dair qərarı İrəvanda yox, Minskdə qəbul edəcəklər.

Sergey Boqdan
Belaruslu analitik, Ostroqor Mərkəzinin (Minsk-London) əməkdaşı