“Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr var” Siyasət

“Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr var”

"Azərbaycanı tanımaq, onu həqiqətən də öyrənib obyektiv şəkildə təqdim etmək istəyən tədqiqatçılar, ekspertlərlə yanaşı, ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr, məlumatları öz maraqlarına uyğun istifadə etmək istəyən insanlar da var".
Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.
O qeyd edib: "Biz informasiya mübadiləsində Azərbaycanla bağlı dolğun, obyektiv, geniş məlumat verməyə çalışmalıyıq".
Ə.Mehdiyev bildirib ki, bu məsələdə mətbuatın rolu nə qədər böyükdürsə, Azərbaycanın alimlərinin və tədqiqatçılarının üzərinə bir o qədər də böyük yük düşür.
Son illərdə Azərbaycanda müşahidə olunan yüksək sosial-iqtisadi inkişafın Azərbaycan vətəndaşının mənafeyinə uyğun olaraq həyata keçirildiyini deyən PA rəsmisi qeyd edib ki, bu yaxınlarda keçirilən prezident seçkilərində Azərbaycan əhalisinin mütləq əksəriyyətinin öz səsini Prezident İlham Əliyevə verməsini ölkəmizdə yaranan ab-havanın, cərəyan edən hadisələrin məntiqi nəticəsi saymaq olar.
Ə.Mehdiyev deyib ki, bu gün Azərbaycanın sosial-iqtisadi, mədəni həyatına diqqət yetirdikdə həyata keçirilən köklü islahatların, gündən-günə möhkəmlənən ictimai-siyasi sabitliyin, sosial-iqtisadi dəyişikliklərin əhalinin əhvali-ruhiyyəsinə təsir etdiyini görürük.
PA rəsmisi bildirib ki, bütün bunlar ölkə ictimaiyyətinin diqqətini cəlb etdiyi kimi, ölkəmizlə maraqlanan xarici ölkə tədqiqatçılarının da marağını cəlb edir: "Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədə formalaşmış bu mühitlə bağlıdır. Azərbaycanın həyatının hər hansı sahəsini öyrənmək istəyən, ona qiymət vermək istəyən ekspert istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır".
Ölkəmizə diqqətin getdikcə artdığını söyləyən Ə.Mehdiyev əlavə edib ki, Azərbaycan artıq neft layihələrinin, mühüm beynəlxalq tədbirlərin mərkəzi kimi tanınıb. Bütün bunlar isə Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir.