“Azərbaycan ordusu bütün parametrlərlə Ermənistanı üstələyir“ Siyasət

“Azərbaycan ordusu bütün parametrlərlə Ermənistanı üstələyir“

"Azərbaycan son 10 ildə hərbi potensial baxımından Ermənistanla öz arasında xeyli fərq yaradıb".
Bunu "Exo Moskva"ya müsahibəsində Rusiyanın "Silah ixracı" jurnalının baş redaktoru Andrey Frolov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycanı ordusunun inkişafına kifayət qədər ciddi vəsait ayırmağa sövq edir: "Silahlı Qüvvələrinin yeniləmə tempi baxımından Azərbaycan son illərdə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycan həm Rusiyadan, həm də başqa ölkələrdən bahalı, ciddi, yaxşı xarakteristikalara malik silah sistemləri alır".
O əlavə edib ki, bu silahların bəziləri 2016-cı ilin aprel hadisələri zamanı istifadə olunub.
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanın texnoloji inkişafına təkbaşına cavab vermək imkanı yoxdur: "Ermənistanın son satınalmalarının hamısı Rusiyanın verdiyi kredit hesabına başa gəlib. Rusiya isə, öz növbəsində, tərəflər arasında bərabərlik yaratmağa, müəyyən balans formalaşdırmağa çalışır".
A.Frolov bildirib ki, bu gün Azərbaycan "az qanla, güclü zərbə ilə" Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün "yumruğunu gücləndirir".
"Say, texnoloji və əlbəttə ki, inteqral baxımdan Azərbaycan ordusu Ermənistan ordusundan üstündür", - ekspert əlavə edib.
2016-cı ilin aprel döyüşləri mövzusuna toxunan redaktor vurğulayıb ki, bu, Ermənistan üçün çox böyük şok olub: "Onlar Azərbaycan ordusunun imkanlarını, özlərinin sandıqları kimi sarsılmaz ordularının olmadığını anladılar. Əslində, Ermənistan hərbçiləri və siyasi rəhbərliyi üçün 2016-cı ilin apreli ciddi çağırış oldu, onlar buna cavab verməlidir".