Ermənilərin Rusiya əndişəsi Siyasət

Ermənilərin Rusiya əndişəsi

Azər Həsrət: "Rusiyanın Azərbaycanla istənilən təması Ermənistanı rahatsız edir"
Ramiz Alıyev: "Lavrovun Azərbaycana səfərinin erməni mediasında narahatlıqla qarşılanması təbiidir"

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya iki günlük səfərə gəlib. Rusiyalı nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Səfər Ermənistanda da diqqətlə izlənilir. Erməni mətbuatı Lavrovun Bakıda olduqca mürəkkəb məsələləri həll etməli olacağını yazıb.
Siyasi müşahidəçi Naira Ayrumyan hesab edir ki, rusiyalı nazir hər şeydən əvvəl Bakını Transxəzər qaz kəmərinin çəkilməsinə razı olmamağa inandırmağa çalışacaq.
Ayrumyanın sözlərinə görə, Lavrovun Bakıda keçirəcəyi danışıqlarda ikinci məsələ Dağlıq Qarabağ problem olacaq: "Səfər ərəfəsində Azərbaycan məmurları bildiriblər ki, münaqişənin həlli üçün Rusiyadan konkret təklifləri gözləyirlər".
Erməni siyasi müşahidəçi ehtimal edir ki, Lavrov Azərbaycana Ermənistanla "zəmanət verilmiş" müharibəyə başlamağı təklif edəcək.
Siyasi hərhçi Azər Həsrətin qənaətinə görə, Rusiyanın Azərbaycanla istənilən təması Ermənistanı rahatsız edir və bu da başadüşüləndir: "Çünki Ermənistan başa düşür ki, Rusiya Azərbaycana daha sıcaq yanaşmağa başlarsa, onlar qapı arxasında qalacaqlar. Elə Lavrovun səfərinin Ermənistan ictimai rəyində belə ajiotaj yaratması da bununla bağlıdır. Qaldı ki, Lavrov niyə gəlib, bunun səbəbləri gizli deyil. Birinci səbəb Ukrayna ətrafında cərəyan edən olaylar, ardından da İŞİD məsələsinin ortaya çıxmasıdır. Burada İranın da ABŞ-la yaxınlaşması üçün imkanların açılması öz rolunu oynayır. Avrasiya İttifaqı, Transxəzər layihələri də az əhəmiyyətli deyil, amma bölgədə hazırda artan xətt üzrə baş verən olaylar, məncə, Lavrovun səfərinin əsas səbəbi sayıla bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu səfər böyük ehtimalla Avrasiya İqtisadi Birliyi ilə bağlıdır. Onun sözlərinə görə, Moskva istəyir ki, Azərbaycan da bu birliyə üzv olsun: "Artıq Rusiya Ukraynanı itirib. Ukrayna birmənalı olaraq Avropaya inteqrasiya olunacaq. Ona görə Rusiya bütün gücü Cənubi Qafqaza verərək, Ukrayna itkisini Azərbaycanla kompensasiya etmək, Azərbaycanı təzyiq yolu ilə Avrasiya İqtisadi Birliyinə qatmaq istəyir". Elxan Şahinoğlu daha öncə gerçəkləşən Avropa Komissiyasının sədri Jose Manuel Barroso-nun Bakı səfərinə də diqqət çəkərək deyir ki, həm Rusiya, həm də Avropa Birliyi arasında Azərbaycan uğrunda diplomatik mübarizə gedir.
Politoloq Ərəstun Oruclu deyib ki, rəsmi Moskva "ikili siyasət" yürüdür: "Moskva rəsmi Bakıya təklif etmək istəyir ki, Ermənistana təsir göstərməklə onun mövqeyində yumşalmalara nail olandan sonra aşağı Qarabağın işğal altında olan rayonlarından bir neçəsini Azərbaycana qaytarılmasına nail olsun. Bununla da Azərbaycanın Avrasiya İttifaqı və Gömrük İttifaqına daxil olmaq haqqında razılığını əldə eləsin".
Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvü Fazil Mustafa Lavrovun Azərbaycan rəsmiləri danışıqlarında iki ölkə münasibətlərinin "qapalı tərəflərinin" gündəmə gələcəyini və regional məsələlərin müzakirə ediləcəyini düşünür: "Dağlıq Qarabağla bağlı Rusiyanın öz siyasətində korrektə etməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Rayonların qaytarılması, Avrasiya İttifaqı, yəni bir sıra məsələlər var ki, bu məsələlər bir siyasi diplomatiya dilində konret düşünülən məsələlər kimi baxılsa da, bunun nə dərəcədə real olduğunu söyləmək çətindir". Rusiyanın bölgəyə təzyiqinin olduğunu söyləyən Fazil Mustafanın sözlərinə görə, rəsmi Moskvanın Azərbaycandan nə istədiyini müəyyənləşdirmək çətindir.
Politoloq Vəfa Quluzadə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərini şərh edərkən deyib ki, 1994-cü ildə Budapeşt sammitindən sonra Rusiya çalışırdı ki, BMT rus qoşunlarını Qarabağa yerləşdirməsi üçün onlara mandat versin. O, Avropanın Azərbaycana böyük dəstək verəcəyini bildirib: "Avropanın Azərbaycanda böyük marağı var. Bağlı qapılar arxasında enerji məsələləri, Nabukko layihəsi müzakirə oluna bilər. Bunların hamısı real məsələlərdir və Azərbaycan da burada iştirak edəcək. Avropa isə Azərbaycana lazım olan dəstəyi verəcək. Lavrov çalışacaq ki, müxtəlif yollarla Azərbaycanı Gömrük İttifaqına cəlb etsin. Seçim artıq Bakınındır. Mənə elə gəlir ki, Azərbaycan Avropanı seçəcək, amma çalışacaq, Rusiyanı incidəcək yolla getməsin. Bura Avropa İttifaqına daxil olmamaq şərti də aiddir". Politoloq Putinin İlham Əliyevə təsir edə bilmədiyinə görə narahat olduğunu deyib: "Biz Rusiyanın vədlərinə çox öyrəşmişik. Bunlarla Bakını aldatmaq olmaz. Lavrov Bakıya dişini qıcayıb gəlir. Onlar bizi də, erməniləri də adam saymırlar. Məsələn, Putin Sərkisyanı Moskvaya çağırdı və sonra ondan bəyanat yaymasını tələb etdi. Sərkisyan isə başını əyib, Gömrük İttifaqına daxil olacaqlarını dedi. İndi istəyirlər ki, İlham Əliyevlə də belə olsun. Amma bunu da edə bilmədiklərinə görə çox narahatdırlar. Mən əminəm ki, Lavrovun səfərindən sonra müxtəlif bəyanatlar olacaq, amma məsələlər həll olunmayacaq".
Vəfa Quluzadə Lavrovun İrəvana getməsinin oyun olduğunu da söyləyib: "Lavrovun İrəvana getməsi də bir oyundur. Onlar sadəcə Sərkisyanı Moskvaya dəvət edib deyə də bilərdilər ki, Qarabağda 1-2 rayonumuzu boşaltsınlar. Amma bunu etməklə bizim suverenliyimizi əlimizdən ala bilməzlər. Tutaq ki, iki rayon boşaldı. Bəs ondan sonra nə olacaq? Rusiya bu məsələnin həllindən sonra yenidən öz qoşunlarını Azərbaycana qaytarmaq istəyir. 1994-cü ildə Budapeşt sammitindən sonra Rusiya çalışırdı ki, BMT rus qoşunlarının Qarabağa yerləşdirməsi üçün onlara mandat versin. İndi Lavrov deyəcək ki, gəlin, sizin rayonları boşaldaq, amma ora rus qoşunları sülhməramlı kimi gətirilsin. Biz də o sülhməramlıların nə olduğunu artıq Abxaziyada, Osetiyada görmüşük. Buna isə iqtidar heç vaxt razı olmamalıdır".
Politoloq Ramiz Alıyev isə dedi ki, Lavrovun Azərbaycana səfərinin erməni mediasında narahatlıqla qarşılanması təbiidir: "Ermənistan hər zaman qısqanc və məkrli siyasət ampulasına sadiqdir Lavrovun ölkəmizə səfərinin Ermənistanı narahat etməsi ondan irəli gəlir ki, Ermənistan hal hazırda heç də yaxşı vəziyyətdə deyil. Ona görə də bütün səfərlərdən, görüşlərdən narahatlıq keçirir. Ermənistan ictimayyəti də artıq tam əmin olub ki, Ermənistan bütün dövlətlər tərəfindən arzuolunmaz ölkəyə çevrilir. Eyni zamanda Ermənistanda iqtisadi gərginlik, Azərbaycanın isə gücünün günü gündən artması, dünyada nüfuzunun daha da yüksəlməsi buna əsas verən məqamlardan biridir" Onun fikrincə, Rusiyanın XİN rəhbəri Bakıya ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması və qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi üçün gəlib: "Ona görə ki, Rusiya ilə Azərbaycan hər zaman müxtəlif sahəler üzrə qarşılıqlı əməkdaşlıq ediblər və bu gün də bu əməkdaşlıq davam edir. Azərbaycan hazırda elə bir gücə və nüfuza malikdir ki, onunla heç bir ölkə əmrlə danışa, şərt qoya bilməz. O ki qaldı ölkəmizin hansısa ittifaqa üzv olması bu təbii ki, ölkəmizin maraq və mənafeyine bağlı olan msələdir".

Əli