“Fransa merlərinə xəbərdarlıq edilib“ Siyasət

“Fransa merlərinə xəbərdarlıq edilib“

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alen Rafanın "Report"un Qərbi Avropa bürosuna müsahibəsini oxucularımıza təqdim edirik

- Yaxın günlərdə Azərbaycan və Fransa deputatlarının qarşılıqlı səfərləri gözlənilirmi?
- Fransa Milli Assambleyasında deputatların xarici ölkələrə rəsmi səfərləri səsvermə yolu ilə müəyyənləşdirilir və illik kvota ayrılır. Mənim rəhbəri olduğum Fransa-Azərbaycan dostluq qrupunun Bakıya səfəri 2019-cu ilə nəzərdə tutulub. Fransa Milli Assambleyası azərbaycanlı həmkarlarımızı isə 2020-2021-ci illərdə Parisə rəsmi səfərə dəvət etməyi planlaşdırır. Bunlar Fransa Milli Assambleyasının rəsmi icazəsi ilə həyata keçirilən səfərlərdir. Ancaq bununla belə, Fransa Milli Assambleyası üzvlərinin deputat kimi xarici ölkələrə rəsmi səfərlər etməsinə qadağa qoymur. Mən ötən ilin noyabr ayında Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri kimi Azərbaycanda səfərdə olmuşam.
Bu il mayın sonu, iyunun əvvəllərində Fransa-Azərbaycan dostluq qrupunun üzvü olan bir neçə deputatın Azərbaycana səfəri planlaşdırılır. Bu səfər zamanı Fransada Azərbaycan həqiqətlərinin yayılması üçün ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutulan birgə layihələr müzakirə olunacaq.
- Sizcə, Fransada Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbi nədir?
- Təbii ki, bu ilk növbədə, fransalıların Azərbaycanı yaxşı tanımamasından qaynaqlanır. Düzdür, Azərbaycan haqqında müəyyən qədər eşidiblər. Amma Fransa mətbuatında Azərbaycanla bağlı kifayət qədər məqalə dərc edilmir. Fransada yaşayan ermənilərin heç də hamısı deyil, erməni diaspor təşkilatları çox mütəşəkkil şəkildə fəaliyyət göstərir və Azərbaycanın imicinə xələl yetirən yalan məlumatlar yaymaqla məşğuldurlar. Fransa-Azərbaycan dostluq qrupunun məqsədi də bunun qarşısını almaq üçün zəruri tədbirlər görməkdir. Biz fransalılara Azərbaycanın əsrarəngiz bir ölkə olduğunu və azərbaycanlıların Fransanı çox sevdiyini nümayiş etdirmək istəyirik. Mən Azərbaycanda olarkən şəxsən özüm bunun şahidi olmuşam. Ona görə də Azərbaycanla Fransa xalqları arasında əlaqələrin daha da gücləndirilməsi üçün mədəniyyət sahəsində proqramların sayını artıracağıq. Çünki iki ölkənin və xalqın bölüşdüyü dəyərlər kifayət qədərdir. Fransa Azərbaycanla əməkdaşlığı gücləndirməyə çox böyük maraq göstərir. Əsas məqsədim layihələrimizin uzunmüddətli olmasını təmin etməkdir. Bu layihələr əsasında iki ölkə və iki xalq arasında möhkəm təmələ əsaslanan əməkdaşlıq qurulmalıdır. Biz xeyli sayda xoşməramlı səfirlər təyin etməyi planlaşdırırıq. Bununla da Fransanın hər yerində Azərbaycan haqqında danışılmasını və insanların düzgün məlumatlandırılmasını istəyirik. Bu yolla da Fransada Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrin əks təbliğatının qarşısını ala biləcəyik.
- Bəs necə oldu ki, Fransa-Azərbaycan dostluq qrupunun üzvü olmaq qərarına gəldiniz?
- Bir neçə il əvvəl Azərbaycanı elə də yaxşı tanımırdım. 2015-ci ildə Bakıda I Avropa Oyunları keçirildi. Mən 20 ildən artıqdır ki, taekvando ilə məşğulam. Həmin oyunlar zamanı xeyli sayda dost-tanışım - idmançı, yaxud Beynǝlxalq Fotoqraf Sǝnǝti Federasiyasının (FİAP) üzvü qismində Bakıdakı yarışlara qatıldılar. Onlar Azərbaycandan qayıtdıqdan sonra ölkəniz haqqında ağızdolusu danışırdılar və yenidən Bakıya getmək istədiklərini deyirdilər. Onlar Azərbaycanda çox yaxşı qarşılandıqlarını böyük məmnunluqla qeyd edirdilər. Həmin vaxt azərbaycanlı taekvondoçu I Avropa Oyunlarının qızıl mükafatçısı olmuşdu. Mən öz-özümə fikirləşdim ki, nə üçün Azərbaycanla indiyədək maraqlanmamışam? Bundan sonra ölkənizlə maraqlanmağa başladım. Mənə Fransa Milli Assambleyasında eyni zamanda iki ölkə - Kot-dİvuar və Azərbaycanla dostluq qrupunun rəhbəri olmaq təklif olunmuşdu. Mən Azərbaycan haqqında dostlarımdan yüksək fikirlər eşitdiyimdən ölkənizi seçdim. Dostluq qrupunun rəhbərinin Fransanın hakim "İrəliləyən Respublika" (La République En Marche) Partiyasının nümayəndələrindən biri olacağı isə əvvəlcədən verilmiş qərar idi. Mən də bu siyasi təşkilatın üzvü olduğumdan qrupun rəhbəri seçilə bildim.
- Bu qərarı verərkən Fransadakı erməni diasporunun təzyiqi ilə üzləşdinizmi?
- Əvvəllər mənim bundan xəbərim yox idi. Amma xəbərim olsaydı belə məni qorxuda bilməzdi. Biz fransalılar dünyada sülhün bərqərar olmasına çalışırıq. Təəssüflər olsun ki, Azərbaycana hücumlar məhz mənim ölkəmdə - Fransada baş verir. Mən öz vəzifəmi layiqincə yerinə yetirmək və Fransada Azərbaycanın imicinin yüksəlməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çünki hazırda bu mənim vəzifəmdir.
- Fransadakı erməni diaposru zaman-zaman Azərbaycana qarşı təxribatlar törədir. Fransanın bir sıra şəhərləri Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki separatçlarla dostluq xartiyaları imzalayıblar. Bu sənədlər qanuni xarakter daşıyırmı? Ümumiyyətlə, belə təxribat xaraketli addımlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqeyinə xələl gətirmirmi?
- Əsla! Biz Fransanın neytrallığını şübhə altına qoya bilmərik. Fransanın prezidenti Emmanuel Makron bir neçə ay bundan əvvəl rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsi isə bağlı mövqeyinin dəyişmədiyini bir daha xatırlatdı. Bunlar, sadəcə, oyundan kənara çıxan, qaydaları pozan bəzi şəxslərin işidir. Məsələn, Fransanın bəzi şəhərlərinin merləri Azərbaycanın erməni işğalı altındakı ərazilərindəki separatçılarla qardaşlaşma haqqında müqavilə imzalayıblar. Lakin BMT, həmçinin Fransa tərəfindən müstəqilliyi tanınmamış ərazilərdəki separatçılarla bu cür sənədlərin imzalanması qadağandır. Ona görə də qardaşlaşma sözü dostluq xartiyası ilə əvəz olunur. Beləliklə, qanundan özlərinə sərf edən şəkildə yararlanırlar. Həmin merlərə qanunu pozmaları haqqında xəbərdarlıq edilib və ölkə qanunvericiliyinə riayət etməyə dəvət olunublar. Dostluq xartiyası qanuni olmasa da, qadağan da deyil. Ona görə də bu cür təxribatlara fikir vermək lazım deyil. Biz onların səviyyəsinə enmək istəmirik bu baxımdan, onlara məhəl qoymuruq. Bu cür təxribata yol verən yalnız bir neçə merdir. Bu cür xırda təxribatlara qarşı layiqli cavab tədbirləri hazırlayırıq. Bizim istədiyimiz daha böyük işlərə imza atmaqdır. Fransanın bir sıra şəhərləri Azərbaycan şəhərləri ilə dostluq xartiyaları imzalayıblar. Bizim istəyimiz Azərbaycan və Fransa şəhərlərinin rəsmi şəkildə qardaşlaşmasıdır. Artıq Bordo, Kolmar kimi şəhərlər Azərbaycan şəhərləri ilə qardaşlaşıblar.
- Fransa-Azərbaycan dostluq qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında rolu nədən ibarətdir?
- Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində əks olunan mövqe ilə eynidir. Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir, təbii ki, buna da nail olmaq uzun müddət tələb edir. Ötən ilin noyabrında Azərbaycana səfərim zamanı Milli Məclisin sədri Oqtay Əsədovla da bu məsələni müzakirə etmişik və həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin vacibliyi bir daha vurğulanıb.
Fransa Azərbaycanla əlaqələri möhkəmləndirməyə çalışır. Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın sonunda Azərbaycana səfər edəcək. Fransanın XİN başçısı səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək. Görüşlərdə, əsasən, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunacaq.
Bunda əlavə, Fransa prezidenti Emmanuel Makronun da bu il Azərbaycana səfərini təşkil etməyə çalışırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Fransaya rəsmi səfər edəcəyi gözlənilir. Hazırda hər iki tərəf də bu səfərlərin baş tutmasında maraqlıdır.
Azərbaycan və Fransa prezidentləri, xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun digər üzvləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparırlar. Bizim rolumuz isə prezidentlərimizin bir-biri ilə yaxşı anlaşa bilmələrinə çalışmaqdır.
Biz digər məsələlər, habelə mədəniyyət sahəsində əməkdaşlıq, o cümlədən parlamentlərmiz arasında körpünün yaradılması ilə məşğuluq. Biz bu əlaqələri nə qədər çox gücləndirsək, çoxlu sayda insan bundan danışacaq və son nəticədə hər şeyin yaxşı olduğunu görən mətbuatın başqa seçimi qalmayacaq. Bizim istədiyimiz həm də iki ölkə mədəniyyətinin yaxınlaşmasıdır. Məsələn, Bakıda Paris məhəlləsi, Bakı Fransız Liseyi, Fransanın keçmiş prezidenti Şarl de Qolun xatirə lövhəsi var. Şarl de Qolun Bakıda dostları var idi və hər dəfə Azərbaycana səfər edərkən eyni yerdə qalırmış. Bu bina Qız Qalasının lap yaxınlığında yerləşir. Bu da ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olmasının bariz nümunəsidir. Bizim istədiyimiz bu tarixi tanıtdırmaqdır. Fransa xalqının Şarl de Qola və Azərbaycan xalqının Heydər Əliyevə olan bağlılığı bir-birinə çox bənzəyir. Biz belə məsələlərdən danışdıqca dostluğumuz möhkəmlənir. İki xalq arasında dostluğu möhkəmləndirmək vəzifəsi mənim üzərimə düşür.
- Siz Fransada gənclərə, xüsusilə kasıb məhəllələrdə yaşayan gənclərə dəstək verirsiniz. Ancaq təmsilçisi olduğunuz partiya, əksinə, iqtidara gəldikdən sonra sosial imtiyazları azaltmaqdadır. Hakim partiyanın yürütdüyü siyasətlə fəaliyyətiniz arasındakı ziddiyyəti necə izah edərdiniz?
- Bu, mənim siyasətdə ilk addımımdır. Mən Emmanuel Makronun partiyasını seçmişəm, çünki Fransa prezidenti gənclərlə bağlı sosial siyasətin gücləndirilməsinin tərəfdarıdır. Bizim istədiyimiz Fransanın bütün var-dövlətini səfərbər edərək gənc sahibkarlara yardım göstərməkdir. Çünki Fransada vergi çox yüksəkdir. Bu səbəbdən də varlı təbəqə Fransanı tərk etməyə meyil göstərir. Emmanuel Makronun yürütdüyü siyasətə əsasən, var-dövləti çox olan insanların gəncləri dəstəkləmək və təhsilin inkişafına yardım göstərmək üçün məsuliyyətləri də artıq olmalıdır. Artıq kasıb məhəllələrdə yerləşən məktəblərdə yeni üsulu tətbiq etməyə başlamışıq. Bu qaydaya əsasən, siniflər iki hissəyə bölünüb. Bu da o dəməkdir ki, həmin məktəblərdə 24 deyil, hər 12 şagirdə bir müəllim düşür. Beləliklə, kasıb məhəllələrdə yaşayan uşaqlara daha artıq diqqət göstərilir. Bundan əlavə, gənc kadrları işə götürərkən kasıb məhəllədə yaşayanların namizədliyini seçən müəssisələrə pul mükafatlarının verilməsi də nəzərdə tutulur. Bu gənclərə münasibətdə onların mənzillə təmin olunması, sosial təhlükəsizliyinin yüksək səviyyədə qorunması üçün məqsədyönlü siyasət həyata keçirilir. Lakin ölkə mətbuatı bütün bunları işıqlandırmır.
- Bununla belə, Fransa hökuməti son bir ildə sosial imtiyazları, xüsusilə işsizlərə ödənilən müavinətləri azaldıb…
- Bu, heç də belə deyil. Əksinə, biz gənclərin, xüsusilə işsiz gənclər ilə işləyən assosiasiyaların fəaliyyətini genişləndiririk. Bu istiqamətdə hazırda çoxsaylı deputatımız fəaliyyət göstərir və həqiqi sosial siyasət həyata keçirilir. Lakin bu barədə çox az danışılır. Bir neçə həftə bundan əvvəl "Sığınacaq və immiqrasiya haqqında" qanun qəbul edilib. Yeni qanuna əsasən, sığınacaq üçün müraciət edənlərin işlərinə baxılmasının tezləşdirilməsi məqsədilə onlara yardım göstərmək üçün yeni iş yerləri yaradılır. Bundan başqa, onlara fransız dilini öyrətmək üçün xüsusi proqramların işlənib hazırlanması, tətbiq edilməsi və bu zaman yeni iş yerlərinin yaradılması da nəzərdə tutulur.
- Sizcə, Fransa mətbuatı bütün bunları niyə işıqlandırmır?
- Çünki bu cür informasiyalar satılmır.
- Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyidir…
- Azərbaycanda qadınlara seçki hüququ ötən əsrin əvvəllərində məhz Xalq Cümhuriyyəti dövründə verildiyi halda, Fransada qadınlara bu hüquq çox sonralar - 1944-cü ildə verilib. Ancaq təəssüflər olsun ki, bu dünyəvi respublika Fransada az tanınır. Məqsədimiz Azərbaycan Xalq Cümhuriyyətini Fransada daha yaxından tanıtdırmaqdır.
Bu gün Azərbaycan Respublikası dünyəvi dövlətin əsl modelini yaratmağa nail olub. Müxtəlif dinə, etnik mənşəyə məxsus insanlar bir-birlərinə qarşılıqlı surətdə yardım edirlər. Biz isə Fransada buna nail ola bilmirik. Sülhü məhz bu cür əldə etmək olur.