18:19
532
Moldova Prezidenti Maya Sandunun Avropa Şurası Parlament Assmbleyasında çıxışı zamanı Gürcüstanla bağlı səsləndirdiyi bəyanat Tbilisidə narazılıqla qarşılanıb.
APA-nın yerli bürosu xəbər verir ki, Sandu çıxışında Rusiyanın müharibə qorxusunu alət kimi istifadə edərək Gürcüstanı öz orbitinə qaytardığını bildirib.
Moldova liderinin səsləndirdiyi fikirlərə münasibət bildirən Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski deyib ki, Maya Sandunun bəyanatları heç bir dəyər kəsb etmir.
“Sandunun öz ölkəsində dəstəyi yoxdur, siyasi vəziyyət isə olduqca ağırdır. Ağlasığmaz miqyaslı korrupsiya Moldovanı içəridən dağıdır. Moldovada mövcud yoxsulluq səviyyəsi ölkədə iqtisadi vəziyyətin nə vaxtsa yaxşılaşacağına ümid vermir. Belə bir vəziyyətdə Sandu bizim ünvanımıza ədəbsiz bəyanatlar səsləndirməyə vaxt tapır”, - vitse-spiker əlavə edib.
Digər vitse-spiker Nino Tsilosani isə öz növbəsində bildirib ki, Maya Sandu Gürcüstanı tənqid etmək üçün imkanı heç zaman əldən vermir.
“Sandu öz dövlətini ləğv edib Rumıniyaya birləşdirəcəyini açıq şəkildə bəyan edə bilən bir ölkənin prezidentidir. Hamıya onun hansı ideoloji orbitdə olduğu yaxşı məlumdur. Biz onun tənqidini qəbul edə bilmərik, belə ki, tənqidləri legitim deyil”, - Tsilosani deyib.